İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayevin başladığı islahatlar - Sıra digər nazirliklərdə?

Maliyyə naziri rayonlardakı şöbələri ləğv etdi, deputat ayrı-ayrı qurumlarda bu prosesin davam edəcəyini anons verdi

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib. Belə ki, nazirliyin rayonlardakı şöbələri artıq ləğv edilib və regional idarələr yaradılıb. Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb. Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib. Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

“Azərbaycan Maliyyə Nazirliyi yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və onlara münasibətdə optimal idarəetmə modelinin tətbiqi məqsədilə rayon (şəhər) maliyyə idarələri və şöbələrini ləğv edib”. Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilir ki, onların bazasında ölkənin yeni iqtisadi rayon bölgüsünə uyğun şəkildə regional maliyyə idarələri formalaşdırılıb və bu idarələrin strukturu təsdiqlənib. Yeni struktur çərçivəsində Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

Sirr deyil ki, bir sıra başqa nazirliklərin də rayon şöbələri fəaliyyət göstərir. Onların ləğv edilərək regional qurumlarda birləşməsi mümkündürmü, gözlənilirmi? Bu islahatlar və ya ixtisarlar büdcəyə nə dərəcədə fayda verə bilər?

Ekspertlər hesab edir ki, bu təcrübənin digər dövlət qurumlarında da tətbiqi gözləniləndir. Çünki hazırda bir sıra nazirliklərin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər qurumların da rayon şöbələri mövcuddur. Bu struktur vahidlərinin də regional əsasda birləşdirilməsi mümkün və məqsədəuyğun görünür.

Bu islahatlar dövlət büdcəsinə nə verə biləcəyinə gəldikdə isə, qeyd olunur ki, idarələrin mərkəzləşdirilməsi ilə inzibati xərclər azalacaq, insan resursları daha effektiv şəkildə bölüşdürüləcək, təkrarlanan funksiyalar ləğv olunacaq. Bu isə həm qənaət rejiminə keçid, həm də ictimai xidmətlərin keyfiyyətinin yüksəlməsi deməkdir.

Nəticə etibarilə, Maliyyə Nazirliyində başlanan bu struktur dəyişiklikləri, ölkədə uzunmüddətli institusional islahatların bir parçası kimi qiymətləndirilə bilər. Növbəti mərhələdə digər nazirliklərin də bu modeli tətbiq etməsi istisna olunmur. Bu isə Azərbaycan bürokratik idarəetmə sisteminin daha çevik və funksional hala gəlməsi üçün mühüm addım ola bilər.

Vüqar Bayramov — Vikipediya

Vüqar Bayramov 

Mövzu ilə bağlı deputat, iqtisadçı alim Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ümumilikdə, rayon şöbələrinin ləğv olunaraq regional idarələrin yaradılması praktikası Azərbaycanda uzun müddətdir tətbiq olunur: “Bu yanaşma idarəetmənin səmərəliliyinin artırılması, eləcə də çeviklik və şəffaflığın gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan Maliyyə Nazirliyində də belə bir sistemin qurulması təqdirəlayiqdir. Bu addım, həm dövlət vəsaitlərinin idarə edilməsində qənaət və səmərəliliyin artırılmasına, həm də qərarların daha çevik qəbul olunmasına imkan yaradacaq. Eyni zamanda, prosedurların sadələşdirilməsinə xidmət edəcək. Bu səbəbdən bu təşəbbüs dəstəklənən və təqdirəlayiq bir praktikadır.

Hazırda digər dövlət qurumlarının əksəriyyətində də bu model tətbiq olunur, məsələn, Elm və Təhsil Nazirliyində və digər müvafiq qurumlarda. Əksər dövlət orqanlarında oxşar təcrübədən istifadə olunub və güman edilir ki, ümumilikdə rayonlaşmadan regionallaşmaya keçid tendensiyası növbəti dövrlərdə də davam etdiriləcək. Çünki bu yanaşma effektiv islahat kimi dəyərləndirilir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR