Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonunda 1977-ci il təvəllüdlü Rahib şəxsi münasibətlər zəminində mübahisə zamanı Fərmana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə Xırdalan şəhəri, “MD-23” yaşayış massivində baş verib. Rahib əvvəllər qeyri-rəsmi birlikdə yaşadığı Əzizə ilə Fərmanın sevgi münasibəti yaşadığını zənn edib, bundan çəkinməyi tələb edib.
Mübahisə zamanı bıçaqla Fərmanın sağ çiyin və sol bel nahiyələrinə vurub.
Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, birinci həyat yoldaşından ayrıldıqdan bir müddət sonra, 2017-ci ilin əvvəllərində Xırdalan şəhərində “Köhnə bazar” deyilən ərazidəki kafedə işləyən Əzizə ilə tanış olub, birlikdə yaşamağa başlayıblar:
“2017-ci ildən 2023-cü ilin mart ayına qədər birlikdə yaşadıq. Sonra münasibətlərimiz pisləşdi, ayrıldıq. Yenidən barışmaq üçün dəfələrlə onun “MD-23” yaşayış kompleksində yerləşən iş yerinə getdim. Bir neçə dəfə görüşüb barışmağa cəhd göstərsəm də, Əzizə razılaşmadı”.
“Uşaqları mənə ata deyir”
Rahibin sözlərinə görə, 2023-cü ilin yay vaxtı Əzizənin iş yerinə gedib. Əmir adlı 30 yaşlı bir nəfər ona bildirib ki, Əzizənin yaşadığı başqa kişi var: “Özüm də öyrəndim ki, Əzizə başqa bir oğlanla görüşür. Onunla görüşdüm və mübahisə etdik. Başqa şəxslə yaşayıb-yaşamadığını soruşdum. Etiraf etdi ki, başqa oğlanla görüşür. İrad bildirdim, azyaşlı uşaqlarının mənə ata dediyini söylədim. Ondan yanıma qayıtmasını xahiş etdim. Lakin Əzizə mənimlə yaşamaqdan imtina etdi”.
Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ilin yay aylarında saat 10 radələrində Əzizənin iş yerinə gedib, Fərman adlı bir nəfər onu arxadan fitlə çağırıb:
“Mən geri döndükdə onu Samir adlı tanışıma bənzətdim və dedim, Samir, xeyir ola, sən niyə buralardasan? O, adının Fərman olduğunu bildirdi. Əzizəylə bir-birlərini sevdiklərini və birlikdə yaşadıqlarını dedi. Mənə irad tutdu ki, nə üçün Əzizənin iş yerinə gəlib onu narahat edirsən?
Biz dalaşdıq, Fərman ağzımdan vurdu. Mən də onu vurdum. Bizi hadisə yerinə gələnlər aralaşdırdılar. Fərmandan xahiş etdim ki, Əzizəyə yaxın getməsin, onun uşaqları mənə ata deyirlər.
Ağzım qanamışdı, amma ciddi xəsarəti almadım deyə şikayət etmədim”.
“Əl-ələ tutaraq gəldiklərini gördüm”
Rahibin bildirdiyinə görə, Fərmanla ikinci dəfə, 2023-cü ildə oktyabrın əvvəllərində Əzizənin iş yerinin qarşısında rastlaşıb və dalaşıblar: “Hadisə baş verən gün səhər vaxtı Əzizənin iş yerinin yaxınlığına gəldim. Plakatın arxasında dayanaraq gözlədim ki, Əzizə gələndə onunla görüşərək könlünü alım və barışaq.
Mən plakatın arxasında gözləyərkən Fərmanla Əzizənin əl-ələ tutaraq onun iş yerinə tərəf gəldiklərini gördüm. Plakatın arxasından çıxdım və geri qayıdan Fərmanın arxasınca düşdüm. Dəmir yolu keçidinin yaxınlığında yaşayış massivində, binaların arasında ona çatdım. Dedim ki, axı mən səndən xahiş etmişəm, Əzizədən əl çək. Yenə mübahisə edərək dalaşdıq. Mənim ağzım-burnum qanadı, Fərmanın isə gözünün altı qaraldı.
Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub şikayət etdim. Polis əməkdaşları bizi polis idarəsinə apardılar. Təhqiqatçının qərarı əsasında mən və Fərman İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildik. Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəmizdə inzibati cərimə cəzası tətbiq edildi”.
“Adam balasısan, vicdanın olsun”
Rahib qeyd edib ki, 2023-cü ilin axırlarında Xırdalan şəhəri, “28 may” qəsəbəsində kirayə evdə yaşayıb, Binəqədi rayonu ərazisində yanacaqdoldurma məntəqəsində yuyucu işləyib:
“27 oktyabr 2024-cü ildə səhər vaxtı işə gedərkən Fərmanla Əzizə mənimlə üzbəüz gəldilər, əl-ələ tutmuşdular. Əzizə işlədiyi anbara tərəf gedərkən məni gördü və onlar aralandılar. Dedim, yaxşı oldu, mən elə bu günü gözləyirdim.
Əzizəyə dedim, sən çıx get, söhbət üçün Fərmana yaxınlaşdım. Fərman ağzımdan bir yumruq vurdu. Mən də onun sifətinə bir kəllə atdım. Yerə yıxdım, lakin yıxılandan sonra onu vurmadım. Dedim, dəfələrlə sənə xəbərdarlıq eləmişəm ki, Əzizədən uzaqlaş.
Fərman yerdən qalxdı, biz üzbəüz söhbət etdik. Bir daha ona dedim ki, Əzizədən uzaqlaş, adam balasısan, vicdanın olsun. “Adam balası” ifadəsi Fərmanın xoşuna gəlmədi. Təkrar əlbəyaxa olduq. Sonra da özümüz ayrıldıq”.
“İntihar edəcəyimi bildirmişəm”
Təqsirləndirilən şəxs bildirib ki, hadisə Əzizənin iş yerinin yaxınlığında baş verib: “Əzizə davaya müdaxilə etmədi. Hadisə zamanı əlimdə və üstümdə bıçaq olmayıb. Mən Fərmanı bıçaqla vurmamışam. Əzizənin yanında bir nəfər tanımadığım iş yoldaşı vardı. Lakin Əzizəni vurmaq niyyətim yoxuydu, onu vurmağa cəhd də göstərmədim.
Fərmanla dalaşanda bir-birimizi yumruq və kəllə ilə vurduq. Mən onu bıçaqla vurmadım. Ola bilsin, yerə yıxılanda dəmir parçası onun bədəninə batıb və kəsilmiş-deşilmiş xəsarətlər alıb. Hadisə çox qısa müddətdə, təxminən üç dəqiqə ərzində baş verdi. Oradan birlikdə aralanaraq uzaqlaşdıq.
Hadisəni Əzizə görmədi, o, iş yerinə getdikdən sonra dalaşdıq. Mənim evdə saxladığım 3000 manat pulu Əzizə ayrılarkən götürüb. Lakin pul götürdüyünə görə ondan şikayətçi deyiləm. Çünki bir ailə olaraq yaşadığımız zaman əmlaklarımız və pullarımız birgə mülkiyyətimiz olub.
Fərman və Əzizənin şikayətinin araşdırılmasından narazı qalaraq sərxoş vəziyyətdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək intihar edəcəyimi bildirmişəm”.
Qeyd edək ki, zərərçəkmiş Fərman istintaqın gedişi dövründə vəfat edib. Rəsmi sənədlərə görə, Fərman 11 noyabr 2024-cü ildə öldüyü üçün onun ailə üzvləri hüquqi varis qismində tanınıb.
“300 manat cərimə olundum”
Məhkəmədə Fərmanın ölümündən əvvəl ibtidai istintaqa verdiyi ifadəsi tədqiq edilib və açıqlanıb. Həmin ifadədən görünür ki, 2023-cü ilin iyun ayından 2023-cü ilin noyabr ayınadak Abşeron rayonu, Xırdalan şəhəri, “MD-23” yaşayış massivində həyət evində kirayədə yaşayıb:
“Rahibi 25 oktyabr 2023-cü ildən tanıyıram. Əzizəni isə əvvəllər tanımamışam. Hadisədən sonra mənə məlum oldu ki, Əzizə kirayə qaldığım evlə üzbəüz, yaxınlıqda yerləşən MMC-də xadimə işləyib.
Oktyabrın 25-də saat 08.30-da evdən çıxdım, işə gedərkən Rahib qarşımı kəsdi, qeyri-rəsmi yaşadığı Əzizədən uzaq durmağımı tələb etdi. Ona dedim ki, çıx get. Yoluma davam edərkən Rahib yerdən bir daş götürdü və üstümə cumdu. Əlindəki daşla üzümün sol tərəfindən vurdu. Mən də onu yumruqla vurdum. Tanımadığım şəxslər bizi ayırdılar.
Hadisə ilə bağlı 102-yə məlumat verdim. Polis əməkdaşları hadisə yerinə gəldilər. Barəmdə Abşeron Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati tədbir görüldü, 300 manat cərimə edildim”.
“Dərhal şikayət etmədim”
Fərmanın ifadəsinə görə, oktyabrın 27-də səhər saat 9 radələrində işə gedərkən Rahiblə təsadüfən rastlaşıb: “Əzizə tanımadığım iki nəfərlə işlədiyi şirkətin qarşısında dayanmışdı, qapının açılmasını gözləyirdilər. Rahib orada dayanmış avtomobillərin arasından çıxdı və üstümə gəldi. Əlindəki mətbəx bıçağı ilə arxadan sağ çiyin nahiyəmdən və belimin sol hissəsindən vuraraq məni yerə yıxdı. Bıçağı əlindən almağa çalışdım. Müqavimət göstərsə də, bıçağı əlindən alıb kənara atdım.
Rahib məni bıçaqla Əzizənin iş yerinin qarşısındakı küçədə vurdu. Əzizə və yanındakı iki nəfər mənim bıçaqlandığımı gördülər. Onlar bizi ayırdılar. Həmin gün şikayət etmədim. Qeydiyyatda olduğum poliklinikaya müraciət etdim. Mənə ilkin tibbi yardım göstərdilər”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Rahib ona zəng edib və hədələdiyi üçün Abşeron Rayon Polis İdarəsinə şikayət edib: “Polisin göndərişi ilə məhkəmə tibb ekspertinə getdim və müayinə olundum.
Rahib mənə iki bıçaq zərbəsi vurdu. Mən isə onu vurmamışam, ona heç bir xəsarət yetirməmişəm”.
“Məni təqib edirdi”
İş üzrə şahid qismində ifadə verən Əzizənin sözlərinə görə, Rahiblə 2019-cu ilin fevral ayından 25 noyabr 2022-ci ilədək qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşayıblar:
“Amma Rahib içki düşkünü olduğu üçün, habelə xasiyyətinin ağırlığına görə ondan ayrıldım. Rahibsə ayrılmaq istəmədiyi üçün məni narahat etməyə və təqib eləməyə başladı.
Rahibdən ayrıldıqdan sonra müxtəlif yerlərdə xadimə işləyərək özümü dolandırırdım. 2023-cü ilin oktyabrında Xırdalan şəhəri, “MD 23” yaşayış massivində yerləşən quş yemi tədarük olunan anbarda xadimə işləyirdim. İş yerimin yaxınlığında Fərmanı üzdən tanıyırdım. Onunla hər hansı yaxın münasibətim olmayıb. Buna baxmayaraq, Rahib məni qısqanır və guya onunla aramızda sevgi münasibəti olduğunu iddia edirdi. Bu səbəblə məni təqib etməyə başlamışdı”.
“Bu məlumat yalandır”
Əzizə deyib ki, Rahibin guya 3000 manat pulunun onun tərəfindən oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102 xidmətinə” verdiyi məlumat yalandır: “Rahib 102-yə zəng edərkən sərxoş vəziyyətdə olub. Mənim əvvəlki həyat yoldaşımdan iki azyaşlı övladım var”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Rahib 5 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan Xırdalan şəhəri, “Xəzinə palace” şadlıq sarayının yaxınlığında fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Qeyd edək ki, Rahib bundan əvvəl də məhkum olunub. Rəsmi sənədlərə görə, o, Gəncədə Kəpəz (ləğv edilib – red.) Rayon Məhkəməsinin 2001-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2002-ci ildə cəzanın sonu ilə azad olunub.
Bundan sonra o, Kəpəz Rayon Məhkəməsinin 2004-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Xətai Rayon Məhkəməsinin 2005-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunub./Teleqraf
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ