Onlayn ictimai-siyasi qəzet
İyulun 10-da İstanbulda 15 Temmuz Dərnəyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə On5sıfır7 Film Həftəsinin açılışı olub.
Musavat.com xəbər verir ki, film həftəsində çevriliş, dirəniş və azadlıq mövzularında filmlər göstəriləcək.
Açılış mərasimində çıxış edən 15 Temmuz Dərnəyi sözçüsü Zekeriyya Erdem 2015-ci il iyulun 15-də Türkiyə dövlətinə qarşı çevrilişin millətin dirənişi ilə baş tutmadığını və bu mövzunun həm ədəbiyyatda, həm kinoda çeşidli yönlərdən işıqlandırılmasının vacib olduğunu bildirib:
"İşğal cəhdinin qarşısının alınması zamanı baş verənlər hər hansı sosial, siyasi qurumun təşkil etmədiyi, təbii olaraq yaranan sivil bir dirəniş dastanı idi ki, biz bu dastanı mütləq sənətə köçürərək gələcək nəsillərimizə ötürməliyik".
Azərbaycan rejissoru Elxan Cəfərov On5sıfır7 Film Həftəsinə fəxri qonaq kimi qatılıb. Rejissor açılış mərasimindəki çıxışında Türk Dövlətləri Birliyi çərçivəsində türk kinosunun türk dövlətlərində daha möhkəm bağlar qurmasının vacibliyindən danışıb: "Türkiyə 200-cü ilinin başlanğıcında türk sənət cameəsinin üzərinə böyük görəvlər düşür. Türk Dövlətləri Birliyinin üzvü kimi Azərbaycan tarixi köklərə dönüş, sovetlər dönəmində yasaqlanan milli kimlik, türk cümhuriyyətlərilə ortaq mirasın öyrənilməsi və gələcəyə daşınması mövzularına önəm verməkdədir. Çünki zaman bizim türk dövlətləri olaraq bir-birimizə daha möhkəm bağlanmağımızın milli və dövlət təhlükəsizliyimiz üçün açar olduğunu sübut edib. Türkiyə dövlətinə qarşı qurulan 15 iyul çevriliş cəhdi orduda, hakimiyyətdə, toplumda cümhuriyyət dəyərlərinə sahib çıxan, millətimizin heç zaman köləliyi qəbul etməyən nəfərlərinə görə baş tutmadı. Türk milləti qazi Mustafa Kamal Atatürkün vəsiyyətinə əməl edərək milli iradəni heç sayanlara fürsət verməyərək təkcə Türkiyə üçün deyil, həm də bütün türk dövlətləri və topluluqları üçün əvəzsiz bir örnək yaratdılar. Bu gün Turan yolunda irəliləməyimiz həm də bu örnək sayəsindədir".
Elxan Cəfərov bildirib ki, tarix qədər əngin olan türk coğrafiyasında keçmişdən günümüzə gəlib çatan mirası gələcəyə daşımanın ən gözəl yollarından biri kinodur və sənət aləmi üzərinə düşən missiyanı uğurla gerçəkləşdirmək üçün çağın bütün fürsətlərindən yararlanmalıdır.
Qırğızıstan rejissoru Sadık Şir-Niyaz film həftəsinə Kurnamcan Datka filmi ilə qatılıb. Açılış nitqində o, türk topluluqlarının bir-birini filmlər üzərindən anlatmasının vacib olduğunu deyib: "Biz bu gün övladlarımızdan – Azərbaycan, Özbəkistan, Başqırdıstan, Yakut gənclərimizə ən yaxşı aktyor kimdir soruşsaq, Ancelina Coli, Bred Pit cavabını alarıq. Fərabinin, Sinanın, Çingiz Aytmatovun məmləkətlərində bu gün övladlarımız bu oyunçuları bəyənir. Halbuki biz uşaqlığımızda Aytmatovlarla, Türkan Şoraylarla böyüdük. Bu səbəbdən sənət münasibətlərimizi daha da dərinləşdirməmizə çox ciddi şəkildə dərinləşdirməyə ehtiyac var".
İranı isə film həftəsində Güney Azərbaycandan olan rejissor Hüseyin Laleh Təbriz işğalından xatirələr filmi ilə təmsil edir. Film II Dünya savaşından sonra 1945-46-cı illərdə sovet qoşunlarının Təbrizi mühasirədə saxlamasından bəhs edir. Açılış mərasimindəki çıxışında Hüseyin Laleh tarixdən dərs çıxarmaq üçün filmlər vasitəsilə tarix yaddaşının diri tutulmasının vacibliyini vurğulayıb: "Tarix boyu sağlam düşüncəli insanlar çevrilişə dəstək verməyiblər və çevriliş cəhdinin ilk qurbanları çevrilişi həyata keçirənlərin özləri olub. Çağdaş dünya bu gerçəyi heç zaman unutmamalıdır".
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ