İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Netanyahunun səfərinə “hava” açdı

Azərbaycan diplomatiyasının növbəti uğuru

İsrailin baş naziri Benyamin Netanyahunun “Kanaf Zion” (“Sionun qanadı!) adlı rəsmi təyyarəsi gələn ay Azərbaycana gözlənilən səfəri zamanı Türkiyə hava məkanından istifadə edə biləcək. Bu barədə Minval.az saytı məlumat yayıb və xəbəri “Azerbaijani-Israeli Alliance Global News”a istinadən təqdim edib.

Cəmi bir neçə ay öncə - 2024-cü ilin noyabrında Türkiyə COP29 beynəlxalq iqlim sammitinə qatılmaq üçün İsrail Prezidenti İsxaq Hersoqun təyyarəsinə öz hava məkanından keçmək üçün icazə verməmişdi.

Lakin Netanyahunun səfəri üçün bu dəfə hava dəhlizinə yaşıl işıq yandırılıb və bu, Azərbaycanın diplomatik vasitəçilik fəaliyyətinin nəticəsi hesab olunur.

Bakı uzun illərdir həm Təl-Əviv, həm də Ankara ilə strateji əməkdaşlıq edir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayında Bakıda “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışında ilk dəfə olaraq iki il əvvəl Türkiyə ilə İsrail arasında yaşanan diplomatik böhran zamanı Azərbaycanın vasitəçi rolunu rəsmi şəkildə açıqladı.

“Biz bu missiyanı reklam etmədik, öyünmədik. Sadəcə olaraq, pərdəarxasında fəaliyyət göstərdik. Hədəfimiz iki dost ölkə arasında münasibətlərin bərpasına nail olmaq idi”, - deyə Prezident Əliyev qeyd edib.

Azərbaycanın vasitəçilik səylərindən biri də o oldu ki, bu il aprelin 9-da Türkiyə və İsrail rəsmiləri Azərbaycanda “Suriyada münaqişəsizlik” mexanizminin ilk texniki görüşünü keçirdi. İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür etdi. Bakıdakı bu görüş bölgədə gərginliyin azaldılması və diplomatik kanalların işə salınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirildi. Ölkəmiz bununla mühüm bir addım ataraq Türkiyə və İsrail arasında dialoq kanalı açdı.  

Tofiq Abbasov canlı efirdə Pənah Hüseyni döydü - Video

 Tofiq Abbasov 

Netanyahunun səfəri və bu səfər üçün açılan hava dəhlizi, görünən odur ki, regionda yeni diplomatik dinamikanın başlanğıc nöqtəsi ola bilər. Bu isə Bakı üçün əlavə diplomatik dividentlər və regional nüfuz deməkdir.  Politoloq Tofiq Abbasov məsələyə bu cür qiymət verir: “Azərbaycan tərəfi hər zaman diplomatik mühit yaratmaqda öncül mövqe tutur. Ərazi bütövlüyü və milli maraqlar istisna olmaqla, kompromis mədəniyyətinə açığıq. Biz deyirik ki, bir-birinizi dinləyin, anlaşın, ortaq məxrəcə gəlin. Azərbaycan göstərir ki, bölgədə aqressiyasız, rasional və nəticəyönümlü diplomatiya mümkündür”.

Tofiq Abbasov onu da qeyd edir ki, Azərbaycan diplomatiyası dünyaya yeni yanaşma modelini göstərir: “Bu, qütbləşmiş dünyada nadir görünən bir yanaşmadır. Bakı göstərir ki, üçüncü yol - dialoq və anlayış yolu - həm mümkündür, həm də effektivdir”.

Ekspertlər hesab edirlər ki, Netanyahunun Azərbaycana səfəri və bu səfər üçün Türkiyə tərəfindən hava dəhlizinin açılması təkcə texniki məsələ deyil - bu, geosiyasi siqnaldır. Azərbaycan bu siqnalın arxasında duran real gücdür. Enerji, təhlükəsizlik və diplomatiya üçbucağında Bakı artıq regionun əsas oyunçusuna çevrilməkdədir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR