İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Bakıya gözlənilməz birgə hərbi təlimlər təklifi - niyə indi?

Cənub qonşumuzun “U dönüşü”nün pərdəarxası; ekspertlərdən maraqlı açıqlamalar; politoloq: “İran indi ciddi siyasi dilemmalar qarşısındadır” 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığının olduğu barədə xəbər vermişdik. Rəsmi məlumata görə, tərəflər ümumi sərhəd boyu birgə təlimlər keçirməyə hazır olduqlarını bildiriblər.

Bu yerdə yada salaq ki, bir il əvvəl, 2021-ci ilin sentyabrında Azərbaycan, İran, Rusiya və Qazaxıstanın iştirakı ilə Xəzər dənizində birgə hərbi dəniz təlimləri keçirilib. Minval.az-ın məlumatına görə, İran tərəfinin təklif etdiyi format diqqət çəkir. Birincisi, İran təlimləri Xəzərdə yox, cəmi iki il əvvəl Azərbaycanın tam nəzarətini bərpa etdiyi ümumi sərhəddə keçirməyi təklif edir. İkincisi, təlimlərdə “üçüncü ölkələr” olmayacaq. Xatırladaq ki, İranla sərhəddə birgə təlimlərin keçirilməsi təklifi məhz Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri zamanı elan edilmişdi.

Üstəlik, İsrailin müdafiə naziri Benyamin Qans Bakıya səfər etdiyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğu gün İran və Azərbaycan müdafiə nazirləri arasında telefon danışığı olmuşdu ki, bu da maraqlı “təsadüf”dür. Azərbaycanın dövlət başçısı ilə İsrail müdafiə nazirinin görüşündə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparıldığı bildirilib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da oktyabrın 3-də ölkədə rəsmi səfərdə olan İsrailin müdafiə naziri Benyamin Qantzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdü. Görüşdə Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdi.

İstisna deyil ki, İran Bakı-Təl-Əviv hərbi əməkdaşlığından narahat olduğu üçün aranı yumşaltmaq istəyib. Üstəlik, Ermənistanın nə qədər etibarsız ölkə olduğunu İran son zamanlar bir daha anlamamış deyil, xüsusən də Nensi Polesinin İrəvandan İranı təhdid etməsi fonunda...

Xüsusən də xatırlasaq ki, İran nümayəndələri son vaxtlara qədər öz ölkələrinin Ermənistanın sərhədlərindəki dəyişikliklərə “səbir etməyəcəklər” deyə, ucadan bəyan edirdilər. Üstəlik, bir il əvvəl, 2021-ci ilin payızında İran Azərbaycanla sərhəd yaxınlığında işğal dövründə “yaddan çıxardığı” hərbi manevrlərə başladı və bu, Bakıda kifayət qədər kəskin reaksiyaya səbəb oldu. Elə ötən ayın əvvəllərində İranın 45 minlik hərbi kontingenti Araz boyunca cəmlənmişdi. Amma indi Tehran Azərbaycana eyni sərhəd yaxınlığında birgə təlimlər keçirməyi təklif edir. Rəsmi Tehranın siyasətinə belə sərt dönüşlər xarakterik deyil, amma indi görünür ki, Tehranı buna vadar edən səbəblər var. İranın beynəlxalq aləmdəki mövqeyi hər dəqiqə daha da mürəkkəbləşir - bu, nüvə sazişi, ərəb ölkələrinin İsraillə körpülər qurmağa hazırlığının artması və bu işə dəstək verən Türkiyənin artan hərbi gücüdür. İranı bürüyən etirazlar da nəzərdən qaçmamalıdır. Belə vəziyyətdə şimal sərhədləri yaxınlığında “soyuq” da olsa, başqa bir “cəbhə” açmağa imkan vermək Tehrana sərf etmir. Üstəlik də bunu İranın düşməni olan ABŞ-la son vaxtlar müəmmalı təmaslarını artıran, Pelosinin ayaqları altına qırmızı xalça salan Ermənistan naminə. Aydındır ki, birgə təlimlərlə bağlı təklif Ermənistanda ciddi məyusluq yaradacaq. İrandan Bakıya gözlənilməz təklif-birgə hərbi təlimlər Tehrana niyə lazım oldu?

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov hesab edir ki, İranın Azərbaycana son təklifi dünyada, regionda və İranın daxilində baş verən proseslərlə bilavasitə bağlıdır: “İran əvvəldən nəzərə almalı idi ki, xəyanəti, yalanı özünə həyat tərzi seçən və dövlət siyasətinə çevirən Ermənistandan ona dost olmaz. İran əvvəldən Azərbaycanın təkliflərini dinləsə, Ermənistanla yox, sırf Azərbaycanla daha yaxından əməkdaşlıq etsə, daha çox qazanardı. Çünki Prezident İlham Əliyevin siyasətinin əsas mahiyyəti partnyorlarla əməkdaşlıqda dürüstlük və səmimilikdir. İran isə Ermənistanın hiyləsinə uyaraq uzun müddət Azərbaycanla təhdid dilində danışdı. Gah sərhəddə təlimlər keçirdi, gah əsassız yerə bizi Amerika və İsraillə əməkdaşlıqda günahlandırdı. Gec da olsa, İranın reallığı dərk etməsi təqdirəlayiqdir”.

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə “Yeni Müsavat”a bu haqda danışarkən dedi ki, İranın Azərbaycana hərbi təlimlərlə bağlı təklifini bir neçə aspektdən qiymətləndirmək olar: “Biz İranla, Qazaxıstan və Rusiyanın da iştirakı ilə bir hərbi idman yarışında iştirak etmişik və bu istək gələcəkdə də olarsa, davam etdiriləcək. Digər tərəfdən, İran Azərbaycanın Müdafiə Nazirliyi ilə deyil, Dövlət Sərhəd Xidməti (DSX) ilə çox önəmli, çox vacib təlimləri keçirtsə, daha effektiv, daha faydalı olar. Müdafiə Nazirliyi səviyyəsində birgə təlimlər bir qədər mürəkkəb və çətin reallaşdırılası proseslərdir. Gələcəkdə isə bu cür istəkləri həyata keçirmək olar. Hazırkı dönəmdə isə DSX ilə bəzi həllini gözləyən təlimlərin reallaşdırılmasına daha çox ehtiyac var”. Ü.Cəfərov bununla bağlı təşəbbüslərin olduğunu da vurğuladı: “Bildiyim qədər Azərbaycan tərəfi bu məsələ ilə bağlı qarşı tərəfə bir neçə dəfə öz müsbət təkliflərini səsləndirib. Qeyri-qanuni narkoticarət fəaliyyəti ilə məşğul olan şəxslərə və sərhəd pozucularına qarşı birgə tədbirlər daha vacib, daha önəmli əhəmiyyət kəsb edir. Bu gün müşahidə etdiyimiz xoş olmayan mənzərələrdən biri odur ki, İran öz bəzi tərəfdaşları vasitəsilə maksimum çalışır ki, bölgəyə Azərbaycana yaxın olan müttəfiqlərin gəlişini müxtəlif yollarla əngəlləsin. Aydın məsələdir ki, İran qardaş Türkiyənin bölgədə mövqelərinin möhkəmləndirilməsini istəmir və bunu təkcə özü deyil, öz tərəfdarları ilə də bəzi sənədlərdə hüquqi müstəvidə reallaşdırmağa cəhdlər edir. Biz bunu görürük və sadəcə, təəssüflənirik ki, İran Türkiyə-Azərbaycan qardaşılığına bu qədər qisqanc və yerində olmayan bir münasibət sərgiləyir. Belə olmamalıdır. Bu bizim sırf daxili işimizdir və beynəlxalq hüququmuzdur. İran da bizə xoş olmayan bəzi addımlar atır. Bu kimi işlərə biz sakit və normal yanaşırıq. Eyni münasibəti biz İrandan da gözləyirik və buna tam haqqımız var”.

Heç kim dövlətin diqqətindən kənarda qalmır”- Tural İsmayılov

 Tural İsmayılov

Politoloq Tural İsmayılov isə bu fikirdədir ki, Tehranın Azərbaycana qarşı birmənalı qıcıq bir münasibəti var: “Hesab edirəm ki, bunun da səbəbi İranın rasional xarici siyasət yürütməməsidir. Nəticədə ölkələr arasında münasibətlərdə Azərbaycan həmişə dürüst mövqedən çıxış edib. İranla sərhədləri ölkə başçısı dost sərhədləri adlandırıb. Bütün bunlara rəğmən, İran hərbi və teokratik elitasından daim Azərbaycana və Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirilib. Hazırda da İranda ciddi xaotiklik hökm sürür. İranda iğtişaşlar geniş vüsət alır və dayanmaq bilmir. Nəticədə də bunun təsirləri hiss edilir”. T.İsmayılov qeyd etdi ki, İran indi ciddi siyasi dilemmalar qarşısındadır: “Digər tərəfdən, İran Paşinyan hakimiyyətində Ermənistanın birmənalı şəkildə Sorosa bağlı olduğunu, Qərb tərəfindən təlimatlandırıldığını da yaxşı anlayır. Bu baxımdan birgə təlimlər İranın Ermənistana xəbərdarlığı olacaq. Eyni zamanda Azərbaycanla münasibətlərdə hərbi baxımdan yeni inkişaf meyarları da formalaşa bilər. İstənilən halda İrana tam güvənmək olmaz. Lakin birgə təlimlərin münasibətlərdə İrana görə yaranmış problemləri unutmağa yardımçı olacağı qənaətindəyəm”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR