İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan üçün kritik 10 gün – Ultimatum ciddiləşir

Ermənistan Baş naziri Nikol Paşinyanın başı dərddən ayılmır. Məsələ ondadır ki, on gün sonra - mayın 9-da faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı Moskvaya səfərə hazırlaşan Nikol Vovayeviçə qarşı Qərbdən qınaq və ittihamlar artıb.

İddialara görə, Paşinyanın Estoniyaya təzəcə başa çatan səfərində əsas məqsəd də elə Qərbin ona qarşı sərtləşmiş münasibətini yumşaltmağa çalışması olub. Yəni ki, Moskvaya gözlənilən səfəri o, daha rahat reallaşdıra bilsin.

Bu barədə “Hraparak” qəzeti yazıb (Teleqraf). Erməni nəşri bildirir ki, Qərb Nikol Paşinyana mayın 9-da Moskvaya səfərlə bağlı açıq şəkildə ultimatum verib: “Ona çatdırılıb ki, Ermənistan-Rusiya münasibətlərinin istiləşməsi Qərb üçün məqbul deyil. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, eston Kaya Kallas bir neçə gün əvvəl açıq şəkildə bəyan etmişdi ki, Aİ-yə namizəd ölkələr Moskva hərbi paradında iştirak etməməlidir. Latviya xarici işlər naziri Bayba Braje isə eyni qadağanı pozanlara qarşı mümkün sanksiyalara eyham vurub”.

Bəllidir ki, Ermənistan Aİ üzvlüyünə namizəd olmasa da, az öncə parlament “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib. “Hraparak” isə hakim komandada dolaşan rəyə əsasən yazır ki, Paşinyan Qərbə sadiqliyini bir daha təsdiqləmək və Rusiyadan gözlənilən zərbənin qarşısını almaq üçün Moskvaya getməyə məcbur olduğu mesajı vermək üçün Estoniyaya səfər edib. O, hətta Tallində kommunizm (Stalin repressiyası – red.) qurbanlarının xatirəsini ehtiramla yad edib. 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə 22 min estoniyalı Krasnoyarsk, Novosibirsk, İrkutsk və Omsk vilayətlərinə deportasiya olunmuşdu...

“İki stul” siyasətinin bax, belə acı “sürprizləri” var. Bu, əlbəttə ki, rəsmi Bakının apardığı balans siyasəti deyil. Bunlar tam fərqli xarici siyasət kursları. Əks halda, Ermənistan da Azərbaycan kimi bir-birinə faktiki düşmən münasibətdə olan İran, İsrail və Türkiyə nümayəndələri üçün eyni dərəcədə uğurlu ev sahibliyi edərdi.

Bu isə yoxdur, gözlənilmir. Çünki öncə gərək yetərli etimad yiyəsi, sayğı göstərilən dövlət imicinə malik olmalısan. On illərdir onun-bunun maşası olan və bu vərdişdən əl çəkmək istəməyən, özünə hörmət etməyən və daim yeni ağa, “qucaq” axtaran bir dalan ölkəyə kim hüsn-rəğbət bəsləyə, hörmət qoyar ki?

Bu və digər səbəbdən Prezident İlham Əliyev 9 mayda Moskvaya rahat şəkildə səfər edə bilər. Ən azı, iki ölkə arasında strateji tərəfdaşlıq haqda Moskva Bəyannaməsi bunu mümkün edir. Paşinyan isə iki od qarasında qalmağa davam edir...

Amma çıxış yolu var. Nə qədər ki, İrəvan Bakı və Ankara ilə sülh anlaşmalarını, normallaşmanı gecikdirəcək, o vaxtadək də Ermənistan az-çox müstəqil siyasət yürüdə bilməyəcək. Üstəgəl, böyük və məkrli güclərin əlində qonşulara qarşı alət qismində istifadəyə cəhdlər davam edəcək.

Deməli, o zamanadək qonşular da qondarma hay məmləkətinə şübhəli nəzərlərə baxmağı haqq edəcək. Qısası, dəfələrlə yazdığımız kimi, Ermənistanın xilası, xilaskarları uzaqda deyil, qonşuluqdadır. Velosipedi təzədən kəşf etməyə lüzum yox. Bir ölkəyə ən etibarlı varlıq zəmanətini məhz qonşular verə bilər. Kaş ki, bu bəsit gerçəyi mənfur qonşular hakimiyyət, cəmiyyət olaraq vaxtında dərk edəydilər...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR