Onlayn ictimai-siyasi qəzet
“Əgər siz qoysaydınız və mən onu özüm bildiyim kimi, təkcə yapışqanla təmir eləsəydim, onda hər şeydən qabaq, indi mən burada oturmazdım, küp də dəyərini itirməzdi. Məcbur elədiniz, içəridən bərkitdim”
(Luici Pirandello, “Küp” hekayəsindən)
Dəmiryol idarəmiz bu il 8 milyon sərnişin daşıdığını, bunun rekord göstərici olmasını qeyd edib. Keçən ilə nisbətən. Uğurludurmu? Bilmirəm. Bütün hallarda idarəni təbrik edirəm, inşallah, sərhədlər açılsın, hamımızı qatara mindirib xaricə daşısınlar. Şair demişkən, gəzməyə qərib ölkə, ev almağa vətən yaxşı.
Ancaq böyük ehtimalla bu daşımaların çoxu Sumqayıta işləyən elektrik qatarlarının hesabınadır, orada isə bəzi problemlər var. Məsələn, səhər saat 9:00-dan, axşamüstü 17:00-a qədər bu aralıqda heç bir qatar yoxdur. Sutkanın tam 9 saatı (gecə saatlarını saymasaq) paytaxtla onun əsas peykini birləşdirən dəmiryol xəttində it ulayır. Bu da həm yerli sakinlər, həm turistlər üçün Bakı-Sumqayıt xəttini əlverişsiz edir. Məncə, əlaqədar orqanlar ən azı günorta, saat 13:00-14:00 aralığında həmin xəttə nəsə bir qatardan, paravozdan, drezinadan zaddan buraxsınlar.
Hətta günorta saatları üçün boş qatar, nəqliyyat vasitəsi tapılmırsa, həmin dövrü xarici şirkətlərə arendaya vermək mümkündür. O cümlədən adamı 1 manatdan daşıyan taksi şoferlərinə. İnanın ki, onlar dəmir yolu üzərində taksi sürməyin nəsə bir üsulunu taparlar. “20 Yanvar” metrosu tərəfdə olduqca püxtələşmişlər.
“20 Yanvar” yazdım, məni çoxdan düşündürən bir problemi həm oxucularla bölüşmək, həm də yenə əlaqədar orqanlar qarşısında qaldırmaq istəyirəm. Bizdən qaldırmaqdır, ta özləri bilər.
Məsələ budur ki, Bakı şəhərinin şimal istiqamətindən (elə o biri tərəflərdən də) şəhərə insan girişi qoyulmayıb! “Beynəlxalq” adlanan avtovağzal tərəfi gözünüz önünə gətirin - bax, həmin istiqaməti nəzərdə tuturam. Yəni bu olduqca tragikomik vəziyyətdir ki, hazırda Xırdalan, Sumqayıt, Biləcəri tərəfdən paytaxta adam kimi yeriyərək girmək qətiyyən mümkün deyil. Səki, cığır, hər hansı piyada keçidi saxlanılmayıb, ancaq magistral yoldur. Əgər sənin maşının və avtobus kartında pulun olmasa, paytaxta girə bilməzsən. Bu, çox idiot durumdur və paytaxtımızı fırladan yoldaşların hansı ağlın yiyəsi olduğunu göstərir. Sanki paytaxt insanların deyil, maşınların yaşaması üçün tikilibdir. Robotlar şəhəridir. Hərçənd robotların da ikiayaqlısı, hətta “Boston dinamik” firmasının dördayaqlı robotları Bakıya girə bilməz. Dörd təkərli olmalıdır.
Ekologiyadan, hava təmizliyindən, idmandan, gündə filan qədər yeriməkdən dəm vururlar, lakin paytaxta yeriyərək giriş qoyulmayıb. Bayaq adını çəkdiyim “beynəlxalq” avtovağzal faktiki Bakıya bitişikdir, keçmiş Motodromun ərazisindədir. Ancaq ora girmək üçün insanlar avtomobildə Biləcəriyə enməli, böyük bir dairə vuraraq, yalan olmasın, Xocahəsən gölü tərəfdən dönməlidir. Sağ əlinlə sol qulağını qaşımaq kimi bir şey. Bu da həmin əcaib, de-funksional, hər mənada içiboş tikilini qayıran keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tayfasının “ağlının” məhsuludur. “Şamaxinka” adlı hissədən avtovağzala piyada keçidi qoyulsa, insanlar əlavə sürünməz, xərc çəkməz, piyada ora gedərdilər.
Diqqətli oxucular gördülər ki, mən bayaqdan o vağzalın adındakı “beynəlxalq” hissəsini dırnaqda yazıram. Qəsdən belə edirəm. Çünki artıq 5 il olacaq, oradan xaricə heç bir avtobus işləmir. Quru sərhədlərimizin bağlı olması üzündən, Bakı avtovağzalı yalnız daxili reyslər, Azərbaycanın rayonları üçün işləyir. O üzdən, idarənin adındakı “beynəlxalq” sözü ləğv edilməlidir. İnsanlarda çaşqınlıq yaradır.
Yox, əgər Ucar, Qazax, Füzuli və sairə artıq “xaric” sayılırsa, mən sözümü geri götürməyə, avtovağzalın adındakı Beynəlxalq sözünü açıq yazmağa qürurla hazıram!
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ