İnsanlara hürriyət, millətlərə istiqlal!

Knyazların, generalların zərif xələfi – Takayçi qüdrətli Yaponiyanı idarə edəcək 66-cı şəxsdir

Bu gün Yaponiya parlamentinin əsas aşağı palatasının üzvləri səs çoxluğu ilə Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takayçini (Sanae Takaichi) ölkənin baş naziri seçiblər.

Bu barədə yayılan məlumatda bildirilir ki, Takayçi Yaponiyanın ilk qadın baş naziridir. Onun “104-cü baş nazir” olduğu qeyd edilir.

Ancaq 1885-ci ildən bəri, Yaponiyada baş nazirlik institutu təsis ediləndən bu günə qədər Yaponiyada baş nazir postunu 65 kişi tutub. Takaiçi 66-cıdır və qadındır.

Burada bir yanlışlıq yoxdur, Takayçi şəxs olaraq 66-cıdır, sadəcə, ondan əvvəl baş nazir postuna 103 dəfə təyinat olub – yəni bəzi şəxslər bu posta bir neçə dəfə seçiliblər.

Bu da o deməkdir ki, son 140 ildə Yaponiyada 104 dəfə seçki olub - az qala ilyarımdan bir.

1885-ci ildən 1818-ci ilə qədər baş nazir postunu 9 nəfər tutub. Onların hamısı markiz, knyaz, marşal, general, admiral, qraf olublar və bir-birini bir neçə dəfə əvəz ediblər (bir seçkidə uduzub, postdan kənarlaşıb, növbəti dəfə, yaxud da bir neçə seçkidən sonra yenidən seçilib baş nazir postuna qayıdıblar).

hirbb.JPG (56 KB)

Yaponiyanın ilk baş naziri markiz İto Hirobumi (1841-1909) olub. O, həm də ölkəsinin 5-ci baş naziridir.

1918-ci ildə Yaponiyada baş nazir postunu yalnız zadəganlar və hərbçilər yox, bir mülki siyasətçi tutub.

hara.jpg (84 KB)

Mülki baş nazirlərin birincisi Hara Takasidir. Peşəcə jurnalist olan bu şəxs 3 il baş nazir vəzifəsində çalışıb və 1921-ci ildə terrorçu tərəfindən öldürülüb.

Sonra hakimiyyət yenidən knyazların, qrafların, baronların, vikontların, generalların və admiralların əlinə keçib. Ta 1947-ci ilə qədər belə davam edib.

II dünya müharibəsində acınacaqlı məğlubiyyətə düçar olandan sonra zadəganlar və hərbçilər siyasətdən kənarlaşıblar. Onların idarəçiliyinin xalqa bədbəxtlik gətirdiyi bəlli olub.

Hərbi cinayətlər törətməkdə ittiham olunan baş nazir, ordu generalı Xideki Todze Tokio tribunalının hökmü ilə edam olunub.

Müharibədən sonra parlament seçkilərini qazanaraq baş nazir postuna gələn mülki siyasətçilər (hüquqşünaslar, iqtisadçılar, müəllimlər, mühəndislər) Yaponiyanın fenomenal dirçəlişini təmin ediblər.

Onlar hərbçi və zadəgan sələfləri kimi xarici ölkələrə yönəlik aqressiv, işğalçı siyasət yeritməyiblər (buna imkan da olmayıb), ölkənin daxili potensialını, insan resursunu hərtərəfli inkişafa, təhsil və səhiyyəyə, elm və tərəqqiyə yönəldiblər və böyük uğurlar qazanıblar.

Ən ümdəsi odur ki, Yaponiya inkişaf etdikcə və insanların yaşayış səviyyələri yüksəldikcə, sıravi yaponlar əldə olunmuş nailiyyətlərə qane olmayıblar və heç bir partiyanı “əsrin partiyası”, “xilaskar”, “rifahın təminatçısı” elan etməyiblər. Tez-tez keçirilən seçkilərdə ya hakim partiyanın rəqibi olan siyasi qüvvələr qalib gəlib, ya da hakim partiyanın içindəki digər fraksiya.

Bu üzdəndir ki, Yaponiyanı indiyə qədər idarə edən baş nazirlərin heç biri bu postda 10 il ard-arda oturmayıb. Əksəriyyətinin stajı 2-3 ildir. Ən çox baş nazir işləyənlər isə 2-3 nəfərdir və onlar bu postda cəmi 6 il oturublar.

abez.JPG (36 KB)

O cür “çoxstajlı” baş nazirlərdən biri Sindzo Abe idi. 2020-ci ildə baş nazir postunu tərk edən Abe 2022-ci ildə sui-qəsdə məruz qalaraq həyatını itirib.

koud.png (485 KB)

Daha bir “uzunömürlü baş nazir” isə Cantiro Koudzumidir. Bu çəxs 2001-ci ildən 2006-cı ilə qədər Yaponiyanın baş naziri olub. 2006-cı ildə o, seçkilərdə qalib gələrək yenidən baş nazir olmaq şansı qazanıb, amma istefa verərək postunu partiyadaşı Abeyə ötürüb.

Yüksək vəzifədən istefa vermək Yaponiyada adi hadisədir. Opponentləri və öz partiyadaşları tərəfindən tənqid olunan, barələrində hansısa qəzetdə ittiham dolu məqalə yazılan nazirlər heç vaxt dirəşmirlər. Bir çoxları dövlət işinin ağırlığına tablaşmadıqlarını, şəxsi istirahətlərinə vaxt tapmadıqlarını deyərək, vəzifələrindən gedirlər.

Bu ölkədə baş nazir və digər nazirlərin adları hələm-hələm korrupsiyada hallanmaz. Nadir hallarda kiməsə qarşı belə bir ittiham səslənsə, adam dərhal vəzifəsini təhvil verər və araşdırma tələb edər.

Yaponiyanın bugünkü hərtərəfli inkişafını, tərəqqisini məhz dövlət məmurlarının ideal dürüstlüyünə bağlayırlar. bağlayırlar.

sanay.JPG (16 KB)

Budur, xanım Takayçi parlamentdə 465 səsdən 237-ni toplayaraq qalib gəlib, baş nazir olub. O dünyanın ən qüdrətli, varlı ölkələrindən birinə rəhbərlik edəcək. Ancaq heç iki il keçməyəcək ki, bu postda onu başqası əvəz edəcək – Takayçi yaxşı işləsə də, işləməsə də. Ənənə belədir

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR