Onlayn ictimai-siyasi qəzet
Mədəniyyət və yaradıcı sənaye XXI əsrin aparıcı iqtisadi və sosial inkişaf trendlərindən biri kimi formalaşır. Bu sahədə uğurlu layihələrin – istər film, teatr tamaşası, kitab, istərsə də sənət layihələrinin ərsəyə gəlməsi üçün əsas şərtlərdən biri dayanıqlı maliyyə təminatıdır. Azərbaycanda isə bu məsələ hələ də kompleks həll tələb edən mövzulardandır.
Yaradıcı şəxslər üçün bir sıra maliyyə mənbələri mövcud olsa da, bu imkanlardan istifadənin sistemsiz və koordinasiyadan uzaq olması onların ideyalarının gerçəkləşməsinə əngəl yaradır. Çıxış yollarından biri kimi biznes kreditləri və dövlət zəmanətli fondlar göstərilsə də, real vəziyyət fərqli mənzərə ortaya qoyur.
Bu barədə filologiya elmləri üzrə fəlsəfə doktoru, aktyor Nofəl Şahlaroğlu Finss.az-a geniş açıqlama verib.
“Maliyyə mənbələri var, amma sistemli mexanizm yoxdur”
N.Şahlaroğlunun sözlərinə görə, yaradıcı şəxslər üçün nəzərdə tutulan maliyyə mənbələri mövcuddur, lakin bu imkanların koordinasiyalı şəkildə tətbiqi ciddi çatışmazlıqdır:
“Yaradıcı insanlar üçün müxtəlif maliyyə mənbələri mövcuddur. Buraya mədəniyyət və digər nazirliklər, dövlət qurumları, investorlar, reklam təklif edən sponsorlar və digər qurumlar daxildir. Lakin təəssüf ki, bu sahədə maliyyələşməni tənzimləyən konkret və sistemli bir qanunvericilik mexanizmi yoxdur. Daha çox individual münasibətlər, şəxsi təşəbbüslər və yaradıcılığa olan münasibət ön plandadır.”
O əlavə edib ki, bəzi layihələrdə, müsabiqələrdə və tenderlərdə təqdim olunan uduş fondları və pul mükafatları çox kiçik məbləğlərlə məhdudlaşır:
“Bu da həm yaradıcı şəxslərin motivasiyasına, həm də layihənin davamlılığına mənfi təsir göstərir. Ona görə də bu sahədə konkret tədbirlər planı və sistemli dövlət dəstəyi mexanizmləri hazırlanmalı və tətbiq edilməlidir.”
Bank sektorunun dəstəyi: Sistemsizlik və risk yanaşması
Yaradıcı iqtisadiyyatın maliyyələşdirilməsi sahəsində bankların mövqeyi də əhəmiyyətlidir. Lakin aktyor bu sahədə də ciddi problemlərin olduğunu qeyd edib:
“Azərbaycanda bank sektoru həm dövlət, həm də qeyri-dövlət layihələrinə dəstək göstərməkdə müəyyən rol oynayıb. Banklar müxtəlif vaxtlarda baş sponsor, adi sponsor və ya təşkilati dəstəkçi kimi çıxış ediblər. Bu dəstək klip və sosial çarxlardan tutmuş kommersiya xarakterli filmlərə qədər uzanır. Lakin əsas məsələ ondan ibarətdir ki, bu investisiyaların nə dərəcədə məqsədyönlü və düzgün ünvanlandığı, onların iqtisadi və ictimai geri dönüşünün olub-olmadığı ciddi şəkildə təhlil edilməlidir”.
N.Şahlaroğlunun fikrincə, ayrılan vəsaitlərin daha qlobal və əhəmiyyətli layihələrə – yəni cəmiyyətə və iqtisadiyyata böyük təsir potensialı olan təşəbbüslərə yönəldilməsi üçün prioritet sahələrin dəqiq müəyyənləşdirilməsi zəruridir:
“Risk isə bank sektoru üçün qaçılmaz və təbii bir haldır və bu, düzgün idarəetmə ilə minimal səviyyəyə endirilə bilər.”
Dövlət zəmanətli fondlar və güzəştli kreditlər: Gələcəyə baxış
Yaradıcı sənayenin inkişafı üçün alternativ və dayanıqlı maliyyə mexanizmlərinin formalaşdırılması zərurəti gündəmdədir. N.Şahlaroğlu bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübəyə uyğun fondların yaradılması vacib addımdır:
“Dövlət zəmanətli fondların yaradılması illərdir ki, labüd və vacib addım kimi qiymətləndirilməlidir. Bu, dünya təcrübəsində də geniş şəkildə tətbiq olunan mexanizmdir. Xüsusilə genişmiqyaslı, böyük büdcəli layihələrin həyata keçirilməsində belə fondlara ciddi ehtiyac duyulur.”
Onun fikrincə, bu fondlarla yanaşı, tənzimlənmiş şərtlərlə təqdim edilən güzəştli kreditlər də yaradıcı şəxslərə və innovasiya sektorunun inkişafına ciddi dəstək ola bilər:
“Bu mexanizmlər vasitəsilə həm maliyyə riski azaldıla, həm də sosial və iqtisadi dəyər yaradan layihələrin reallaşdırılması təmin oluna bilər.”
Hüquqi və maliyyə bazası formalaşmalıdır
Aktyorun fikirləri göstərir ki, Azərbaycanda mədəniyyət və yaradıcı sahələr üçün maliyyə imkanlarının formalaşdırılması təkcə yaradıcı şəxslərin məsuliyyəti deyil. Bu məsələ dövlət siyasətinin, bank sektorunun və ümumi iqtisadi strategiyanın bir hissəsi olmalıdır.
Yalnız bu halda, yaradıcı təşəbbüslər dayanıqlı və təsirli nəticələr verə bilər. Əks halda, ideyalar kağız üzərində qalacaq, istedadlar isə maliyyə baryerləri ilə üz-üzə dayanacaq.
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ