İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəcməddin Sadıkovun həbsinə hazırlıq gedir - İLGİNC İDDİALAR

Müdafiə Nazirliyində mənimsəmələrin əsasən onun göstərişlərinə uyğun gerçəkləşdiyi təsbit olunub

“Həbsə alınan maliyyəçilər onlara yuxarıdan verilən göstərişləri yerinə yetiriblər. Çox istərdim ki, məhkəmədə bu faktlar açıqlansın”. Bu sözləri “Yeni Müsavat”a hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin 3 maliyyəçi polkovnikinin məhkəməsi ilə bağlı deyib. Onun sözlərinə görə, heç bir maliyyəçi yuxarı rəisinin icazəsi olmadan özbaşına qərar qəbul etmək, pul əməliyyatları həyata keçimək səlahiyyətində olmayıb: “Məhkəmənin də başlanmasını, keçirilməsini səbrsizliklə gözləyirəm. Hesab edirəm ki, qanunsuz göstəriş verənlər kənarda qalıb, onlar da məsuliyyəti bölüşməlidir. Bu, ya nazir, ya Baş Qərargah rəisi olacaq”. 

Hərbi ekspert bildirib ki, həbsdə olan 3 polkovnik məhkəmədə həqiqəti desələr, çox acınacaqlı mənzərə üzə çıxacaq. O, Müdafiə Nazirliyində keçirilən məlum əməliyyat ərəfəsində nazirin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun müəmmalı ölümünə də toxunub: “Fuad Məmmədovun ölümü bəziləri üçün müəmmalı qala bilər, mənim üçünsə müəmmalı deyil. Bəzi məsələləri Fuad Məmmədova yükləmək istəyirdilər, o da üzərinə götürmək istəmədiyinə görə ürəyi dözmədi, səhər saatlarında qəfil ürəktutmasından dünyasını dəyişdi. Ora elə bir bataqlıdır ki... Qazaxıstan çölləri necədirsə, orada da elə bir vəziyyətdir”.

Bakupost.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov deyib ki, Hərbi Prokurorluq tərəfindən həbs olunan 3 polkovnikdən 2-ni şəxsən tanıyır: “Bu adamlar "streloçnik" kimi həbsə alınıblar, balinalar isə kənarda qalıb".

Qeyd edək ki, Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən vəzifəli şəxslərinin cinayət işi üzrə ibtidai istintaq  az əvvəl başa çatıb. APA xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib. Cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılacaq. Təqsirləndirilən şəxslər - Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işləri ayrı-ayrılıqda icraata verilib. 2 polkovnikə - Fikrət Mirzəyevə və Məlikməmməd Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanova isə 179.4, 341.2.1 və digər maddələr ilə ittiham irəli sürülüb. Polkovnik Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, polkovnik Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, polkovnik Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər 3 polkovnik 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. M.Qurbanov 27.08.2019-cu il tarixində xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq ehtiyata buraxılıb. M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.

“Yeni Müsavat” xəbər verir ki, ötən ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib və qurumun maliyyə sektorunda yüksək vəzifəli şəxslər külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. O zaman  Müdafiə Nazirliyində iri maliyyə mənimsəmələrinin üstü açılıb. Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıblar. Bu həbslər gerçəkləşərkən “Qafqazinfo” yazmışdı ki, keçirilən əməliyyat tədbirləri nəticəsində hərbi hissənin maliyyə şöbəsinin rəisi Sərkərov Fərahim Fazil oğlu da həbs edilib. Zabit 450 min manatı mənimsəməkdə ittiham olunub. Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib. Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunub. Müdafiə Nazirliyinin Maliyyə idarəsinin rəisi Rafael Xəlilov 10 milyon manatı mənimsəməkdə ittiham olunub.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, mənimsəmələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkova uzanmasını təsbit edən bir çox faktlar mövcuddur. Mənimsəmələrin əsasən onun göstərişlərinə uyğun gerçəkləşdiyi təsbit olunub.  Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR