İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana terror təhdidi: “Səni onun taleyi gözləyir...”

Erməni mediası Paşinyanın öldürüləcəyindən yazır

Erməni mediası baş nazir Nikol Paşinyanın Filippinin sabiq prezidenti Rodriqo Dutertenin taleyini yaşayacağını yazıb.

“Duterte 6 il Filippinin prezidenti postunu tutaraq 3 minə yaxın insanın qətlinə səbəb olub, buna görə nə ölkə xalqı, nə də yeni hakimiyyət onu bağışlayıb, beynəlxalq ədalətə təhvil verib. Eyni aqibət 7 ildir hakimiyyətdə olan Nikol Paşinyanı da gözləyir. Paşinyan da ədalətlə üzləşəcək - beynəlxalq, yoxsa milli, bu başqa məsələdir”, - “Hraparak” nəşrinin müəllifi Avetis Babacanyan qeyd edib.

Avetis Berberyan

Avetis Babacanyan 

Onun sözlərinə görə, düzdür, Filippində insanlar yerli polisin xüsusi təyinatlıları, “ölüm dəstələri” tərəfindən öldürülüb, Ermənistan isə “düşmənin başlatdığı müharibə nəticəsində” minlərlə itki verib: “Halbuki hökumət özü onu təhrik etməsəydi, daha çevik və ehtiyatlı xarici siyasət yeritsəydi, müharibənin qarşısını almaq olardı. Bununla belə, hər iki halda biz öz səlahiyyətlərindən sui-istifadə edərək, cəmiyyətin şərinə sərf etmək nəticəsində minlərlə insan tələfatına səbəb olan, lakin oxşarlıq bununla bitən bəlalarla ölkənin başında dayanırıq”.

Məqalədə daha son deyilir: “Nikol Paşinyanın hakimiyyətinin qurbanları hərbçilər - çağırışçılar, zabitlər, müqaviləli əsgərlər, könüllülər və mülki şəxslər olub. Paşinyan ordunu darmadağın edərək, Ermənistana qarşı mütəşəkkil kampaniya apararaq, danışıqlardan imtina etməklə...  genişmiqyaslı müharibəyə səbəb olub. Nəticədə Ermənistan nəinki minlərlə itki verdi, həm də ərazi itkiləri verdi, Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşdü, artsaxı itirdi. Paşinyan Ermənistanın müttəfiqlərini dəyişir, Rusiya və Belarusla düşmənçilik edir, Ermənistanı Türkiyə və Azərbaycana doğru aparır. O, Rusiya prezidentini şəxsən təhqir etməyib, lakin o, Putinin Ermənistana gələrkən həbsinə sanksiya verməli olduğu iddia edilən BCM-in nizamnaməsini imzalayıb”.

Bu tənqid və ittihamlarda nə qədər həqiqət payı var? Paşinyanın mövqeyi təhrikedici olmasaydı, müharibə başlamaya bilərdimi və Qarabağ hələ də işğal altında qalacaqdımı? Nikol Rusiyadan uzaqlaşma xəttini tutub Türkiyə və Azərbaycanla yaxınlaşma kursunu götürməklə öz xalqına pislik edibmi?

Abutalıb Səmədov: Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində yüksək  diqqət və qayğı göstərilir

 Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsinin başlanmasında Nikol Paşinyanın təhrikedici hərəkətləri müəyyən qədər rol oynadı: "Onun verdiyi bəyanatlar, tutduğu mövqe, davranışları sonda Ermənistanın məğlubiyyətinə gətirdi. Ən əsası Paşinyan bir şeyi anlamaq istəmədi ki, müstəqillik dövründə Azərbaycan torpaqlarının işğal olunmasında həlledici rolu Ermənistan yox, Rusiya oynayıb. Bunu anlamamağı son nəticədə Ermənistanın ağır məğlubiyyətinə gətirib çıxardı. Azərbaycan İkinci Qarabağ müharibəsinə tam hazırlıqlı gəldi, Ermənistanın Tovuz təxribatına tam gücü ilə cavab verməyərək bir az da erməniləri arxayınlaşdırdı və düzgün məqam seçərək əks-hücumu sentyabrın sonlarında başladı. Ancaq bununla belə, etiraf eləmək lazımdır ki, Nikol Paşinyan sonrakı dövrdə bölgə və Ermənistan üçün müsbət addımlar da atdı. Parisdə imzalanan sənəd, Azərbaycanın ərazi bütövlüyünün və suverenlyinin qəbul olunması bu istiqamətdə çox mühüm addım oldu. Sonradan Azərbaycanın antiterror əməliyyatı keçirməsi  və ondan sonra ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsi zamanı da Paşinyan müəyyən mənada ədalətli və düzgün mövqe tutmağa cəhd göstərdi, açıq şəkildə dedi ki, ermənilərə qarşı heç bir zorakılıq tətbiq edilməyib. Bu gün də Ermənistan üçün, bölgəmiz üçün əhəmiyyətli olan düzgün addımlar atır, düzgün bəyanatlar verir və indiyə qədər heç bir erməni siyasətçisinin dilə gətirməyə cəsarət etmədiyi həqiqətləri  söyləyir. "İstiqlal bəyannaməsi Ermənistan dövlətçiliyinə xidmət emir, dəyişdirilməlidir" deyir. O, Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağa cəhdlər göstərir, Rusiyadan uzaqlaşır. Bu addımlar son nəticədə onun üçün çox ciddi problemlər də yarada bilər və bu ehtimal çoxdur".

Ekspertin sözlərinə görə, hadisələr göstərir ki, nə Avropa, nə ABŞ yaxın dövrdə Cənubi Qafqazda aparıcı mövqe tuta bilməyəcəklər. ABŞ ən azı buna cəhd etmir, Avropanın da o gücü yoxdur. Bu səbəbdən Nikol Paşinyanın indiyə qədər atdığı addımlar ona çox ciddi problemlər yarada bilər və müəyyən peşmançılıq məqamları da hərdən hiss olunur: “Gələcəkdə onun məhkəmə qarşısında duracağına inanmıram. Ermənistan parlamentli respublikadır, Paşinyanın rəhbərlik elədiyi partiya kifayət qədər güclüdür və Paşinyan da hələ uzun müddət, çox güman ki, Ermənistan siyasətində qalmaqda davam edəcək. Əgər Sərkisyan və Köçəryan kimi cinayətkarlar Ermənistanda məhkəmə qarşısında durub cəza almadılarsa, Nikol Paşinyanın da belə bir aqibət yaşayacağı ehtimalı yoxdur. Paşinyan yeritdiyi siyasətlə, atdığı addımlarla öz xalqına yaxşılıq, yaxud pislik edib, bu sualın cavabı yəqin ki, gələcəkdə veriləcək. Ancaq bu gün görünən odur ki, öz xalqı üçün çalışır, erməniləri yanlış addımlardan çəkindirməyə cəhd göstərir, ənənəvi siyasətin, mövqeyin Ermənistanı fəlakətə aparacağını ermənilərə başa salmaq istəyir. Təəssüf ki, başa düşənlər o qədər çox deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR