İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana bəd xəbər: Azərbaycanın F-16 kimi qırıcıları da olacaq

Rəşad Bayramov: “Pakistan tarixində ən böyük silah satışı müqaviləsini məhz Azərbaycanla bağlamaqla...”

Səxavət Məmməd: “Azərbaycan tərəfi yenə tələsməyəcək”

Azərbaycan Pakistandan müasir JF-17C “Block 3” qırıcı təyyarələri alacaq. Sövdələşmə məbləği 1,6 milyard dollar təşkil edir. Bu barədə Pakistanın “Air Operation Syndicate” nəşri bildirir. Mənbənin məlumatına görə, yeni təyyarələr Azərbaycanın malik olduğu Rusiya istehsalı olan MİQ-29 təyyarələrini əvəz edəcək.

“JF-17C “Block 3” bu növ qırıcıların sonuncu modifikasiyasıdır. “4+” nəsil qırıcılar hesab olunur, lakin beşinci nəsil avionika və silahlardan istifadə edir. Qırıcı aşağı əməliyyat xərcləri və minimal texniki xidmət tələbləri ilə hazırlanıb. Bu da böyük bir təyyarə parkını yerləşdirməyə və onların yüksək döyüş hazırlığını saxlamağa imkan verir”, - məlumatda deyilir.

Təyyarə müxtəlif növlü 8 raket, müasir radarları və elektron müdafiə sistemlərini daşıya bilir. JF-17 öz xüsusiyyətlərinə görə regionda mövcud olan Mİ-29 və SU-25 təyyarələrindən üstün sayılır. Bundan başqa, Pakistanın istehsal etdiyi qırıcı təyyarələr C-300 RƏM sisteminə qarşı mübarizə aparmaq imkanına malikdir. Yenilənmədən sonra JF-17 “Blok 3” ABŞ F-16-larının təkmilləşdirilmiş versiyaları ilə uzlaşır. Ancaq JF-in əsas üstünlüklərindən biri texniki xidmət baxımından F-16-lardan iki dəfə ucuz olmasıdır.

Bunun Pakistanın Hərbi-Sənaye Kompleksinin ən böyük ixrac sövdələşməsi olduğu qeyd edilir. Müqavilə təyyarələrlə yanaşı, döyüş sursatlarının tədarükünü və pilotlara təlim keçilməsini də ehtiva edir.

Açıq mənbələrin məlumatına görə, bir təyyarənin qiyməti 25 milyon dollardır. Sövdələşmə məbləği bir milyard yarım dollardan çox olduğu üçün Azərbaycanın hərbi təyyarə parkını tamamilə yeniləyəcəyini demək olar. Yəni təxminən 60 ədəd JF-17C “Block 3”I təyyarəsi alınacaq.

Bu qırıcıların ordumuzun döyüş və hərbi qabiliyyəti üçün önəmi nədir? Türkiyədən almaq istədiyimiz yeni (5-ci nəsil) KAAN qırıcı təyyarələrindən fərqi nədir?

Prezident İlham Əliyev qardaş Türkiyəyə son səfəri bildirmişdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Burada NATO tipli model nəzərdə tutulurdu. Pakistan qırıcıları bu modelə nə dərəcədə tez uyğunlaşa biləcək? Azərbaycanın İsrail, Türkiyə və Pakistandan aldığı son model silahlarla Ermənistanın Fransadan, Hindistandan aldığı silahların keyfiyyət müqayisəsi nə deyir?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın aktiv şəkildə silahlanmasına, öz büdcəsində 2024-cü il üçün hərbi xərcləri üst-üstə 2 milyard dollara qədər artırmasına Azərbaycanın seyrçi qalmayacağı məlum idi:

271051076_339406394855633_953580521952357612_n.jpg (161 KB)

“Azərbaycan onsuzda İkinci Qarabağ savaşından sonra da arxayınlaşmayaraq öz hərbi arsenalını daha da gücləndirmək üçün yeni silah sistemlərinin alınması ilə bağlı müxtəlif müqavilələr imzalayıb. İndi Pakistanla dəyəri 1,6 milyard dollar olan irihəcmli hərbi sazişin imzalanması isə onu göstərir ki, hərbi rəhbərlik düşmənin Fransa, Hindistan, İran və digər ölkələrdən əldə etdiyi silah sistemlərini, onların imkanlarını tədqiq edərək, onları sıradan çıxaracaq silah sistemlərini əldə etməyi planlaşdırır. Ermənistanın hal-hazırda Hindistandan aldığı və müqavilələrə görə bundan sonra da əldə edəcəyi silah sistemlərinə “Svati” radar sistemləri, “Pinaka” reaktiv yaylım atəş sistemi, MArG 155 təkərli özüyeriyən haubitsalar, ATAGS topları, “Konkurs-M” raketləri, “Zen” Antidron sistemləri, “Akaş” ortamənzilli yer-hava HHM sistemi, “BrahMos” qanadlı raketləri, “Pralay” yaxınmənzilli ballistik raketi daxildir. Bununla bərabər, Hindistan dron əleyhinə hələ sınaqdan çıxmamış, öz arsenalına qəbul etmədiyi silahları da Ermənistana tədarük etməyə başlayıb.

Fransadan alınan və alınması pıanlaşdırılan silahlara isə SEZAR artilleriya sistemi, “Bastion” zirehli texnikası, GM-200 radarı, “Mistral” HHM sistemləri daxildir. Buraya İrandan alınan pilotsuz uçuş aparatlarını, “Dahlaviyeh” raket komplekslərini, eləcə də “Almas” raket kompleksini əlavə etdikdə görürük ki, Ermənistan həqiqətən də 44 günlük müharibədən olduqca ciddi dərs çıxarıb.

Amma məsələ burasındadır ki, Ermənistanın əldə etdiyi silah və texnikanın heç də hamısı yüksək keyfiyyətli silahlar deyil. Onların böyük əksəriyyəti analoqlarından geri qalır.  Məsələn, Hindistandan alınan 152-155 millimetrlik haubitsa topları olan ATAGS toplarının atış məsafəsinin əlli kilometr olmasına baxmayaraq onu digər toplar kimi avtomobil şassisinin üzərinə bərkitməklə yerini tez-tez dəyişmək mümkün deyil. ATAGS toplarının zəif cəhəti odur ki, onların yerini dəyişmək olmur. Əgər müasir dövrün müharibə şərtlərini, silahlı və silahsız PUA-larla havadan hücum imkanlarını nəzərə alsaq, sabit şəkildə yerini dəyişmədən qalmağı sözügedən toplar üçün çox böyük zəiflik kimi dəyərləndirə bilərik. Və ya Fransadan alınan və Ukraynanın belə ehtiyacı olduğu halda almaqdan imtina etdiyi “Bastion” zirehli texnikası. Məlumdur ki, o da olduqca zəif zirehə malik və dağlıq ərazilərdə ümumiyyətlə əlverişsiz texnika hesab olunur. Eyni şeyləri “Zen” antidron sistemləri haqqında da demək olar. Bu sistemlər hər nə qədər yüksək dəqiqlikli və effektli sistemlər olsa da hündürlük və məsafə baxımdan “Bayraktar”dan geri qalır. Bu baxımdan, “Zen” sistemləri "Bayraktar TB2" və arsenalımızda olan digər dronlara qarşı yalnız yaxın məsafədə effektiv ola bilər. Hündürdən uçmaq və uzaq məsafədən zərbə endirmək qabiliyyəti "Bayraktar TB2"ni “Zen” antidron sistemindən üstün edir. Siyahını uzatmaq olar və alınan bir sıra texnika və silahların keyfiyyətindən də danışmaq olar. Amma unutmaq olmaz ki, düşmənin əldə etdiyi silahların içərisində də kifayət qədər güclü xüsusiyyətlərə malik silahlar mövcuddur. Odur ki, istənilən halda qarşı tərəfin hər an təhlil edilməsi olduqca vacibdir.

Pakistanla imzalanan sazişə gəldikdə isə JF-17C “Block 3” təyyarəsinin eyni vaxtda 15 hava hədəfini izləmə və eyni anda 4 hədəfi tutma imkanları onu Rusiyanın Su-30MKI, Su-35S, MiG-35, Hindistanın “Tejas Mk.2” və Fransanın “Rafale” təyyarələrindən daha üstün edir.

JF-17C “Block 3” təyyarəsinin seriyalı istehsalına 2020-ci ildə başlanıb. Bu versiya, digər üstünlüklərlə yanaşı, havada yanacaq doldurma sisteminə və mükəmməl radara malikdir. Xüsusilə, “Blok 3” modifikasiyasında təyyarəyə yer fonu da daxil olmaqla uzaq məsafədən hədəfləri aşkar etməyə imkan verən “Active Electronically Scanned Array” radar sistemi nəzərdə tutulub. Radara əlavə olaraq, təyyarə kabinada bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarənin idarə olunmasını və hava döyüşünü xeyli asanlaşdırır”.

Politoloq burada verilmiş olan bir mesaj da görür: “Düşünürəm ki, Azərbaycanın öz arsenalına “Akınçı” PUA-ları ilə gücləndirməsinin, eləcə də beşinci nəsil qırıcılar hesab olunan “Kaan” müasir qırıcılarının ilk alıcıları sırasında olmasının ardınca indi də Pakistanla belə bir saziş imzalaması hər kəsə verilmiş mesaj kimi qəbul oluna bilər. Pakistan tarixində ən böyük silah satışı müqaviləsini məhz Azərbaycanla bağlamaqla, Azərbaycan isə nüvə gücü olan strateji müttəfiq və qardaş ölkə Pakistanla münasibətləri ən üst səviyyəyə qaldırmaqla regiona soxulmağa cəhd edənlərə göz dağı vermiş oldular. Türkiyə və Pakistanla imzalanmış sazişlər həm də ölkəmizin etibarlı tərəfdaş və müttəfiq olduğunu, istənilən zaman Azərbaycanın yanında olanlarla taleyini birləşdirməkdə qərarlı olduğunu göstərir”.

Hərbi ekspert Səxavət Məmməd: “44 günlük müharibədən əvvəl belə Azərbaycanın aviaparkının yenilənməli olduğu deyilirdi. Azərbaycan tərəfinə müxtəlif ölkələrin, müxtəlif döyüş təyyarələri təklif edilirdi. Azərbaycan tərəfi tələsmədi, əlində olan qırıcıları modernləşdirdi. Müharibə vaxtı hər kəs deyirdi ki, niyə qırıcılarımız işləmir? Əslində işləyirdi, sadəcə olaraq sovet istehsalı olan təyyarələrə elə raketlər quraşdırılmışdı ki, qırıcıların aşağı enib zərbə endirməsinə gərək qalmırdı, bir neçə kilometr yüksəklikdən zərbələr endirilirdi. Azərbaycan müharibədən sonra yenə qırıcılarının modernləşdirilməsinə getdi. Ancaq aviaparkın yenilənməsi gündəmdən düşməmişdi.

sexavet.jpg (81 KB)

Döyüş təyyarəsi almaq o qədər də asan məsələ deyil. Bunun üçün strateji tərəfdaşlığa ehtiyac var. Bundan əlavə balansın qorunmasına da. Hesab edirəm ki, Azərbaycan üçün ən uyğun variant elə Pakistan olardı. Pakistanla həm Azərbaycanın strateji müttəfiqliyi var, həm də ordan alınacaq qırıcılar Qərblə Rusiya arasındakı balansı da pozmaz. Düzdür, JF-17C “Block 3” qırıcı təyyarələrinin alınması üçün hələ ki, rəsmi açıqlamaya rast gəlməmişik. Bir neçə il öncə də buna bənzər xəbərlər çıxmışdı. Bu tip xəbərləri bəzən prosesləri sürətləndirmək istəyən şirkətlər də ortaya ata bilir. JF-17C qırıcı təyyarələri Pakistan ordusunun arsenalında var. 2019-cu ilin fevralında Hindistanla Pakistan arasında sərhəd toqquşması zamanı hava döyüşü baş verdi. Həmin döyüş zamanı Hindistana məxsus MiQ-21 Pakistanın JF-17 qırıcısı tərəfindən vurulub. Ondan əvvəl və sonra belə bir hal yaşanmayıb. Türkiyə istehsalı olan KAAN-nın isə ilk uçuşu bir neçə gün əvvəl baş tutdu. Bu qırıcı hələ ki, sınaq mərhələsindədir. Onun döyüş meydanında necə özünü göstərəcəyi isə müəmmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi yenə tələsməyəcək. Azərbaycan pilotları həm rus, həm də NATO standartlarına uyğun döyüş təyyarələrini idarə edə bilir. Bu baxımdan Azərbaycanın sıxıntı yaşayacağını gözləmirəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR