Onlayn ictimai-siyasi qəzet
Paşinyan Qranada zirvəsində Zəngəzur koridoru ilə bağlı öhdəliyə xitam verilməsini gündəmə gətirə bilər; rəsmi Moskvanın da son mövqeyində korrektə var, lakin 10 noyabr sənədini qüvvədən salmaq mümkündürmü? - təhlil
“Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammitində baş nazir Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməsinin 9 saylı bəndinin ləğvi məsələsini gündəmə gətirmək niyyətindədir”.
“Yeni Müsavat” bildirir ki, Ermənistanın “Hraparak” nəşri bu məlumatı yayıb. Həmin bəndə əsasən, Ermənistan Azərbaycan vətəndaşlarının, avtonəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verməlidir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirməlidir. “Beləliklə, Nikol Rusiyanı Türkiyə ilə Azərbaycan arasında kommunikasiyalara nəzarət imkanından məhrum etməklə, faktiki olaraq Kremli Cənubi Qafqazdan qovmaq niyyətindədir. Paşinyan və onun qrupunun avantürası Ermənistanın və ermənilərin müstəqilliyi və suverenliyi üçün ciddi nəticələr verə bilər. Çünki Rusiyanın regionu belə asanlıqla tərk etməyəcəyi və 9-cu bəndin güc yolu ilə, bəlkə də müharibə yolu ilə həyata keçiriləcəyi ilə bağlı proqnozlar var”, - məlumatda deyilir.
Qeyd edək ki, ilk dəfədir belə bir iddia səslənir. Məlumdur ki, Azərbaycan Zəngəzur dəhlizinin zorla açılacağı iddiasını Prezidentin köməkçisi Hikmət Hacıyevin dilindən bir daha təkzib edib. Yəni Bakının Ermənistan ərazisinə girmək kimi bir planı yox. Türkiyə lideri Ərdoğan isə bəyan edib ki, əgər Ermənistan bundan imtina etsə, İran üzərindən Zəngəzur dəhlizi açılacaq. İkinci yandan, 9-cu bəndin əlahiddə ləğvi mümkündürmü? Bu, elə 10 noyabr kapitulyasiya sənədinin ləğvi demək olmazmı? Ümumiyyətlə, hüquqi cəhətdən hansı halda bu mümkün ola bilər - tərəflərdən hansısa biri sənəddən çıxdığını bəyan etməklə? Onu da nəzərə alaq ki, kapitulyasiya aktı Azərbaycan, Ermənistan və Rusiya parlamentləri tərəfindən ratifikasiya edilməyib. Üçüncüsü, Azərbaycana bu sənədin ləğvi sərfəlidirmi? Nəhayət, Rusiya həqiqətənmi 9-cu bəndin güc yolu ilə reallaşmasına cəhd edə bilər?
Yeri gəlmişkən, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova regionda kommunikasiyaların bərpasını şərh edərkən deyib ki, Azərbaycan və Ermənistan öz ərazisindən keçən marşrutlar üzərində suverenliyə və yurisdiksiyaya malik olmalıdır. “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Və onlar öz əməli fəaliyyətlərində bu prinsipi rəhbər tutacaqlar. Bunu artıq tərəflər də bildiriblər”, - o qeyd edib. Zaxarovanın sözlərinə görə, Rusiya Cənubi Qafqazda sabit vəziyyətin olmasında maraqlıdır: “Moskva bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. Eyni zamanda, həm Ermənistan, həm də Azərbaycan bizimlə müttəfiq dövlətlərdir. Biz İrəvanla həm ikitərəfli formatda, həm də KTMT formatında təhlükəsizlik öhdəlikləri ilə bağlıyıq. Bakı ilə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə uğurla həyata keçirilir. Regionda nəqliyyat kommunikasiyalarının açılması mövzusuna gəlincə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə ən ciddi formada nəzərdən keçirilir. Moskva əmindir ki, məhz bu formatda qarşılıqlı məqbul həll yolu tapılmalıdır. Maraqlar balansına əsaslanan bu cür razılaşmalar həm region dövlətlərinə, həm də qonşularına, o cümlədən Rusiya, İran və Türkiyəyə fayda verəcək”.
Zaxarova “Azərbaycan və Ermənistan öz ərazisindən keçən marşrutlar üzərində suverenliyə və yurisdiksiyaya malik olmalıdır” deməklə Zəngəzur koridorunun açılacağı halda dəhliz statusu daşımayacağına işarə edib. Yəni yol açılır, amma gömrük rejimi tətbiq edilir. Azərbaycan Prezidenti də qeyd etmişdi ki, Zəngəzur kommunikasiyası hansı rejimdə işləyəcəksə, Laçın yolu da elə olacaq. Faktiki olaraq, Laçın dəhlizi yoxdur, sərhəd-buraxılış məntəqəsi fəaliyyətdədir, bölgədə fundamental dəyişikliklər olub, erməni əhalisi Qarabağı bu yolla tərk edir. Hətta Paşinyan bildirib ki, bu gedişlə bölgədə bir erməni qalmayacaq. Təbii ki, Bakı onların köçünü istəmir, amma zorla da saxlamaq olmaz. O baxımdan Qarabağda bir erməni belə qalmasa, o zaman Laçın yolunun ümumiyyətlə önəmi dəyişir. Belədə isə nəqliyyat kommunikasiyalarının açılması, Zəngəzur dəhlizinin adi yol kimi işləməsi ehtimalı istisna deyil. Bəs, bu ardıcıllıq hansı şəkildə inkişaf edə bilər? Nikol 9-cu bəndə xitam verilməsinə nail ola bilərmi?
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, son hadisələr bu fikirlərin Ermənistan tərəfindən səslənməsinə rəvac verməkdədir. X.Bəşirov xatırladır ki, 10 noyabr sənədində Laçın yolu və Zəngəzur dəhlizi razılaşmaları var: “Azərbaycan antiterror tədbirləri həyata keçirdikdən sonra Ermənistan Qarabağdakı yerli əhalinin çıxarılması prosesinə başladı. Halbuki belə bir anlaşma, yaxud plan yox idi. Onlar qalmalı, təhlükəsizliyi təmin edilməliydi. İndisə onların gedişi vəziyyəti dəyişir. O səbəbdən İrəvan yenə tezis irəli sürür ki, Laçın yolundan istifadə etmiriksə, Zəngəzur dəhlizi də olmayacaq. Amma Laçın yolundan yalnız Qarabağ ermənilərinin gediş-gəlişi təmin edilir, Zəngəzur koridoru isə beynəlxalq layihədir”. Ekspert hesab edir ki, burada bir çox dövlətlərin maraqları var: “O cəhətdən Laçın yolu ilə Zəngəzur dəhlizini eyniləşdirmək Ermənistanın səhvidir. Digər tərəfdən, Ermənistan hansı öhdəliyi yerinə yetirməyibsə, bunun ağır nəticələrini görüb. Əgər 9-cu bənddən imtina etsə, onu nələr gözlədiyini bilməlidir. Ərdoğan da İrəvana mesaj verib ki, Zəngəzur dəhlizi İran ərazisindən reallaşdırıla bilər. Tehranla aparılan müzakirələr də bunu deməyə əsas verir. Sadəcə, İran ərazisi alternativ kimi nəzərdə tutulub. Ermənistan isə nə qədər uzatsa, əngəl olmağa davam etsə, hər bir mənada itirən yenə özü olacaq”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova üçtərəfli razılaşmaya uyğun olaraq nəqliyyat kommunikasiyalarının açılması üçün bir sıra işlər görülüb: “Türkiyə və Azərbaycan dəhlizin özlərinə aid hissəsində tikinti həyata keçirməkdədir. Bu hazırlıq planı sonra ləğv edilməsinə görə deyil ki? Hər halda Ankara və Bakı İrəvanı yola gətirəcəklərinə əmindirlər. Rəsmi İrəvan da yolların açılmasına qarşı getmir, sadəcə, dəhliz statusu daşımasının əleyhinədir. Eyni zamanda, Fransa və Avropa Birliyi Ermənistana diqtə edirlər ki, yola nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin həyata keçirməsinə imkan verməsin. 10 noyabr sənədində kontrol FTX-yə həvalə edilib, maneəsiz gediş-gəliş nəzərdə tutulub. İndi Paşinyan bundan boyun qaçırır, Qərbdə olan tərəfdaşları da ona dəstək verirlər ki, Zəngəzur dəhlizinə kontrol Rusiyada olmasın. İran da Fransa ilə həmrəydir. Hazırda dava bunun üstündədir. Elə bunun nəticəsidir ki, Qafanda, Gorusda konsulluqlar, nümayəndəliklər açılır. Ermənistan deyir ki, gömrük xidməti olsun, Rusiya hərbçiləri isə təhlükəsizliyi yoxlasın, ondan sonra marşrutlar işləsin. Bu da öhdəlikdən imtina və razılaşmanı təhrif etməkdir. Sadəcə, Azərbaycan Xankəndi və ətraf zonada suverenliyi təmin etməklə yeni bir reallıq yaranıb. Bu da Zəngəzur dəhlizi, bütövlükdə 9-cu bəndə təsir edəcək. Bundan sonra yol hansı rejimdə işləyəcək, bunu söyləməkdə çətinlik çəkirəm, lakin birmənalı olaraq deyə bilərəm ki, kommunikasiyalar açılacaq. Bu, Rusiyaya və Ermənistana hava-su kimi lazımdır...”
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ