Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur “Economist” nəşrinin bizim “Kənd Həyatı” adlı yutub kanalımız barədə məqalə hazırladığını oğlumdan öyrəndim. Bu, bizim üçün böyük uğurdur. Kanalımız haqqında, yurdumuz haqqında xoş sözlər yazılıb. Belə xəbərlərin yazılması Azərbaycan mətbəxinin, adət-ənənələrinin təbliği üçün çox əhəmiyyətlidir.
Bu sözləri Qusar rayonunun Hil kəndində yaşayan, bişirdiyi yeməkləri “Kənd Həyatı” yutub kanalında paylaşaraq məşhurlaşan Əzizə Rəmixanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib.
Onun sözlərinə görə, yutubda məşhurlaşandan sonra həm yerli, həm də bir çox xarici media nümayəndəsi ailə haqqında məqalələr və videoreportajlar hazırlayıblar. “Economist”dəki məqalədə vurğulanır ki, Rəmixanovlar ailəsinin videolarını Azərbaycanla yanaşı Londondan, Sidneydən, Yekaterinburqdan, Kiyevdən və dünyanın bir çox uzaq şəhərindən izləyirlər. Kanalda yerləşdirilən videoların ruhun məlhəmi olduğu, hər buraxılışın müddətinin 25 dəqiqədən artıq çəksə də, izləyiciləri heç yormadığı qeyd edilir.
2019-cu ildə fəaliyyətə başlayan “Kənd Həyatı” adlı kanalın hazırda 6,9 milyon abunəçisi var. Bu günə kimi 490 paylaşım edilən kanaldakı maraqlı videolara 2 milyarddan çox izləyici baxıb.
Əzizə Rəmixanova bildirib ki, kanala yerləşdirilən bütün videoları oğlu, qızı və həyat yoldaşı ilə birlikdə hazırlayırlar. Videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar.
Bu məşhurluğun qısa tarixçəsi isə pandemiya dövründən başlayıb. Belə ki, Əmiraslan Rəmixanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir.
Pandemiya dövründə doğma kəndinə qayıdan Əmiraslan sevdiyi peşəsindən kənar qalmayıb. Anası ilə bərabər Azərbaycan, ləzgi və dünya mətbəxinin müxtəlif təamlarını bişirərək, çəkdiyi videoları yeni açdığı “Kənd Həyatı” adlı yutub kanalına yükləməyə başlayıb.
Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da daha geniş auditoriyanı əhatə etməyə imkan verib.
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ