Onlayn ictimai-siyasi qəzet
Dövlət sirri təşkil edən məlumatları yaymaqda ittiham olunan hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Musavat.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Babək Pənahovun sədrliyi ilə hökm elan olunub.
Hökmə əsasən, Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda o, 2 il ərzində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan da məhrum olunub. Lakin məhkəmə cəzanın şərti tətbiqinə qərar verərək 1 il sınaq müddəti müəyyən edib və bu əsasla o, azadlığa buraxılıb.
Xatırladaq ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılmışdı. Baş Prokurorluğun yaydığı rəsmi açıqlamaya görə, o, işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş media-tur zamanı Azərbaycan Silahlı Qüvvələrinə aid həssas hərbi məlumatları, o cümlədən döyüş mövqelərinin koordinatları, sərhəd dislokasiyası və əməliyyat şəraiti barədə detalları sosial şəbəkədə paylaşmaqda ittiham edilirdi.
İstintaqın gəldiyi nəticəyə görə, Verdiyevin bu hərəkətləri dövlətin müdafiə qabiliyyətinə və təhlükəsizlik maraqlarına ağır zərər vurmaqla nəticələnib. Məhkəmə onun bu əməllərinə görə həm dövlət sirrini yaymaq (CM 284.1), həm də vəzifə səlahiyyətlərindən sui-istifadə (CM 308.2) maddələri ilə məsuliyyətə cəlb olunmasını əsaslı saymışdı.
Verilən hökmə əsasən, hərbi ekspert hazırda azadlıqdadır, lakin barəsində çıxarılmış sınaq qərarı qüvvədədir.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ