Onlayn ictimai-siyasi qəzet
"Ermənistandan Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərindən birini yerinə yetirməsini tələb edən Kremlin təzyiqi nəticəsində İran rəsmilərinin Moskvaya açıq hücumları davam edir".
Musavat.com xəbər verir ki, bunu İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin keçmiş sədri Heşmətullah Fəlahətpişeh X hesabında yazıb.
O iddia edib ki, Rusiyanın təşəbbüsü ilə irəli sürülən “Zəngəzur dəhlizi” mövzusunun aktuallaşmasına səbəb Tehranın Qərblə münasibətlərini normallaşdırmasıdır.
“Əvvəlki hökumət Qərblə razılaşmanı Rusiyanın Ukraynadakı maraqları naminə qurban verdi. Yeni hökumət Moskva ilə birtərəfli dostluq siyasətinin tələsinə düşməməlidir. Zəngəzur dəhlizi Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanallarının formalaşdırılması imkanlarının qarşısını almağa yönəlmiş ilkin hücumudur”,- o yazıb.
Hazırda Tehranda Rusiya ilə münasibətlərə yenidən baxılması fəal müzakirə olunur. Hətta mühafizəkar dairələr belə hesab edirlər ki, İran son illər Rusiya ilə yaxınlaşmaqla strateji səhvə yol verib və maraqlarına zərbə vurub. Beləliklə, İranın yeni prezidentinin administrasiyasının yeni vəzifəsi Qərblə münasibətləri yaxşılaşdırmaq və anti-İran iqtisadi sanksiyalarını yumşaltmaq üçün Moskvadan uzaqlaşmaqdır.
Analitiklərin fikrincə, bu məsələlər BRİKS ölkələrinin təhlükəsizlik məsələləri üzrə rəsmilərinin görüşündə iştirak etmək üçün Sankt-Peterburqa gedən İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfəri zamanı müzakirə olunacaq. İran mətbuatının məlumatına görə, Rusiyada İran Təhlükəsizlik Şurasının katibi Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcək.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ