Onlayn ictimai-siyasi qəzet
Qərbi Azərbaycan İcmasının (QAİ) Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün dəfələrlə etdiyi cəhdlər cavabsız qalıb.
"Report" xəbər verir ki, bunu İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri və sözçüsü Ülviyyə Zülfiqar BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Qayıdış hüququndan istifadə - sülh və barışıq üçün mühüm stimul kimi" mövzusunda keçirilən tədbirdə deyib.
O, çıxışında azərbaycanlıların vaxtilə mütləq əksəriyyəti təşkil etdikləri Ermənistan ərazisindən zorla qovulmasının tarixi haqqında məlumat verərək, deportasiyaların ağrılı nəticələrinin hələ də aradan qaldırılmadığını vurğulayıb.
Ü.Zülfiqar Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün dəfələrlə etdiyi cəhdlərin cavabsız qaldığını qeyd edib: "Bunun əvəzinə, Ermənistandan azərbaycanlıların qayıdış hüququnu şübhə altına alan bəyanatlar eşidilir. Ermənistan hökuməti evlərimizi, müqəddəs yerlərimizi ziyarət etməyimizə belə mane olur. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının insan hüquqları institutlarının dəstəyinə ümid edirik. Bu dəstək çox vacibdir, çünki Ermənistanın evlərimizə qayıtmağımıza törətdiyi maneələri aradan qaldırmaq üçün təkcə İcmanın səyləri kifayət etmir".
İcma rəsmisi, BMT-nin insan hüquqları qurumlarını, o cümlədən, xüsusi məruzəçiləri Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının pozulması, xüsusilə onların qayıdış hüquqlarının inkar edilməsi hallarının aradan qaldırılması üçün hesabatlar hazırlamağa və digər lazımitədbirlər görməyə çağırıb.
Tədbir zamanı Ermənistan nümayəndəsi çıxış edib. O, Ermənistanın “hər bir köçkün və qaçqının öz evinə qayıtmaq hüququnu dəstəklədiyini” bildirib. Ermənistan nümayəndəsi Qərbi Azərbaycan ifadəsini Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə cəhd edib.
Cavabında Ülviyyə Zülfiqar Qərbi Azərbaycan İcmasının adının tarixi və coğrafi faktlara əsaslandığını və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ olduğunu deyərək bildirib ki, QHT olaraq Qərbi Azərbaycan İcmasının hər hansı dövlətə qarşı ərazi iddiası ola bilməz.
Sözçü həmçinin, Qərbi Azərbaycan İcması tərəfindən Ermənistan Baş nazirinə dialoq müraciətləri ünvanlandığını xatırladıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ