Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Cozef Baydenin oğlu Hanteri əfv etməsi dünya miqyasında əks-səda doğurub.
Bir çoxları bunu demokratiyaya, ABŞ Femidasına zərbə kimi qiymətləndirir və bu hərəkəti ABŞ-ni aparıb Şərq tiraniyalarının cərgəsinə qoyduğunu bildirirlər.
Gerçəkdən də hər gün minlərlə insanın daha yüngül cinayətlər törətməkdə mühakimə olunaraq həbsxanaya göndərildiyi ölkədə prezidentin oğlu qanunların fövqündə qalır, qanunsuz əməllərinə rəğmən cəza almır və bu, dünyaya demokratiya və qanunçuluq dərsi keçən ABŞ-də baş verir.
Ydın məsələdir, Bayden bu addımı ona görə indi, səlahiyyət müddətinin bitməsinə 1 ay 18 gün qalmış atıb ki, xələfi Trampın belə bir “humanist” addım atacağını gözləmir, əksinə, düşünür ki, yeni prezident uşağın işini daha da ağırlaşdırardı.
O, müvafiq əfv sərəncamının qanunlara, etikaya zidd olduğunu anladığı üçün xalq qarısında izahat verib, oğlunun şərləndiyini bildirir, onu günahsız elan edir, deyir, onu mənə görə təqib ediblər, mənim oğlum olmasaydı, toxunmazdılar.
Əslində isə Hanter Bayden prezident Cozef Baydenin oğlu olmasaydı, hələ çoxdan içəridə olardı.
Çünki ona qarşı vergidən yayınma ilə bağlı cinayət işi açılmışdı və bu, ABŞ-də ağır cinayətlərdən biri sayılər. Qanunsuz odlu silahların alınması və saxlanması isə o qədər də ağır cinayət deyil, ABŞ-də az qala hamının qanuni və qanunsuz silahı var.
Hər halda Baydenin bu qərarı öz partiyasının üzvlərinin də təqdirinə səbəb olmayıb, onlar bunu Demokratlar partiyasının ölkədəki nüfuzuna zərbə hesab edirlər. Hətta Baydenə nisbətən sadiq olan mediada da əfv xəbəri böyük səs-küyə səbəb olub. Jurnalistlər xatırladıblar ki, Bayden bütün prezidentliyi dövründə ədalət məsələlərinə qarışmayacağına söz verdiyi halda, oğluni ədalət mühakiməsinin verdiktindən xilas edib.
Hanterin aqibəti ilə bağlı yekun qərar dekabrın 12-də elan edilməli imiş. Dörd gündən sonra onun barəsində vergi pozuntusu işi üzrə hökm çıxarılacaq və o, bir sadə səbəbdən bəraət qazana bilməyəcəkdi. Çünki özü 9 maddə üzrə ittihamları etiraf edib və onun haqqındakı hökmü hakim yox, münsiflər heyəti çıxaracaqdı.
Hələ bu ilin ortalarında prezident Bayden reytinq əmsalı etibarilə rəqibi Trampa ciddi şəkildə uduzmasına baxmayaraq, öz partiyasından prezidentliyə namizəd olmaq üçün dirəşdiyi vaxt, bir çoxları iddia edirdilər ki, onun başqa variantı yoxdur, yenidən prezident seçilməsə, oğlu türməyə gedəcək.
Belə çıxır ki, deyilənlər düz imiş, Bayden sırf ailə maraqları üçün yenidən dünya hegemonu olan dövlətin başında qalmaq fikrindəymiş.
Hanterin əfv olunması təkcə ABŞ tarixində yox, ümumiyyətlə, dünyada son dərəcə nadir hal sayılır. Ona görə ki, əfv sərəncamı məhkumun öz cəzasını çəkməyə başlamasından əvvəl verilib. Belə bir düsturdan yalnız bir dəfə ABŞ-nin 38-ci prezidenti Cerald Ford istifadə edib. O, 1973-74-cü illərdə 40-cı vitse-prezident olub, Riçard Niksonun istefasından sonra prezident kürsüsümə əyləşib və keçmiş şefinin bütün mümkün cinayətlərini əvvəlcədən bağışlayıb
Üstəlik, aydın olur ki, indiki Ağ Ev rəhbəri daha əvvəl 2014-cü ilin əvvəlindən 2024-cü il dekabrın 1-dək oğlu tərəfindən törədilə bilən hər hansı cinayətlərə görə məsuliyyətdən azad edib. Əfv dövrünün bu qədər geniş olması, ehtimal ki, 2014-cü ildən bəri Hanter Baydenin rəsmi olaraq Ukraynanın “Burisma Holdings” enerji şirkətinin direktorlar şurasına daxil olması ilə bağlıdır.
Ümumiyyətlə, Hanter Bayden atasına çox başağrısı verib. Onun narkotik asılılığı və çox bərbad həyat tərzi sürməsi məlumdur və media bu barədə çox yazıb. Bir ara prezidentin oğlunun noutbukunun, elektron poçt hesablarının kodu sındırılıb və orada xoşagəlməz materiallar, yazışmalar aşkarlanıb.
Baydenin öz oğlunu bu cür, qanunları çeynəyərək qorumaq istəməsi, güman ki, ailə faciəsi ilə bağlıdır. Onun dörd uşağından yalnız ikisi sağdır. 1972-ci ildə Baydenin birinci arvadı və qızı avtomobil qəzasında həlak olub. Hanter və onun böyük qardaşı Bo xəsarət alsalar da, sağ qalıblar. Bo uğurlu hüquqşünas olub, lakin 2015-ci ildə beyin şişindən ölüb. Baydenin ikinci arvadı Cildən Eşli adlı bir qızı da var.
Amerikalı jurnalistlər qeyd edirlər ki, Bill Klintonun da təcrübəsində prezidentlik müddətinin bitməsinə az qalmış əfv sərəncamı imzalamaq presedenti olub. O, səlahiyyət müddətinin başa çatmasına bir neçə saat qalmış 140 cinayətkarı, o cümlədən öz qardaşı Roceri əfv edib. Rocer narkotik maddə saxlama və paylama ittihamı ilə məhkum edilibmiş və türmədə yatırmış.
Yeni seçilmiş prezident Donald Tramp Hanterin əfv olunmasına reaksiya verərək, sosial şəbəkələrdə yazıb ki, Kapitoliyə basqın etməkdə təqsirli bilinən amerikalılar Baydenin oğlundan daha çox əfvə layiqdirlər.
Belə çıxır ki, o da gələn il yanvarın 20-də Ağ Evdəki oval kabinetə yerləşən kimi 4 il əvvəl Konqres binasına hücum edərək dövlət çevrilişinə cəhd edənləri bağışlayacaq. Bu da olacaq Amerika ədaləti.
Qeyd edək ki, demokratiyası və ədaləti tərifli ölkələrdə belə hadisələr tez-tez baş verir. Böyüklərin özləri və cinayət törədən qohum-əqrəbaları ya ədalət mühakiməsindən kənarda qalırlar, ya da mühakimə olunur, amma şərti işlə, yüngülvari cərimələrlə canlarını qurtarır, dörd divar arası görmürlər.
2007-2014-cü illərdə İtaliyanın mərhum baş naziri Silvio Berluskonini üç dəfə ittiham (rüşvətlə ələ alma, azyaşlı ilə cinsi əlaqədə olma, rəqibinə böhtan atma) olunub, müxtəlif həbs müddətli cəzalara məhkum edilib, amma bu şəxs yalnız bir neçə günlüyə ictimai əməyə cəlb olunub, qocalar evində çalışıb, canını türmədən qurtarıb.
Bir sözlə, dünyanın hər yerində türmələr varlılar, arxalılar üçün deyil, kasıblar, kimsəsizlər üçündür.
Araz Altaylı, Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ