İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupunun bağlı yolunu Makron da aça bilmədi - Prezident yenə “yox” dedi

Siyasi ekspert: “Bu o deməkdir ki, kimlərinsə arzusu və ya təzyiqi bizim üçün əsas ola bilməz” 

Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında işğal illərində BMT, ATƏT və digər  beynəlxalq təşkilatların  qətnamə, qərar və bəyanatların kağız üzərində qaldığını deyib.  Dövlət başçısı deyib ki, işğala baxmayaraq, 30  ilə yaxın müddət Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Beynəlxalq ictimaiyyətin Azərbaycanda yaşanan humanitar fəlakətə laqeyd yanaşdığını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal edilmiş ərazilərə dəfələrlə səfər edib, şəhərlərin və kəndlərin kobud şəkildə dağıdılmasının şahidi olublar. Onlar ermənilərin bu ərazilərdə qeyri-qanuni məskunlaşdığını görüb, lakin Ermənistanı qınamayıblar. "İndi isə biz Minsk Qrupunun yenidən canlandırılması səylərini görürük. Təbii ki, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar öz mandatları çərçivəsində heç nə etmədilər. Onların etdiyi yeganə şey bir yerə qədər nail olduğu erməni təcavüzünü qanuniləşdirmək və təcavüzkarla təcavüzün qurbanı arasında bir növ balans yaratmaq oldu”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid bu ilin yayında regiona etdiyi səfərdə ATƏT-in Minsk Qrupu məsələsini yenidən gündəmə gətirmişdi. Diplomat İrəvanda bəyan edib ki, ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır. Rusiya XİN rəsmisi Mariya Zaxarova isə Donfridin açıqlamasını şərh edərək bildirmişdi ki, Moskva bu bəyanatının səmimiliyinə şübhə edir. “Əgər Vaşinqton və Paris həqiqətən də Minsk Qrupunun unikal vasitəçilik formatını vacib hesab etsəydi, bütün iştirakçı dövlətlər tərəfindən təsdiq edilmiş mandatına etinasız yanaşmazdı”. Onun sözlərinə görə, ABŞ və Fransa fevralın 24-də Minsk Qrupunun rusiyalı həmsədri ilə təmasları heç bir məsləhətləşmə aparmadan kəsiblər. “Bu cür məsuliyyətsiz hərəkətlərin təkrarlanmayacağına təminat yoxdur”, - deyə o bildirib. Sərhəddəki erməni təxribatından sonra isə ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşündə Minsk Qrupunun Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib. Yaxın günlərdə isə Fransanın  Cənubi Qafqaz üzrə xüsusi səfiri Boris Rokfeyin  Bakıya və İrəvana səfəri gözlənilir. Bu barədə Fransa XİN-dən bildirilib. Erməni tərəfi fransız diplomatın səfəri ilə bağlı da ənənəvi təhrifə və yalana yol verib. Belə ki, o, Riker və Xovayev kimi xüsusi elçi qismində deyil, ATƏT-in Minsk Qrupunun fransalı həmsədri kimi təqdim edilib. Halbuki Rokfey həmsədr deyil. ABŞ nümayəndəsi Filip Riker isə bu yaxınlarda yeni amerikalı həmsədr təyin edilsə də, eyni zamanda Cənubi Qafqaz üzrə xüsusi nümayəndədir. İkinci yandan Azərbaycan onları məhz xüsusi nümayəndə olaraq qəbul edir, həmsədr qismində yox!

Yeri gəlmişkən, diplomatik mənbələr bildirir ki, Rokfeyin səfərinin Minsk Qrupunun fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Fransa tərəfinin səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi sənəddə də “Minsk Qrupu” ifadəsi yer almayıb. Bu onu göstərir ki, rəsmi Paris Bakının diplomatları bu statusda qəbul etməyəcəyini yaxşı anlayır və yeni reallığı qəbul etmək məcburiyyətindədir.

Əlbəttə ki, İrəvanın bu cür yalanları Minsk Qrupunun hələ də yaşadığı, “Dağlıq Qarabağ konflikti”nin çözülmədiyi görüntüsünü saxlamağa hesablanıb. Ancaq bunlar əbəs cəhdlərdir. Prezident son çıxışındakı mövqeyi də bunu təsdiqləyir.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov bu barədə “Yeni Müsavat”a bildirdi ki, Ağdamda Milli Şəhərsalma Forumunda cənab Prezident bir çox məsələlərə toxundu. Həm Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı planlar haqqında məlumat verildi, eyni zamanda Ermənistana yönəlik mesajlar vurğulandı: “Biz qeyd etməliyik ki, Prezident İlham Əliyev çıxışında ATƏT-in Minsk Qrupunun dirildilməsi ilə bağlı Ermənistanın həyata keçirdiyi fəaliyyətə toxundu. ABŞ və Fransa Minsk Qrupunun prosesə qoşulmasına çalışdıqlarını vaxtaşırı nümayiş etdirirlər. Eyni zamanda xeyli vaxtdır biz Ermənistanın bu məsələ ilə bağlı başlatdığı kampaniyanı müşahidə edirik. Azərbaycanın isə Minsk Qrupu ilə bağlı mövqeyi dəfələrlə bəyan edilib və aydındır. Lakin buna baxmayaraq, qarşı tərəf Minsk Qrupunu diriltmək niyyətlərini davamlı ortaya qoyur. Ona görə də Azərbaycan Prezidenti bu məsələyə bir daha son soyulması, qarşı tərəfin mənasız dirənişlərinə son verilməsi, həm də Azərbaycan ictimaiyyəti üçün konkret mövqeyini açıq ifadə etdi. Minsk Qrupunun dirildilməsinin yolverilməz olduğunu bəyan elədi. Bu, o deməkdir ki, Azərbaycan əvvəldən ortaya qoyduğu haqlı və qəti mövqeyində qalır, bu mövqedən imtina etmək üçün əsas yoxdur. Kimlərinsə arzusu və ya təzyiqi bizim üçün əsas ola bilməz. Minsk Qrupunun yolunu açmaq istəyənlər bilsin ki, Azərbaycan üçün bu yol qapanıb və Azərbaycan bu yolun açılmasını istəmir. Çünki Minsk Qrupu formatında mənasız danışıqların başladılmasına heç bir lüzum yoxdur. Yeni geosiyasi reallıqlar Minsk Qrupu formatı ilə uyğunluq təşkil etmir”.

Ekspertin sözlərinə görə, artıq Fransa başda olmaqla, ermənilərin haqsız mövqeyini müdafiə edənlər bilməlidirlər ki, hansısa bir formada Minsk Qrupunun dövriyyəyə buraxılmasına yönəlik təşəbbüslərin irəli sürülməsi qəbulolunan deyil: “Hətta Azərbaycanın xarici işlər naziri ilə Ermənistanın xarici işlər nazirinin bu yaxınlarda Cenevrədə görüşündə maraqlı bir hadisə yaşandı. Belə ki, ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə nümayəndəsi, eyni zamanda "ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri" Flipp Riker və fransalı “həmsədr” də oraya gəlmişdilər və hər ikisi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdülər. Lakin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov onlarla görüşmədi. Çünki onlarla görüşmək üçün əsas yoxdur, Azərbaycan üçün Minsk Qrupu dövrü bitib. Azərbaycan irəliyə baxır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR