İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə türkmən qazının alışını artırmaq istəyir 

Türkiyə türkmən qazının uzunmüddətli və irimiqyaslı tədarükündə maraqlıdır.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin BOTAŞ şirkətinin baş direktoru Abdulvahit Fidan “Türkmənistanın Neft və Qazı – OGT 2025” beynəlxalq konfransında çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyə bu ilin martından Türkmənistandan qaz almağa başlayıb. Bu qaz hazırda İran üzərindən verilir. Fidan bildirib ki, Türkiyənin infrastrukturu ilə etibarlı qaz əlaqəsi yaratmaqla Türkmənistan “beynəlxalq bazarlara birbaşa çıxış” əldə edəcək.

Şirkət rəhbəri qeyd edib ki, Türkiyə rəhbərliyi “Türkmən qazının Türkiyəyə uzunmüddətli və genişmiqyaslı tədarükünü” qarşısına məqsəd qoyub. Onun fikrincə, bu məqsədə nail olmaq təkcə Türkmənistan və Türkiyə üçün deyil, bütün region üçün dönüş nöqtəsi olacaq:

“BOTAŞ regionda enerji təchizatı marşrutlarını dəyişdirməsi gözlənilən bu sıçrayışlı layihəni həyata keçirmək üçün hökumətin rəhbərliyi altında bütün lazımi tədbirləri görməyə tam hazırdır”.

Baş direktor Türkiyənin regional və qlobal qaz təchizatında rolunun artdığını bildirib. Onun sözlərinə görə, Türkiyə illik təxminən 55-60 milyard kubmetr qaz istehlakı ilə daha çox idxala arxalanır və tədarükün təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirilməsi irimiqyaslı infrastruktur investisiyalarına səbəb olub. Yüksək təzyiqli qaz kəmərləri şəbəkəsinin uzunluğu 13 min kilometrdən 20 min kilometrə çatdırılıb. Hazırda Türkiyə əhalisinin təxminən 85 faizinin (74 milyon nəfər) təbii qaza çıxışı var.

O qeyd edib ki, BOTAŞ  34 ölkə ilə idxal və ixrac əlaqələri saxlayır, Bolqarıstan, Rumıniya və Macarıstana boru kəməri qazı ixrac edir və qlobal LNG ticarətində mövqeyini möhkəmləndirir.

Fidan Avropaya 50 milyard kubmetr qaz tədarük edən və Türkiyənin regionda əsas təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirən Azərbaycanla TANAP layihəsi kimi şirkət üçün əsas beynəlxalq layihələri də xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR