İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə önəmli müzakirələr-fotolar

 
Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası olub. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Komitənin sədri Azər Əmiraslanov iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) və 2024-cü ilin büdcəsinin icrası barədə hesabatın müzakirə olunacağını söyləyib. O,  bu sənədlərin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini deyib.

Azər Əmiraslanov məsələ ilə əlaqədar fikirlərini açıqlayaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və müvafiq hesabatın büdcə qanunvericiliyinin tələblərinə uyğun tərtib edildiyini, layihə ilə bağlı Hesablama Palatasının geniş rəyinin təqdim olunduğunu deyib.

Komitə sədri büdcə parametrlərinin, o cümlədən büdcə gəlirləri, xərcləri və kəsirinin, habelə büdcə qaydasının əhəmiyyətindən danışıb. Ölkə Prezidenti tərəfindən büdcə siyasətinin prinsip və hədəflərinin müəyyən edildiyini vurğulayıb. O, dövlət başçısının büdcənin maksimum dərəcədə icra edilməsi, maliyyə intizamının daha da yüksək səviyyədə olması, şəffaflığın tam şəkildə təmin edilməsi, büdcə xərclərinin strukturuna yenidən baxılması və büdcə vəsaitinin qənaətlə xərclənməsi, bütün cari xərclərimizin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi kimi tövsiyələrini nəzərə çatdırıb. Bu tezislərin konseptual yanaşma olmaqla bərabər, həm də özündə sosial-iqtisadi, o cümlədən büdcə siyasətinin hədəf və prinsiplərini çox aydın şəkildə əks etdirdiyini vurğulayıb.

Azər Əmiraslanov 2024-cü ilin büdcəsinin ötən ildə müxtəlif istiqamətlər üzrə dövlət siyasətinin reallaşması üçün etibarlı maliyyə təminatı olduğunu və əlverişli makroiqtisadi şəraitdə icra olunduğunu söyləyib. Qeyd edib ki, büdcənin icrası 4,1 faizlik iqtisadi artımla, 2,2 faizlik orta illik inflyasiya ilə müşayət edilib. O, büdcənin gəlir və xərcləri üzrə icrasını, büdcə kəsirinin və dövlət borcunun səviyyəsini, büdcə qaydasına tam riayət edilməsini müsbət dəyərləndirib.
Sonra maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında hesabatı təqdim edib.

O, bildirib ki, qlobal və regional müstəvidə cərəyan edən hadisələr fonunda 2024-cü il Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz üçün sabitlik, təhlükəsizlik, sosial-iqtisadi inkişaf göstəriciləri və nailiyyətlərlə yadda qalıb. Dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclər müsbət dinamika ilə icra olunub. Ötən il neft və qeyri-neft sektorları üzrə ümumi daxili məhsulun (ÜDM) istehsalında artım qeydə alınıb, illik inflyasiya hədəf diapazonunda qərarlaşıb, cari əməliyyatlar balansında profisit formalaşıb, milli valyutanın sabitliyi qorunub, valyuta ehtiyatları beynəlxalq normaları və xarici borc göstəricisini əhəmiyyətli dərəcədə üstələyib.

Nazir nəzərə çatdırıb ki, 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib. “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dolları səviyyəsində qərarlaşıb, 2024-cü ilin dövlət büdcəsi üzrə göstəricilərlə müqayisədə 10,5 faiz artıb. O, qeyd edib ki, ötən il çoxsaylı infrastruktur layihələri, Böyük Qayıdış proqramı, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tapşırıqlar icra olunub, habelə əhalinin sosial, tibbi müdafiəsini təmin edən sosial islahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivə də qorunub.

Bildirilib ki, 2024-cü ildə dövlət büdcəsinin mədaxili 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 573 mln. manat və ya 3,1 faiz çox icra olunaraq 19,2 mlrd. manat təşkil edib. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 3,1 faiz-bəndi artaraq, 48,5 faizdən 51,6 faizə yüksəlib.
Ötən il vergi orqanları xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanları xətti ilə isə 6,6 mlrd. manat vəsait təmin edilib. Vergi orqanları xətti ilə daxil olan vəsaitin 11 mlrd. manatı və ya 70 faizi qeyri-neft, 4,8 mlrd. manatı və ya 30 faizi neft sektorunun payına düşür. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 548 mln. manat və ya 2023-cü illə müqayisədə 67 mln. manat çox olub. Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 12,8 mlrd. manat transfert edilib.

Qeyd olunub ki, 2024-cü ildə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib. 2024-cü ildə dövlət büdcəsinin xərcləri proqnozun 95 faizi həcmində və ya 37,7 mlrd. manat icra edilib və bu 2023-cü illə müqayisədə 1,3 mlrd. manat və ya 3,4 faiz çoxdur.
Strukturuna görə dövlət büdcəsi xərclərinin 21,3 mlrd. manatı və ya 56,6 faizi cari xərclərə, 15,1 mlrd. manatı və ya 40 faizi əsaslı xərclərə, 1,3 mlrd. manatı və ya 3,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Hesabat ilində icra olunmuş 21,3 milyard manat məbləğində cari xərclərin 90 faizi və ya 19,2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxilolmalarının hesabına qarşılanıb. 2024-cü ildə dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsinin faktiki xərclərinin 47,7 faizi həcmində və ya 18 mlrd. manat məbləğində vəsait yönəldilib. Bu vəsaitin 9,1 mlrd. manatı və ya 50,7 faizi məqsədli dövlət proqramlarının, o cümlədən 6,4 mlrd. manatı “2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nın maliyyə təminatına sərf edilib.

Nazir diqqətə çatdırıb ki, hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin 38,9 faizi və ya 14,7 mlrd. manat vəsait istifadə olunub.  

Ötən ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin 18 faizi yönəldilib.
Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə dövlət büdcəsi xərclərinin 30,6 faizi və ya 11,5 mlrd. manat vəsait sərf edilib. 
Kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi və meliorasiya tədbirlərinə dövlət büdcəsi xərclərinin 7,6 faizi həcmində və ya 2,9 mlrd. manat vəsait sərf olunub.

Keçən il beynəlxalq təşkilatlarla əməkdaşlıq, diplomatik nümayəndəliklərin fəaliyyəti, beynəlxalq və ölkə səviyyəli tədbirlər və xarici yardımlar üçün dövlət büdcəsindən 527 mln, manat, o cümlədən 84 diplomatik nümayəndəlik və konsulluğun saxlanılması üçün 196,0 mln., ticarət nümayəndəlikləri üçün isə 3,6 mln. manat sərf edilib.

Sahil Babayev, habelə bildirib ki, 2024-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün 9,7 mlrd. manat və ya dövlət büdcəsi xərclərinin 25,7 faizi həcmində vəsait ayrılıb. Həmin mənbədən investisiya layihələrinin həyata keçirilməsi üçün 2,5 mlrd. manat, xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr üzrə 243,0 mln. manat, ümumilikdə isə 2,7 mlrd. manat vəsait yönəldilib.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ilin dövlət büdcəsində 5,3 mlrd. manat vəsait ayrılıb. Həmin vəsaitin 4,9 mlrd. manatı və ya 91,1 faizi infrastruktur təyinatlı layihələrin, 354,0 mln. manatı və ya 6,6 faizi sosial təyinatlı layihələrin, 17,0 mln. manatı və ya 0,3 faizi müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 109,0 mln. manatı və ya 2 faizi isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.

Hesabat ilində dövlət adından yaradılan və dövlət sifarişi əsasında görülən işlərin, xidmətlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 55 publik hüquqi şəxsə 959,0 mln. manat məbləğində vəsait ayrılıb.

Dövlət büdcəsinin ehtiyat fondlarının həcmi 788 mln. manat təşkil edib və onun 90,2 faizi və ya 711 mln. manatı istifadə olunub.

 2024-cü ilin dövlət büdcəsinin yerli gəlirləri 842 mln. manat və ya proqnoza nisbətən 67 mln. manat çox, yerli xərcləri isə 739 mln. manat icra olunub. Dövlət büdcəsindən bələdiyyələrə 12 mln. manat, o cümlədən dotasiya üçün 6,4 mln. manat, subvensiya üçün 1,3 mln. manat, su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün 4,3 mln. manat subsidiya ayrılıb.

Qeyd olunub ki, ötən il fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və bəzi xərclərin qənaətlə icrası hesabına dövlət büdcəsinin kəsiri 552 mln. manat təşkil edib. Bu isə proqnozdan 2,8 mlrd. manat və ya 83,5 faiz azdır.

Bununla yanaşı, diqqətə çatdırılıb ki, 2024-cü ildə icmal büdcənin gəlirləri 48,0 mlrd. manat, xərcləri isə  43,0 mlrd. manat icra olunub. İcmal büdcə 2,1 mlrd. manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq, 5,1 mlrd. manat məbləğində profisitlə icra olunub. 

Çıxışının sonunda nazir Sahil Babayev 2024-cü ildə dövlət və icmal büdcələrinin icrası zamanı Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsinin təmin edildiyini bildirib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata palatanın rəyini təqdim edib.

Palata sədri qanun layihəsinin və hesabatın ümumilikdə mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Ötən ilin dövlət büdcəsinin icrasının büdcə parametrlərinə, ölkənin strateji sənədlərinə uyğunluğu barədə ali audit orqanın mövqeyini diqqətə çatdıran Vüqar Gülməmmədov gəlir və xərc göstəricilərindəki məqamlardan söz açıb.

Bildirilib ki, Hesablama Palatası tərəfindən 2024-cü ilin dövlət büdcəsinin icrasına dair rəyin tərtib edilməsi zamanı 173 qurum üzrə 32,1 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 85,2%-ni təşkil edir. Ümumilikdə, təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 0,9 mlrd. manat artıb.

2024-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə dövlət büdcəsinin gəlirləri çox icra edilmiş, layihədə göstərilmiş mədaxil mənbələrinə münasibətdə proqnoz göstəricilər 15 mənbə üzrə artıqlaması ilə, 4 mənbə üzrə kəsirlə, 3 mənbə üzrə isə proqnozla eyni səviyyədə yerinə yetirilmişdir.

2024-cü ildə dövlət büdcəsinin xərcləri 37,7 mlrd. manat məbləğində icra edilmişdir ki, bu da 2023-cü illə müqayisədə 3,4% çoxdur.

Vüqar Gülməmmədov ötən ilin dövlət büdcəsinin əsas mənbələr və sektorlar üzrə icra vəziyyəti, inzibatçılığın qiymətləndirilməsi, 2024-cü il ərzində dövlət büdcəsinin xərclərinin icrası prosesində həyata keçirilmiş dəyişikliklər, funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərin icra vəziyyəti, ehtiyat fondlarının, məqsədli büdcə fondlarının icrası, dövlət əsaslı vəsait qoyuluşu icrası, dövlət satınalmaları, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin icrası və digər istiqamətlər üzrə Palatanın apardığı təhlillər barədə geniş məlumat verib, ali audit orqanının bəzi tövsiyələrini diqqətə çatdırıb.

Məsələ ilə bağlı müzakirələrdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədr müavini Azər Badamov, üzvləri Əli Məsimli, Vüqar Bayramov, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Müşfiq Cəfərov çıxış ediblər. Millət vəkilləri 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatın yüksək səviyyədə hazırlandığını, iqtisadi hədəflərə uyğun olduğunu, habelə Hesablama Palatasının rəyinin obyektiv və dolğun şəkildə tərtib edildiyini bildiriblər, bəzi qeyd və təkliflərini də səsləndiriblər.

Maliyyə naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Tədbirə yekun vuran komitə sədri Azər Əmiraslanov müzakirələrin konstruktiv və məhsuldar keçdiyini deyib. O, büdcə qanunvericiliyinin tələblərinə riayət edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini, Hesablama Palatasının rəy və tövsiyələrinin faydalı olduğunu söyləyib. Maliyyə Nazirliyi və Hesablama Palatası arasında əməkdaşlığın gücləndiriıməsinin əhəmiyyətindən danışıb. Büdcə sisteminin davamlı olaraq təkmilləşdirilməsi istiqamətində addımların atıldığını bildirib.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Heydər Əsədov, Məşhur Məmmədov, Zaur Şükürov, Ziyad Səmədzadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev, aidiyyəti qurumların struktur bölmələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 May 2025

27 May 2025

BÜTÜN XƏBƏRLƏR