Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri hazırda sinif otaqlarından məhrum vəziyyətdədirlər.
“Yeni Müsavat”a müraciət edən valideynlər bildiriblər ki, bir neçə həftə əvvəl təhsil ocağında qəza baş verib və bundan sonra məktəbin dərhal təmirə bağlandığı açıqlanıb.
Valideynlərin sözlərinə görə, məktəbin bağlanmasından iki həftə keçsə də, gimnaziyanın şagirdləri üçün uyğun tədris binası hələ də tapılmayıb:
“Şagirdlərin təhlükəsizliyi üçün köçürülmə zəruri idi, amma indi uşaqlarımız dərsə haraya gedəcəyini bilmir. Sanki Sumqayıtda məktəb yoxdur. Nəticədə gimnaziyanın şagirdlərini İstedad liseyinə göndəriblər. Lakin oradakı şərait gimnaziyanın özündən də pisdir”.
Məlumatda qeyd olunur ki, gimnaziyanın köçürüldüyü binanın köhnə korpusunda dərs keçmək həm müəllimlər, həm də uşaqlar üçün ciddi narahatlıq doğurur:
“Otaqlarda nəmişlikdən nəfəs almaq olmur, havası ağırdır. Otaqları iy basıb. Hətta şagirdlər dünən ayaqyoluna gedəndə qapını tapa bilməyiblər. Gimnaziyanın 10 və 11-ci sinifləri isə məktəbin emalatxanasında dərs keçirlər”.
Valideynlər bildirirlər ki, ölkənin ən yüksək nəticə göstərən təhsil müəssisələrindən biri olan Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyasının bu vəziyyətə düşməsi qəbuledilməzdir:
“Bu məktəb həm buraxılış imtahanlarında, həm də ali məktəblərə qəbulda nəticələrinə görə lider təhsil ocaqlarındandır. Amma indi şagird sıxlığı o qədər artıb ki, övladlarımız dərsdə oturmağa yer tapa bilmir”.
Müraciət edən valideynlər təhsil rəhbərliyindən gimnaziya şagirdlərinin normal şəraitdə təhsil alması üçün təcili addımlar atılmasını, məktəb üçün uyğun və sağlam tədris mühiti təmin olunmasını tələb edirlər.
“Bizim övladlarımız bu gimnaziyaya yüksək balla qəbul olunublar. Onların sağlamlığı, təhsil mühiti və motivasiyası dövlət səviyyəsində qorunmalıdır”, - deyə valideynlər vurğulayıblar.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Musavat.com- a bildirilib ki, İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri prioritet istiqamətlərdəndir:
" Son iki il ərzində idarənin tabeliyində fəaliyyət göstərən 35 məktəbdə cari, 3 məktəbdə isə əsaslı təmir işləri aparılmış, 2 məktəb binası isə tamamilə yenidən tikilərək istifadəyə verilmişdir.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın binası texniki cəhətdən mövcud tələblərə cavab vermədiyindən şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onların köçürülməsi prosesi həyata keçirilib. Dərs prosesi dayandırılmadan, müvəqqəti olaraq gimnaziyanın şagirdləri "İstedad" liseyinə yerləşdiriliblər.
Hazırda sözügedən məktəbdə tədrisin fasiləsiz qaydada təşkilini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Qeyd edirik ki, tədrisin fasiləsizliyinin təmin olunması, şagird sıxlığının normativ tələblərə uyğunluğu və təhsilalanların sağlam və təhlükəsiz şəraitdə tədris almaları məsələləri Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətdə saxlanılır".
Qeyd edilir ki, Gimnaziyanın binası ilə bağlı mövcud vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə addımlar atılır və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir.
Şahanə Rəhimli
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ