Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası istiqamətində mühüm addım atılıb. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan taxılının Ermənistana tranzit qaydada daşınmasına icazə verib. Qazaxıstan məhsulları Bakı-Aktau xətti vasitəsilə Azərbaycanın ərazisindən keçərək Ermənistana çatdırılacaq. Prezident İlham Əliyev bu qərarın sülh prosesinin artıq yalnız kağız üzərində deyil, praktik müstəvidə də reallaşmasının göstəricisi olduğunu vurğulayıb.
Ermənistan baş naziri Nikol Paşinyan da bu jestə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Qarşılıqlı addım kimi, Ermənistan Türkiyədən Azərbaycana gedən TIR-ların öz ərazisindən keçməsinə icazə verib. Bununla da iki ölkə arasında beynəlxalq nəqliyyat əlaqələrinin faktiki bərpası baş verir və bu proses Cənubi Qafqazda uzun illərdən sonra formalaşmaqda olan yeni əməkdaşlıq və etimad mühitinin rəmzinə çevrilir.
Bu qərarlar, eyni zamanda, regionda iqtisadi inteqrasiyanın dərinləşməsi, kommunikasiya xətlərinin açılması və sülhün möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Bəs Azərbaycanın atdığı bu addım artıq praktik sülhün başlanğıcı deməkdirmi, yoxsa prosesin qarşısında hələ də ciddi risklər var? Ermənistanın bu siyasətinə qarşı Rusiyanın hansı təzyiq alətlərindən istifadə edə biləcəyi gözlənilir?
O da məlumdur ki, Rusiya Ermənistan daxilində hakimiyyət dəyişikliyinə dəstək verməklə bölgədə sülh prosesini pozmağa çalışır.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, iki ölkə arasında kommunikasiya xətlərinin açılması Cənubi Qafqazda davamlı sülhə və əməkdaşlığa xidmət etməlidir:
“Doğrudur, buna mane olmaq istəyən qüvvələr Ermənistanda kifayət qədərdir - radikallar, Qarabağ klanı, kilsə və s. Lakin əməkdaşlıq işə düşəndən sonra, yəni kommunikasiya xətləri açıldıqdan sonra, Ermənistan istər-istəməz Türkiyə və Azərbaycandan asılılığı artacaq. Eyni zamanda, Ermənistan da bu əməkdaşlıqdan faydalanacaq və erməni cəmiyyətinin bir hissəsi prosesi dəstəkləmək məcburiyyətində qalacaq. Ona görə də buna mane olmaq istəyən qüvvələrin gücü artıq təsirsiz olacaq.
Bu baxımdan, kommunikasiya xətlərinin açılmasını indi də çox əhəmiyyətli hesab etmək olar”.
Politoloq bildirib ki, sülh sazişi imzalandıqdan sonra əməkdaşlıq daha da genişlənəcək:
“Ermənistan hətta istəyir ki, Azərbaycandan qaz alsın və bu, həll oluna biləcək bir məsələdir, çünki bu, Ermənistanın təkcə Rusiya və İran qazından asılılığını azaltmaqla nəql imkanlarını şaxələndirəcək. Bu isə bölgədə sülhün davamlı olmasına xidmət edəcək.
Eyni zamanda, Azərbaycanın Prezidenti İlham Əliyevin Qazaxıstandakı açıqlaması diqqətçəkəndir - Qazaxıstan taxılı artıq Azərbaycan üzərindən Ermənistana daşınır. Bu qərarı erməni rəsmiləri alqışlayıb, Ermənistan baş naziri Nikol Paşinyan isə Tiflisdəki toplantıda buna görə İlham Əliyevə minnətdarlığını bildirib. Qarşılıqlı addım kimi, Ermənistan da öz ərazisinin Azərbaycanla Türkiyə arasındakı nəqliyyat imkanlarından istifadə olunmasına razılıq verib. Doğrudur, dəmir yolu hələ hazır deyil, amma avtomobil yolları artıq istifadə oluna bilər.
Bu yeni reallıq Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbədən sonra yaranan bir vəziyyətdir və Ermənistan baş naziri, hökuməti və erməni cəmiyyətinin bir hissəsi bunu qəbul etmək məcburiyyətində qalıb”.
Elxan Şahinoğlunun fikrincə, Rusiya bu prosesi əngəlləyə bilməyəcək:
“Əgər Ermənistan–Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı dərinləşsə, Türkiyənin də bu prosesdə rolu artacaq və Ermənistanın qazancı yüksələcək. Rusiya bu prosesə mane ola bilməyəcək, təkcə ona görə ki, Moskva özü də regional əməkdaşlıqda iştirak etməkdə maraqlıdır. Buna misal olaraq, Azərbaycanda fəaliyyət göstərən Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar”.
Xalidə GƏRAY
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ