İnsanlara hürriyət, millətlərə istiqlal!

Postsovet ölkələrinə qorxunc hədə - siyahıda Azərbaycan da var!

Moskvanın ətrafına təhdidləri səngimir - son bir ayda azı üç dövlətə dil uzadıb; Duqin Putinin sözünü deyir?

Rusiya rəsmiləri Kurskun Ukrayna “işğalı”ndan azad edilməsinə görə koreyalılara minnətdarlıq ediblər. Aydındır ki, ehtiyac olmasaydı, Vladimir Putin “top əti” üçün Şimali Koreya diktatoruna ağız açmazdı. Belə çıxır, səfərbərlik işində gerçəkdən ciddi problem var.

Avrasiyaçı-filosof, ictimai-siyasi xadim Aleksandr Duqin isə hesab edir ki, Rusiya “koreyalılar tükənənə qədər” tam səfərbərlik elan etməlidir. “Biz çoxlu yeni döyüşçülər dünyaya gətirməli, 40 illik müharibələrə hazırlaşmalıyıq”, - Duqin bildirib.

Onun sözlərinə görə, cəmiyyət həlli vacib problemlərə xüsusi diqqət yetirməlidir, çünki: “Yaxın 40-60 ildə Rusiya müharibə aparacaq. Belə müharibələrə hazırlaşmalıyıq! Ona görə yeni döyüşçülər və onların analarını dünyaya gətirmək lazımdır. Odur ki, xahiş edirəm, Rusiyada doğum səviyyəsini artırmaq üçün mübarizə kəskin şəkildə sürətləndirilsin. Qarşıdakı aylarda ümumi səfərbərlik barədə düşünün”.

Duqin sıradan biri deyil. Onun qızğın “velikorus” ideoloqlarından və Kremldə sözü keçən şəxslərdən olduğu da məlumdur.  Rusiyanın “qardaş və dindaş” Ukraynanın başına açdığı oyunlar, davam etdirdiyi işğalçılıq fonunda bu açıqlama xüsusi önəm kəsb edir. 

Bu arada Rusiya qonşu Estoniyanı hədələyib. Belə ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniya hakimiyyətini Ukraynanın genişmiqyaslı işğalından “nəticə çıxarmağa” çağırıb. Bu barədə Zaxarova Estoniyada mayın 5-dən 23-dək keçiriləcək ən böyük beynəlxalq hərbi təlimləri şərh edərkən deyib.

Bir qədər əvvəl isə Zaxarovanın müdiri Sergey Lavrov Qazaxıstana dil uzatmışdı.

Göründüyü kimi, Moskvadan postsovet ölkələrinə təhdidlər səngimir. Bu baxımdan biz hansı nəticələr çıxarmalıyıq? Ukraynada atəşkəs əldə edildikdən sonrakı Rusiya necə olacaq? Moskva Estoniyanı hədələməklə qane olmayıb ona hücum edə bilərmi? Nəzərə alaq ki, bu Baltikyanı dövlət NATO üzvüdür, o halda, Rusiya NATO-ya hücum etmiş olacaq.

Bəs Rusiya 40-60 il kiminlə vuruşmağa hazırlaşır? Duqin Putinin sözünümü deyir?

Yeri gəlmişkən, ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, Putinin məqsədi təkcə Ukrayna ilə məhdudlaşmır, onun planları daha geniş coğrafiyanı əhatə edir: “Putin Rusiya imperiyasını bərpa etmək istəyir. Bu, təkcə Ukrayna deyil - Baltikyanı ölkələr, Belarus, Cənubi Qafqaz və Orta Asiya respublikaları da bu məqsədin tərkib hissəsidir. Belarus artıq faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Azərbaycan, Gürcüstan, Ermənistan da eyni təsir dairəsindədir. O, bu ölkələri Rusiyanın tarixi imperiyasının bir parçası kimi görür”.

Bolton əlavə edib ki, Rusiya Ukraynada müvəqqəti atəşkəsə razılaşsa belə, bu yalnız qısamüddətli olacaq: “Kreml yeni qüvvələr topladıqdan, ordusunu bərpa etdikdən və texniki imkanlarını gücləndirdikdən sonra hücumlara davam edəcək. Bu, Putinin uzunmüddətli strateji planıdır. Mən əmin deyiləm ki, Tramp bu böyük mənzərəni anlayır və ya başa düşsə belə, bu onun qərarlarına təsir edərmi...”

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam - Yeni Çağ

Qabil Hüseynli

“Rusiya təhlükədir. Bu faktor tarixin bütün dövrlərində nəzərə alınmalıdır” - “Yeni Müsavat”a professor Qabil Hüseynli belə şərh etdi. Onun sözlərinə görə, Rusiya imperialist maraqları olan dövlətdir, lakin SSRİ-dən də böyük deyil.

Professor hesab edir ki, burnu Ukraynada ovulan bu ölkənin əvvəlki gücü qalmayıb və hərbə-zorba ritorikasından kənara çıxmağa heyi yoxdur: “Rusiya bu müharubədən şil-küt vəziyyətdə çıxacaq. Son sanksiyalar onun qonşularına, MDB ölkələrinə ehtiyacını getdikcə artırır. Amma hər zaman ayıq-sayıq olmalı, Rusiya ilə münasibətlərdə ağıllı siyasət yürütməliyik. Necə ki Azərbaycan Prezidenti kifayət qədər praqmatik, erudisiyalı, soyuq ağılla bu siyasəti həyata keçirir. Fikrimcə, Rusiya ilə münasibətləri ən ideal şəkildə Azərbaycan qurub və heç bir postsovet ölkəsi bizim kimi bacarmayıb”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiyadan təhdidlər Kremlə dost qazandırmır: “Əgər qonşuya təzyiq edirsənsə, uzaqla dostluq edəcək. Rusiyanın problemi postsovet məkanına təzyiqlə, təhdidlə yanaşmasıdır. Ona görə Gürcüstan, Ermənistan, Moldova, ən nəhayət, Ukrayna ondan məsafə saxladı. İndi də Qazaxıstan təhdid edilir, Lavrov Özbəkistanda rus dilinə yaradılan şəraitin zəifliyindən şikayətlənir, ardınca da Estoniya hədələnir. Yəni Rusiya daim təzyiq etməklə çevrəsinə yanaşır. Bu da keçmiş sovet respublikaları üçün Qərbi cazibədar edir və bu qitəyə inteqrasiyaya can atırlar”.

Professorun fikrincə, Rusiya yaxşı heç nə vəd edə bilmədiyi üçün Qərbə inteqrasiya istəyən bu dövlətlərə hücum edir, separatizmi dəstəkləyir, işğala əl atır, hədə-qorxu gəlir: “Belə Rusiya nə özünə xeyir verəcək, nə region inkişaf edəcək. Çinə baxın, hərbi ekspansiyaya əl atmır, ətrafını təhdid etmir, halbuki böyük hərbi potensialı var, amma iqtisadi güc olmağı üstün tutur. Rusiya isə eskalasiya ilə cəzalandırmaq istəyir”.

Q.Hüseynli bununla belə, Rusiyanın hərbi doktrinadan iqtisadi doktrinaya keçidini qaçılmaz sayır, Ukrayna müharibəsinin onu buna məcbur edəcəyini proqnozlaşdırır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR