İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi cinayətlərin sübut olunmasına nail ola biləcəyikmi? 

“Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə günahı olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasını şərh edərkən deyib.

“Biz bu uzunmüddətli münaqişənin səbəb olduğu insan itkilərindən sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı bir çox ailə yaxınlarını itirib. Təqsirkarlar cavab verməlidirlər. Sülh əldə etmək, yaraları sağaltmaq üçün məsuliyyətli olmaq lazımdır. ABŞ “həqiqət və barışıq”ın təşviqi üzrə beynəlxalq səyləri dəstəkləməkdə davam edir və bu proseslərin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə paralel gedə biləcəyini hesab edir. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərini kobud surətdə pozub. 2021-ci ilin fevral-2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Sentyabrın 14-30-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş daha bir kütləvi məzarlıqda 18 nəfərin qalıqları tapılıb”, - V.Patel qeyd edib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, müharibə cinayətlərində müddət anlayışı yoxdur:

8430c70de042b7b47d6cc6ca1509dfad.jpg (23 KB)

“Nə qədər zaman keçməsindən asılı olmayaraq, cinayət sübut olunarsa, cinayət işinin açılmasına əsas yaranır. Sülh müqaviləsinin imzalanmasından sonra hərbi cinayətlərin sübut olunmasına nail ola biləcəyikmi? Özümüzü aldatmamalıyıq. Ermənilər bütün müharibə cinayətlərinin izlərini itirməyə çalışırlar. Bu cinayətləri cəzasız qaldıqlarına inandıqları üçün törədiblər. Müharibə cinayətləri sülh və bəşəriyyət əleyhinə törədilən beynəlxalq cinayətdir. Humanitar hüququn tələblərinin, eyni zamanda müharibənin aparılması qaydalarının pozulması müharibə cinayəti hesab olunur. Humanitar hüquq dedikdə əsirlərə, girov götürülənlərə qarşı, eyni zamanda işğal edilmiş ərazilərdə dini, mədəni abidələrin dağıdılmasına qarşı Cenevrə Konvensiyasının tələbləri nəzərdə tutulur. Müharibənin aparılması qaydaları müəyyən metodlar və vasitələrin qadağan edilməsini, mülki əhalinin yaşadığı yerlərdə qadağan edilmiş silahların istifadəsini və s. ehtiva edir. 44 günlük müharibədə ermənilər Gəncəni bir neçə dəfə, Tərtəri, Bərdəni raket atəşinə tutmaqla müharibə cinayəti törədiblər. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin açıqlamasında ermənilərin birbaşa adının çəkilməməsi başadüşüləndir. Onlar ehtimal edəcəklər ki, qalıqların kimə aid olması, cinayətin kim tərəfindən törədildiyi və s. hələ aydınlaşmayıb. İstintaq işi müəyyən nəticəyə gəlmədiyinə görə ümumi çağırış edirlər. Müharibə qaydalarının pozulması ilə ehtiva olunan müharibə cinayətləri törədənlər cəzalandırılmalıdır. Söhbət əsasən Ermənistanın hərbi-siyasi hakimiyyəti, Robert Köçəryan və Serj Sarksyandan gedir. Sarksyan demişdi ki, biz Xocalı cinayətini ona görə törətmişik ki, azərbaycanlılar bilsinlər ki, biz mülki əhalini də məhv edə bilərik. Bundan böyük etiraf ola bilərmi? Biz gələcəkdə baş verən hadisələrə verilən hüquqi qiymətin nəticəsi olaraq müharibə cinayətləri törədən Ermənistan vətəndaşlarının, hərbi-siyasi hakimiyyətdə olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparmalıyıq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR