İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nazpəri” şokoladını xatırlayarkən

Sayın təhsil nazirimiz bugünlərdə nikbin, sevindirici açıqlama verdi. Deyir hazırda məktəbəqədər hazırlıq üzrə qruplara daha çox uşaq cəlb edilir. Sitat: “Hazırda 80-90 faiz civarında uşaq ən azı 1 il məktəbəhazırlıq qruplarına cəlb olunur. Məktəbəhazırlıq üçün göstərdiyimiz səylər mütləq 20-25 ildən sonra özünü göstərəcək”. Sitatın sonu.

Qulaq hər gün yeni söz eşitməsə kar, göz də kor olarmış, etiraf edim ki, bu “məktəbəhazırlıq” sözünü ilk dəfə oxumuş oldum və savadım artdı. Yox, belə sözlər olduğunu öncələr də bilirdim, yanlış anlaşılmasın. Sadəcə, ayrı şəkildə yazıldığını düşünürdüm. Sən demə bitişik imiş. Bu mənə yazıçı Afaq Məsudun başçılığı altında Tərcümə Mərkəzinin AMEA-nın hazırladığı “Orfoqrafiya lüğəti” ilə mübarizəsini xatırlatdı. Afaq xanım iddia edirdi ki, lüğətə mənasız, qurama, uydurma sözlər salınıbdır. Buna saysız-hesabsız örnəklər də göstərmişdi. On minlərlə söz! Bəzilərini burada yazıram, özünüz də fikirləşin, görün bizim dildə doğrudanmı belə sözlər vardır: “ətriyyatçılıqetmə, sıçrantıtutma, şeytanapapıştikən, şeypurburunluq, dümbəkqayırma, xoşgeniş” və sairə. 

İnsafən, bəzi sözləri nahaq yerə qaralamışdılar, məsələn, Mərkəzin iddiasına görə, bizim dildə “qabyalayan” sözü də yoxdur. Biz artıq yaxşı bilirik ki, var. Hətta bunun “dabanyalayan” variantı da vardır. 

Dil məsələsinə həm də ona görə diqqət çəkdim ki, təzəlikcə Türkiyədə hansısa milli manısımız mükafat almışdı, çıxışında isə ana dilimizdə danışmağa çətinlik çəkmişdi. Ancaq manısın günahı nədir? Ölkədə sifariş nəyədirsə, o da həmin istiqamətdə gedir. Ana dilini vacib eləyin, məcbur qalıb öyrənsinlər. Yoxsa krançı işinə də yalnız “rus və ingilis dili bilən gənc xanımlar” götürülürsə, adına “Azərbaycan dili” deyilən bu haqq-hesabın Azərbaycan Respublikasında qara qəpiklik hörməti yoxdursa, niyə öyrənməlidir? Hələ şükür eləyin, məncə, o, bəzi keçmiş və indiki məmurlardan, tanınmış “ziyalılarımızdan” yaxşı danışırdı. 

Bakının özəlliklə (“xüsusilə” yazsam da ana dilimizdə olmur) mərkəzi hissələrində obyektlərin lövhələrinə, adlarına, menyularına, qiymət kağızlarına baxanda heç cür anlamaq olmaz ki, bura Monte Karlo-dur, yoxsa Berlin. Londondur, ya Moskva. Ərəbistandırmı, Hindistandırmı. Çox qəliz məsələdir. Hətta bəzən mərkəzə gedəndə adam viza almaq istəyir. Yaxşı olar belə idarə açılsın. 

Ancaq əsas odur iş gedir. (Qafiyə kimi yadıma Meydan hərəkatının şüarı düşdü: “Topxanada iş gedir, Bakıda nümayiş gedir”. Prinsipcə, indi də Topxanada iş gedir, Bakıda isə nümayiş COVİD-ə görə qadağandır). 25 ildən sonra indiki körpə balalar böyüyəcək, məktəbəhazırlığın - heç cür bu orfoqrafiyaya uyğunlaşa bilmirəm - səpdiyi toxumlar bar verəcəkdir. Biz gərək o dövrə hazırlaşaq. İndi məktəbdə problem varsa, təhsil səviyyəsi aşağıdırsa, müəllimlər “şokolad trendi” kimi düşük temalarla gündəmə gəlirsə, darıxmaq lazım deyil. 

Söz düşmüşkən, mən bu mövzunu təzə eşitdim. Deyir, şagirdlər müəllimə şokolad verib bunu videoya çəkir, yayırlar. TikTok-da, zadda. Guya yeni bir yarıməzəli (belə söz yoxsa da olsun), yarımaarifçi addımdır. Müəllimə məhəbbətin izhar forması imiş. Pah. Biz bunu 20-30 il qabaq görmüşük axı. Özü də o zaman indiki kimi xırda-xuruş qənfet verilmirdi, birbaşa qutu - ana dilimizdə karobka - şokolad alınıb müəllim(ə)yə hədiyyə edilirdi. Həmin qutuların üzərində adətən dövrün ayüzlü, kosmik kədərli, ulduzgözlü müğənnisi Nazpəri Dostəliyevanın şəkli olardı, buna görə də xalq arasında həmin şokoladlar qısaca “Nazpəri” adlanırdı. Yalnız görkəmi alababat olan həmin şokoladlar hansı dərədə istehsal edilirdi, kimsə bilmirdi və adətən açıb şokoladı nuşi-can etməyə risk edən olmurdu. Qutunu hədiyyə alan saxlayıb başqasına hədiyyə edirdi, bəzən şokolad bir neçə ay ərzində fırlanıb əvvəlki yiyəsinə qayıdırdı. Yazını isə Mark Tvenin aforizmi ilə bitirib bir də 25 il sonra görüşmək ümidi ilə sizdən ayrılıram: “Məktəbə sizin savadınızı korlamağa imkan verməyin”. 

Zarafat edirəm, sabah görüşənədək. Bizimlə qalın, şokolad alın. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR