İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderlandın “xarab” mövqeyi - hollandlar niyə “coşub”?

Siyasi şərhçi: “Niderland hökuməti Makron kimi özünü rüsvay etmək istəmirsə, Cənubi Qafqaz siyasətində dönüş etməlidir”

Niderland növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.

Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı Xarici İşlər Nazirliyi kifayət qədər sərt bəyanat verib. 

“Əvvəla, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini "Dağlıq Qarabağın ələ keçirilməsi" kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi.

Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.

Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik.

Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq", - deyə XİN-in rəsmisi Ayxan Hacızadə qeyd edib. 

Qeyd edək ki, 13 sentyabr 2024-cü ildə Niderland Krallığının hökuməti hazırkı səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramı ictimaiyyətə təqdim edib. Bu proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qələmə verilir.

Niderland müharibə zamanı, habelə Qarabağ işğalda olan zamanlarda da ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib. İndi isə tam yeni reallıqlardır, ölkəmiz suverenliyini bərpa edib, separatizmə son qoyub.

Bəs hollandların bu “xarab” bəyanatlarının arxasında nə dayanır? Niyə coşublar?

Ekspert: “Ermənistanın yeni hakimiyyəti əvvəlkilərdən fərqlənmir” -  04.01.2019, Sputnik Azərbaycan

Zeynal Əmrəliyev 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Zeynal Əmrəliyev deyir ki, Niderland hər zaman ermənipərəst mövqeyi ilə seçilib: “Hələ 44 günlük müharibədən əvvəl də bu cür bəyanatlar eşidilirdi. Bu ölkənin paytaxtı Amsterdamda böyük erməni diasporu fəaliyyət göstərir. Həmçinin bu şəhər PKK-nın əsas təşkilatlandığı yerlərdən biridir. Dəfələrlə Türkiyə bununla bağlı bu ölkəyə müraciət edib. Ancaq faydası yoxdur”.

Politoloq qeyd edib ki, Niderland parlamenti islamofob və antitürkçü siyasilərlə doludur: “Avropanın məşhur neofaşist və türk düşməni siyasətçisi Geert Vilders onların başında gəlir. Niderland Fransanın kürəyinə düşüb, bu cür ittihamları səsləndirir. Əgər bu ölkənin hökuməti Emanuel Makron kimi özünü rüsvay etmək istəmirsə, Cənubi Qafqaz siyasətində dönüş etməlidir. Əksi onlar üçün yaxşı qurtarmayacaq. İndiki dövrdə Avropa ölkələri üçün Azərbaycanla münasibətləri gərginləşdirmək yaxşı variant deyil. Xüsusilə də Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi dövrdə. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyini təmin edən əsas dövlətlərdən biridir. Həmçinin artıq bir çox dövlətlər mövcud vəziyyəti qəbul etməlidirlər. Başa düşməlidirlər ki, Azərbaycanın icazəsi olmadan regionda hansısa layihənin həyata keçməsindən söhbət belə gedə bilməz”.

Zeynal Əmrəliyev xatırladıb ki, Azərbaycanda çox sayda Niderland şirkəti işləyir və Amsterdam çalışmalıdır ki, bu şirkətlər Qarabağın yenidən dirçəldilməsi layihələrində də iştirak etsin: “Onlar bundan ancaq qazana bilərlər. Bu kimi qazanc gətirəcək layihələrdə iştirak etmək yerinə bu cür bəyanatlar səsləndirir. 

Biz torpaqlarımızı azad etmişik və məskunlaşma siyasətini həyata keçiririk. Açığı, kimin kənardan nə etdiyinin bizə heç bir təsiri yoxdur. Bu, sadəcə, onların özlərinə ziyandır. Münasibətlərin korlanmasından bu dövlətlər itirəcəklər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR