Onlayn ictimai-siyasi qəzet
Rusiyanın təbliğat aparatında yeni ideya doğulub - ölkənin imicini “raketlərlə və silahlarla” tanıtmaq.
“Bir ölkənin raketləri yaxşıdırsa, deməli, konfetləri də yaxşıdır”, - deyə “Birinci kanal”ın baş direktoru Konstantin Ernst bəyan edib.
O, “Oreşnik” raketini və guya “dünyanın ən yaxşı qırıcısı” olan Su-57 təyyarəsini “Rusiyanın qürur simvolu” adlandırıb.
Musavat.com xəbər verir ki, müstəqil hərbi ekspertlər bu “qürur mövzularının” əslində anekdot səviyyəsində olduğunu bildirirlər.
“Oreşnik” raketi
Bu raket kompleksi hələ ictimaiyyətə göstərilməyib. Ernst “ixrac üçün sərgi modeli”ndən danışsa da, Müdafiə Nazirliyinin məlumatına görə, “Oreşnik” yalnız bir dəfə - 2023-cü ilin noyabrında Dnepr şəhərindəki “Yujmaş” zavoduna qarşı istifadə olunub. Raketləri Belarus ərazisində yerləşdirmək planlaşdırılır, lakin Lukaşenkonun kabinetində jurnalistlərin gördüyü “modelin” belə orijinal olub-olmadığı bəlli deyil.
T-14 “Armata” tankı
İlk dəfə 2015-ci ildə Qələbə Paradında nümayiş etdirilib. Aradan 10 il keçsə də, orduda geniş tətbiqinə başlanmayıb və Ukrayna müharibəsində iştirak etmir.
“Rostex” rəhbəri Sergey Çemezov bunu tankın “çox bahalı olması” ilə izah edib. Müdafiə Nazirliyi isə cəbhəyə hələ də 1950-ci illərin tanklarını göndərir.
RS-28 “Sarmat” strateji raket kompleksi
Putin 2018-ci ilin martında bu raketi “qeyri-məhdud uçuş məsafəsi olan” silah kimi təqdim etmişdi. Amma OSINT-analitiklərin məlumatına görə, 5 sınaq buraxılışından yalnız biri uğurlu olub, sonuncu isə raketin uçuşa qalxmadan şaxtada partlamasıyla nəticələnib.
“Poseydon” nüvə torpedası
Dmitri Kiselov bu torpedayla “Britaniyanı batırmaqla” hədələyirdi. 2018-ci ildə elan olunan silah hələ silahlanmaya qəbul edilməyib. Hazırda yalnız bir sınaq sualtı qayığı – “Belqorod” mövcuddur, qalan daşıyıcılar tikilməkdədir.
Su-75 “Checkmate” qırıcısı
Bu təyyarənin yalnız maketi 2021-ci ildə MAKS sərgisində göstərilib. “İxrac üçün” nəzərdə tutulsa da, heç bir ölkə maraq göstərməyib. İlk uçuş 2023-cü ildə planlaşdırılmışdı, amma hələ də baş tutmayıb.
“Burevestnik” nüvə mühərrikli raketi
Putin bu layihəni də 2018-ci ildə elan etmişdi. “Nuclear Threat Initiative” təşkilatının məlumatına görə, 2019-cu ilə qədər 13 sınaq həyata keçirilib, hamısı uğursuz olub. 2019-cu ilin avqustunda batmış raketi sudan çıxarmağa cəhd zamanı partlayış və radiasiya sızması baş verib, “Rosatom”un 5 əməkdaşı həlak olub.
Su-57 qırıcısı
Yeganə yeni model kimi orduda cüzi miqdarda mövcuddur. 2024-cü ilin sonuna qədər cəmi 30 ədəd istehsal edilib, onların üçdə biri sınaq nümunələridir. Müdafiə naziri Sergey Şoyqu “Su-57 artıq döyüşlərdə istifadə olunur” deyib, amma Müdafiə Nazirliyinin gündəlik hesabatlarında bunun heç bir izi yoxdur. 2018-ci ildə Hindistan bu layihədən imtina etmişdi, çünki təyyarə “5-ci nəsil döyüş standartlarına cavab vermirdi.”
Beləliklə, Rusiyanın “qürur duyduğu silahlar”ın əksəriyyəti ya kağız üzərində mövcuddur, ya da işlək vəziyyətə gətirilməyib. Propaqanda isə onları hələ də “ölkənin simvolu” kimi təqdim etməyə çalışır.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ