İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Mərkəzi Asiya səfirlərini yığıb “sabitliyə təhlükələr”dən danışdı...

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada bir sıra Avrasiya dövlətlərinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Musavat.com Rusiya XİN-in yaydığı açıqlamaya istinadən xəbər verir ki, görüşdə “Rusiya prezidenti Vladimir Putin tərəfindən qitənin bütün dövlətləri və onların birliklərinin iştirakı ilə Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsünün həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirə zamanı “Avrasiya məkanında sabitliyin təmin edilməsi, təhlükəsizliyin bölünməzliyi prinsipinin praktikada tətbiqi və Avrasiya problemlərinin həllində Avrasiya dövlətlərinin əsas məsuliyyətinin təmin edilməsinin zəruriliyi vurğulanıb”.
Bildirilir ki, Lavrov açılış nitqində Avro-Atlantik təhlükəsizlik konsepsiyasındakı böhranı qeyd edib və NATO dövlətlərinin Asiya-Sakit okean regionunda vəziyyətin sabitliyini pozmağa yönəlmiş təhlükəli hərəkətlərinə, Yaxın Şərqdəki partlayıcı vəziyyətə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhlükələrə diqqət çəkib: “Müzakirə zamanı beynəlxalq gündəmdə olan digər məsələlərə də toxunulub, o cümlədən Rusiya-Amerika dialoqunun problemləri və Ukrayna böhranının nizamlanması”.

Qeyd edək ki, aprelin 4-5-də Səmərqənddə Avropa İttifaqı-Mərkəzi Asiya sammiti keçirilib. Sammitdə Avropa Komissiyasının prezidenti fon der Lyayen və digər yüksək vəzifəli Aİ rəsmiləri iştirak ediblər. Belə görünür ki, Rusiya sammitdən ciddi şəkildə narahat olub. S.Lavrovla görüşə hansı ölkələrin səfirlərinin çağırıldığı açıqlanmasa da, onların arasında Mərkəzi Asiya dövlətlərinin nümayəndələri olduğu şübhə doğurmur...

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR