Onlayn ictimai-siyasi qəzet
Gözümçıxdıya salınan ölkələrdə qarışıqlıq yaratmaq üçün tarixən çox müxtəlif variantlar mövcud olub. Məsələn, “soyuq müharibə” dövründə “PKK”, Asala” kimi terror təşkilatları heç şübhəsiz, təsadüfdən yaranmamışdı. Eyni zamanda onların funksionallığı dünyanın iki əsas gücünün arasındakı münasibətlərin dinamikasından ciddi şəkildə asılı idi.
Növbəti etapda Çin Şarpın “inqilablar nəzəriyyəsindən” ilhamlanan qüvvələr ortalıqda təxminən 3-4 il boyunca var – gəl etdilər. Amma məlum estafet də Azərbaycanda fiaskoya uğrayınca, durdurulunca plan yenidən dəyişdi və...köhnə üsluba qayıdıldı. Sadəcə, bu dəfə daha təkmil formada. “İŞİD” və ona bənzər terror təşkilatlarının timsalında. (Bir faktı deyim ki, yaranışından düz 1 il sonra artıq “İŞİD”in eynən dövlət kimi təşkilatlanmış ordusu, gerbi, himni-filan vardı. Necə? Əlbət ki, dünyanın hansısa gücü – hərgah, aydındır, hansı gücü – tərəfindən ortaya çıxarılmasından dolayı)
Bir müddət sonra hər deşikdən, hər kol-kosdan “araşdırmaçı jurnalistlər”in boylandığını gördük və bu qiyafədə peydahlananların əsas vəzifəsi dezinfomasiyalarla, uydurma faktlarla, saxta sübutlarla beyinləri “yumaq” idi.
Fəqət, o da təsiredici olmadı.
Nəhayətində isə qərara alındı ki, siyasi çaxnaşmaların episentrində QHT-lər, bloqlar dayansın və...məlum icraat (bütün ölkələrdə) hüquq-mühafizə orqanlarına qarşı düzənlənəcək mənəvi terorlar, siyasi təqiblər üzərindən reallaşsın.
Təxminən 7 ildir, prioritet bax budur.
Diqqət edin: Xaricdə məskunlaşan və “tula payı” ilə qidalanan bəlli şəxslər, blogger adı ilə fəaliyyət göstərən vətən xainləri əsasən kimləri hədəf alırlar? – Güc strukturlarını.
Səbəb?! Çünki, tapşırıq, tezis, təlimat belədir.
Mehman Hüseynov sizcə niyə özünü və bütün fəaliyyətini Vilayət Eyvazovdan danışmağa həsr edib? Ya da olsun, Tural Sadıqlı. Ərsəyə gətirdiyi 3-4 verilişə ardıcıl baxsanız görəcəksiniz ki, adam yalnız DTX və Prezidentin Mühafizə Xidmətindən, həmin qurumların rəhbər şəxslərindən danışır.
Təsadüfdürmü? Könülləri belə istəyir, ona görəmi? Xeyr! Əsla!
Azərbaycanın ən etibarlı və uzun illər boyunca sınaqdan keçmiş məmurları ona görə hədəfə alınır ki, dövlətçiliyə zərbə onurğadan vurulsun, vətəndaşda ən ciddi kadrlarla bağlı mənfi, eyni zamanda yanlış rəy formalaşsın, Prezidentin inandığı və güvəndiyi insanların imicinə kölgə salınsın, əsas sütunlar sıradan çıxarılsın...
Hər verilişin də öz qiyməti var! Və bunu Tural Sadıqlı adında şüursuz məxluq AŞPA-nın 3 ay əvvəl keçirilən Plenar iclasından öncə, içkili vəziyyətdə, ağzı köpük vura-vura Avropalı deputatlara etiraf edib. Üstəlik, etirafla kifayətlənməyərək, qiymətlərin qaldırılması ilə bağlı(!) onlardan kömək istəyib.
Dəqiq bildiyim odur ki, Vilayət Eyvazov və Hikmət Hacıyevlə bağlı bir verilişə görə xarici xüsusi xidmət orqanlarının “söyüş müxalifəti”nə ödədiyi məbləğ 8 min avrodur! Baxış sayı 100 mini keçdikdə isə, 10 min avro!
Allah kəssin, belə qazanılan pulu.
Allah kəssin, həmin pulla evə alınan bazarlığı, əyinə geyinilən şalvarı.
Dünən, haqqında danışdığım və adını çəkmək istəmədiyim ünsürlərdən birinin verilişinə baxırdım. Yenə hədəfdə polisimiz idi...
Bunlar 1 saat belə polislə “uğraşmaqdan” vaz keçmirlər!
Bunların polislə bağlı, daha dəqiqi, polisə iftira atmaqla bağlı xaricdən gələn tapşırıqları, sifarişləri bir an belə səngimir!
Bunlar hətta müharibə, pandemiya dövründə belə polisi qaralamadan, ona nifrin püskürmədən günlərini tamamlaya, yekunlaşdıra bilməyiblər.
Bunların radikalı da, “FETÖ”çusu da, söyüş söyəni də, anasından- atasından küsəni də, genindən, qanından xəbərsiz olanı da bekar qalan kimi polisi “vurur”, polisi təhqir edir!
Xeyir ola? Niyə? Kimsiz axı siz?
Hələ bunun hədəsinə, şantajına bir baxın. Deyir, polislə bağlı xoş söz söyləyən istənilən şəxs haqda araşdırma aparacam, material toplayacam.
Topla, bacardığın qədər. Əlindən gələni əsirgəmə...
Toplayıb, nəsə tapıb, yayınlamayan da kişi deyil!
***
50 yerdə, 50 adamın yanında, 50 dəfə demişəm. Bu da 51-ci olsun!
Azərbaycan polisi mənim qürurumdur, fəxrimdir, əzəmətimdir, başımın tacıdır!
Və ona barmaq, dil uzadan bütün yaramazlar qarşılarında hər kəsdən öncə bizi görəcəklər!
Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri
08 Aprel 2025
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ