Onlayn ictimai-siyasi qəzet
Ötən ilin noyabrında Çinin ümumi təbii qaz idxalı (boru kəməri və dəniz yolu ilə) 15,03 milyard kubmetr təşkil edib.
Musavat.com Çin Baş Gömrük İdarəsinin statistikasına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 9 faiz azdır (16,449 milyard kubmetr).
Noyabr ayı ənənəvi olaraq Çinin qaz idxalı statistikasında ən yüksək idxal və rekord qıran ay olub. Bununla belə, 2024-cü ildə rəqəmlər həm həmin ayın tarixi rekordlarından, həm də yay aylarında baş verən 2024-cü ilin illik maksimumlarından əhəmiyyətli dərəcədə aşağı olub. Analitiklərə görə, səbəb kimi Mərkəzi Asiyadan gələn qaz axınının mövsümi azalması və LNG qiymətlərinin artması çıxış edə bilər.
Noyabrda boru kəməri ilə qaz qəbulu 5,735 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə (5,524 milyard kubmetr) cüzi – 4 faiz çoxdur.
Kəmər vasitəsilə Çin beş ölkədən qaz alır: Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Myanma. İllik tədarüklərin, ilk növbədə, “Sibirin Gücü” boru kəməri ilə Qazprom ixracının planlaşdırılan artımı hesabına artacağı gözlənilirdi. Bununla belə, Rusiya tədarükünün artımı Mərkəzi Asiya ixracatçılarından - Türkmənistan, Özbəkistan və Qazaxıstandan gələn axının azalması ilə demək olar ki, tamamilə kompensasiya edilib. Bu ölkələr istilik mövsümündə daxili tələbatı təmin etmək üçün ixracı azaldırlar.
Boru kəmərinin tədarük həcminə görə, Rusiya (2,6 milyard kubmetr) noyabrda ixracatçılar arasında uzunmüddətli lider Türkmənistanı (2,4 milyard kubmetr) qabaqlayaraq birinci yeri tutub.
Dünyanın ən böyük LNG alıcısı olan Çin, 2024-cü ilin noyabrında 7,14 milyon ton (və ya yenidən qazlaşdırmadan sonra həcm olaraq 9,285 milyard kubmetr) idxal edib ki, bu da 2023-cü ilin noyabrında olan 8,4 milyon tondan 15 faiz azdır.
Bu azalmanın əsas səbəbi kimi regionda qiymətlərin sürətli artımı qeyd edilir. Belə ki, regional JKM Platts indeksi (Japan Korea Marker, Yaponiya, Cənubi Koreya, Çin və Tayvana göndərilən yüklərin spot bazar qiymətini əks etdirir) oktyabrda min kubmetr üçün 480 dollardan noyabrda 507 dollara yüksəlib. Noyabrda bəzən qiymətlər 550 dolları keçib.
2024-cü ilin noyabrında Rusiya Çinə 914 min ton LNG (yenidən qazlaşdırmadan sonra həcm baxımından 1,2 milyard kubmetr) tədarük edib ki, bu da ötən ilin göstəricisindən (519 min ton) 76 faiz çoxdur.
Çinə LNG ixracının həcminə görə Rusiya noyabrda Avstraliya (2,28 milyon ton) və Qətərdən (2,153 milyon ton) sonra üçüncü yeri tutub. ABŞ-dan tədarüklər 2/3 azalaraq 204 min tona düşüb ki, bu da təxminən üç tankerdir.
2024-cü ilin noyabrında Rusiya boru kəməri və dəniz yolu ilə Çinə ümumilikdə 3,8 milyard kubmetr qaz çatdırıb. Rusiya tədarükləri ölkə idxalının 25 faizdən çoxunu təşkil edib.
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ