Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda inflyasiyaya ən çox təsir edən daxili amil kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləridir.
Musavat.com xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov faiz dərəcələrinin açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, 9 ayda ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 9,3 faiz artıb. Bu, inflyasiyaya 4,28 faiz bəndi artırıcı təsir göstərib. AMB bu artımın səbəblərini təhlil etmək üçün Dövlət Statistika Komitəsinin bazasından istifadə edib. Müşahidələr göstərib ki, 9 ayda birillik bitkiçilikdə bu göstərici 4,6 faiz, çoxillik bitkiçilikdə 22,7 faiz təşkil edib. Heyvandarlıq məhsullarının istehsalçı qiymət indeksi isə doqquz ayda 9,6 faiz artıb.
Bu artımda idxal olunan meyvə və əkin toxumlarının qiymətinin 61 faiz, heyvandarlıq yemi üçün istifadə olunan məhsulların idxal qiymətinin 27.1 faiz, mineral və kimyəvi azot gübrələrinin idxal qiymətinin isə 11,8 faiz artması əsas rol oynayıb.
AMB-nin oktyabr proqnozuna görə, 2025-ci ilin sonuna Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 7,9 faiz artacaq. İyulda gözlənti 6,9 faiz idi. Bu artım ölkə üzrə ümumi inflyasiyaya 0,47 faiz bəndi artırıcı təsir göstərəcək.
2026-cı ilin sonuna kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 6,9 faiz artacaq. İyulda AMB bu göstəricini 4,8 faiz proqnozlaşdırmışdı. Artım inflyasiyaya 0,93 faiz artırıcı təsir göstərəcək.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ