İnsanlara hürriyət, millətlərə istiqlal!

Depodakı zəhmətkeşlər

Yaxud Əhməd müəllimə qoyulan investisiya

Öncə dünya zəhmətkeşlərini 1 may - həmrəylik günü bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sovet vaxtı biz bu bayramı çox təntənəli şəkildə qeyd edirdik, guya zəhmətkeşlərə, əməyə kommunistlərin böyük hörməti var idi. Halbuki tam tərsinəydi. Müftəxorlar, bir ovuc partiya funksioneri eşşək boyda imperiyanın qanını sümürürdü, fəhlə-kəndlilərdən ibarət zəhmətkeşlər də it günündə yaşayırdı, əgər ona yaşamaq demək mümkün idisə. Bir də ziyalılar adlanan sinif var idi, onlar da əslində müftəxorlar qrupuna daxildi, Brejnevin, Leninin şəninə şeir-meir yazıb, saxta xalqlar dostluğundan, əməyin insanı ucaltmasından-zaddan mahnı guppuldadıb özləri üçün kef edirdilər.

Ancaq sonra zəhləmgetmişlər SSRİ-ni yıxdılar, zəhmətkeşlərin anası daha pis ağladı. İndi həmin fəhlə-kəndli sinfi üçün süni bayram belə qalmamışdır.

Ümumiyyətlə, elmi-texniki tərəqqi indiki templə getsə, yaxın 50-100 ildə zəhmətkeşlərə heç ehtiyac olmayacaqdır. Robotlar, süni intellekt varlıların qulluğunda duracaq, zəhmət də tamam aradan qalxacaq. Kommunizm ideoloqlarından, yanılmıramsa, Engelsin bir əsəri var idi, “Meymundan insanın əmələ gəlməsində əməyin rolu” adlanırdı (yazını bitirəndə dəqiqləşdirdim, həqiqətən onun əsəridir). Hazırda tərsinə, əməksizliyin insanı meymuna çevirməsi dövrünə qədəm qoyuruq. İşsizlikdən meymunlaşırıq. Bir qrup isə normal iş-gücü olmadığı üçün TikTok-da meymunluq edir. Keçək mövzumuza. O da elə zəhmətlə bağlıdır.

Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi (bu vəzifəni, idarənin adını yazanacan bütün sular kəsilir) Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmədə bildirmişdi: “Su təsərrüfatı sahəsində doğrudan da hər şeyin yüksək səviyyədə və obyektlərin tam istismara yararlı olduğunu deyə bilmərəm. Bu obyektlərin əksəriyyəti sovet dönəmində, 1970-80-ci illərdə tikilib”. Sitatın sonu.

Təsəvvür edin, bizə rəsmi şəkildə etiraf olunur ki, su-kanalizasiya sistemlərinə 40 ildir baxan yoxdur. Bəs o zaman ən azı 2 subaşının - Oqtay Əsədov ("Azərsu"nun müdiri olub) və Əhməd Əhmədzadənin (bu da rayonlarda suvarmaya baxıb) vəzifə yüksəlişi, el dilində yazsam, özlərini tutması nə ilə izah olunur? Belə çıxır, 40 ildir bizim hökumət suya deyil, Oqtay və Əhməd müəllimlərə investisiya qoymuşdur. Əks halda, biri Milli Məclisin spikerliyinə, o biri də baş nazirin köməkçisi statusuna nə üçün qalxmışdılar? İndi də fəxri təqaüdçü olmalıdırlar.

Yağış yağır, məlum olur ki, kanalizasiya sistemi köhnədir. Günəş çıxır, başımızı soxmağa kölgəlik tapmırıq, sən demə, ağaclar da keçmişdən qalmadır, quruyublar. Uşağa dərs keçilmir - məktəb köhnəymiş. Xəstələnib çezirik - səhiyyə Nuh əyyamından qalıbmış. Və sairə və ilaxır. Yeni heç nə yoxdur. Hətta kimisə qazamata basanda da deyirlər “Hmm, 37-ci ildir”. Məncə, bu, ümummilli partiyamızın adındakı “Yeni” sözünə xələl gətirir. Xalqımıza yeniliklər lazımdır.

Məsələn, metro idarəsi bunun yolunu düzgün müəyyən edibdir. Hər həftə paytaxt sakinləri yeniliklərlə sevindirilir. Bizə eskalatorun dişlərinin yağlandığı, deponun remontu, yaşıl xətdə qızarmalar və sairə haqda ətraflı informasiya çatdırılır.

Hərçənd şəxsən mənə bunların toz boyda faydası yoxdur. Depo tikilirsə, bundan sərnişinə nə? Sanki gecə orada qatar yox, biz gedib yatacağıq. Yaşıl xətt elə getdi, sarı belə gəldi, göy qurşağı oradan, Fatma nənə buradan... Guya sərnişinlərə çox lazımdır bunları bilmək. Ancaq əsas xalqın qulağını doldurmaqdır, tunel, stansiya qayırmasan da olar.

Dövlətçilik belə inkişaf edir.

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR