Onlayn ictimai-siyasi qəzet
İran Ənsar Allah hərəkatının Yəməndəki husi üsyançılarına yardım etdiyinə görə cavab verəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pik Hesqset X hesabında yazıb.
O, İrana xüsusi mesaj verib: “İrana mesaj: Husilərə öldürücü dəstəyinizi görürük. Biz sizin nə etdiyinizi dəqiq bilirik. Siz ABŞ ordusunun nəyə qadir olduğunu yaxşı bilirsiniz - və hesab edin ki, sizə xəbərdarlıq olundu. Seçdiyimiz vaxt və yerdə sizin üçün nəticələr olacaq".
Qeyd edək ki, Martın 15-də Birləşmiş Ştatlar Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır. Buna cavab olaraq “Ənsar Allah” Qırmızı dənizin şimalında ABŞ-ın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinə raket və dronlarla müntəzəm olaraq hücum edir.
Hərbi Dəniz Qüvvələri bazar günü bildirib ki, USS Harry S. Truman gəmisində olan F/A-18E döyüş təyyarəsi gəmi manevr edərkən Qırmızı dənizə düşüb. Bir nəfər yaralanıb. Daha sonra CNN mənbəyə istinadən xəbər verib ki, hadisə husilərin hücumu nəticəsində baş verib. Telekanalın mənbəsinin bildirdiyinə görə, dəyəri 60 milyon dollar olan qırıcı təyyarə gəmi hücumdan yayınmaq üçün kəskin manevr etməli olduğu üçün dənizə düşüb.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ