İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim ŞAD XƏBƏRİ açıqladı: Uğurlu nəticə əldə etmək olar

“Öd daşlarının əmələ gəlməsinə səbəb olan amilləri aşkar edib, vaxtında profilaktik müayinələr aparmaqla, uğurlu nəticə əldə etmək olar”.

Musavat.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Əliniyaz Məmmədov müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

Əliniyaz müəllim, ilk öncə bilmək istərdik ki, öd daşı xəstəliyinin əmələ gəlməsində cinsi mənsubiyyətlik faktorun əhəmiyyəti varmı?

image_3.jpg (130 KB)

- Öd daşı xəstəliyi (ÖDX) xoş xassəli xəstəliklər qrupuna aid olsa da, ÖDX-nin etiologiyasında gender faktoru, yaş, qidalanma rejimi, urbanizasiya kimi proseslərin iştirakı məsələlərinə daha çox tibbi-sosial baxımdan yanaşmağı tələb edir.

Bir sıra fundamental epidemioloji tədqiqatların nəticələrinə görə, öd daşı xəstəliyinin yaranmasında önəmli rol oynayan faktorlar içərisində gender amili ilk yerlərdən birini tutur. ÖDX-nin qadınlarda və kişilərdə rast gəlmə tezliyinin fərqi ancaq cinsi yetişkənlik dövründən sonra müşahidə edilir. Bu da cinsi hormonların təsiri və disproporsiyası ilə bağlıdır. Elmi cəhətdən sübut olunub ki, menopauza dövründə hormonal sistemdə müşahidə edilən dəyişikliklər öd kisəsinin yığılma funksiyasının azalması və ödün fiziki-kolloidal vəziyyətində disbalansa səbəb olur. Kişilərdə isə hormonal pozğunluğun öd daşlarının yaranmasında hansısa bir rolu müəyyən edilməyib. Qadınlarda xolelitiazın əmələ gəlməsində əhəmiyyətli yeri həmçinin çoxsaylı hamiləliklər, doğuşların çox olması, çoxsaylı abortlar tutur. Bu da orqanizmdə hormonal fonun dəyişməsi nəticəsində öd kisəsinin təqəllüs funksiyasının zəifləməsi, öd turşularının ifrazının azalması, ödün fiziki-kimyəvi və reoloji xüsusiyyətlərinin dəyişməsi və digər faktorlarla əlaqədardır.

Öd daşlarının əmələ gəlməsi ən çox 22-25 və 41-45 yaşlarda olan xanımlarda rast gəlinir.

Qadınlarda ödün tərkibində biokimyəvi destabilizasiya yaradan metabolik pozğunluqların əsas səbəbi qanda esterogenlərin səviyyəsinin artmasıdır. Estrogenlər qaraciyər reseptorlarında lipoproteinlərin əmələ gəlməsini stimullaşdırır, bağırsaqlardan xolesterinin sorulmasını və onun ödə sekresiya olunmasını gücləndirir.

- Doktor, qidalanma və yaş faktorunun bu xəstəliyin yaranmasında əhəmiyyəti necə qiymətləndirilir?

- Öd daşı xəstəliyinin əmələ gəlməsində iştirak edən əsas amillərindən biri də yaş faktorudur. Müasir dövrdə ÖDX-nin yaşlı nəsil arasında həzm traktı orqanlarının ən çox yayılan patologiyalardan biri hesab edilir.

Genetik olaraq ana xətti ilə bu xəstəliyə meyillilik daha çoxdur, nəinki ata xətti ilə. Aparılan tədqiqatlar göstərir ki, valideynlərində xolelitiaz olan uşaqların ödünün tərkibində xolesterinin miqdarı daha çox olur.

Yaşla əlaqədar olaraq öd daşı xəstəliyinin artması öd kisəsində gedən involyativ dəyişikliklərlə əlaqədardır. Belə ki, kisənin böyüməsi, uzunluğunun artması (divarda əzələ tonusunun və elastikliyin azalması hesabına) tədricən əzələ qişasında atrofiyanın inkişafına və arteriyanın endotelisinin fibrozlaşmasına səbəb olur. Bütün bunlar öd kisəsinin motor-evakuator funksiyasının aşağı düşməsinə və öd durğunluğuna gətirib çıxarır. Yaşlı adamlarda uzunmüddətli alimentar yükə davamlılıq azalır, ekzogen xolesterin metabolizmi əhəmiyyətli dərəcədə yavaşıyır, bundan əlavə orqanizmin xolesterinə tələbatı azalır. Bütün bunlar xolesterinin ödlə aşırı miqdarda xaric olmasına gətirib çıxarır. Bu da ödün tərkibində ciddi disbalansa səbəb olur.

Öd daşı xəstəliyinin əmələ gəlməsi ilə əhalinin qidalanma rejimi arasında da çox sıx əlaqənin olması müəyyən edilib. Qidanın tərkibində heyvani yağların, xolesterinin, rafinə olunan karbohidratların olması ödün xolesterinlə normadan artıq zənginləşməsinə gətirib cıxarır.

Balanslaşdırılmamış qida qəbulu, çox yemək, bədən çəkisinin artması, xolelitiazın inkişafı üçün zəmin yaradan əsas risk faktorlarından hesab edilir. Piylənmə dərəcəsinin artması ilə xolestiazın əmələ gəlmə mexanizmi arasında düz mütənasiblik mövcuddur. Bədən çəkisinin artması xolesterinin daha çox hazırlanmasına səbəb olur. Bədən çəki indeksinin 35-dən yüksək olması öd daşlarının əmələ gəlmə riskini istər kişi, istərsə də qadınlarda 20 dəfədən çox artırır.

Kortəbii arıqlama da cox vaxt ciddi neqativ hallara səbəb olur. Qida tərkibində bəzi əsas ərzaqların azaldılması, onların disproporsiyası, həmçinin uzun müddətli aclıq öd turşularının entero-hepatik sirkulyasını pozur. Nəticədə öd turşularının xolesterini həll olan halda saxlamaq üçün miqdarı kifayət etmədiyindən ödün litogenliyi artır, bu da, öz növbəsində daşın əmələ gəlməsinə səbəb olur.

- Müasir dövrdə insanlarımızda az hərəkətlilik özünü daha qabarıq göstərir. Bu faktorların öd daşı xəstəliyində rolu necədir?

- Hipodinamiya və adinamiya ilə bağlı olaraq da insanlarda xolelitiazın inkişafına dair fikirlər mövcuddur. Bəzi qrup insanlarda məsələn, həftədə 40 saat televizora baxanlarda və digər oturaq işi olanlarda öd daşı xəstəlyinin əmələ gəlmə riski 2 dəfə çox olur. Öd daşı xəstəliyi ağır fiziki əməklə məşğul olan əhali qrupu arasında daha az rast gəlinir.
Öd daşı xəstəliyinin qəbul olunan xarici risk faktorlarına, həmçinin sürətli urbanizasiya nəticəsində həyat və qidalanma rejiminin birdən–birə dəyişməsi və s. aid edilə bilər.

- Xəstəlik özünü hansı əlamətlərlə biruzə verir?

- Xəstəliyin klinik əlamətləri daşın harada yerləşməsi, ölçüsü, tərkibi, miqdarı, yanaşı olaraq infeksiyanın qoşulması, öd yollarının funksional vəziyyəti, həzm traktının başqa sistemlərinin nə dərəcədə zədələnməsindən asılıdır. Daş öd yollarında olarsa, ağrının intensivliyi daha davamlı olur və mexaniki sarılıq əlamətləri ilə (skleranın saralması, sidiyin tündləşməsi və s.) özünü göstərir. Ağrı tutmaları adətən qidalanma rejimi pozulduqda (cox yemək, yağlı qida və yumurtadan istifadə və s.), fiziki və əsəbi gərginlik nəticəsində meydana çıxır.

Ağrı tutmaları əksər hallarda qarında köp, ürək bulanma və qusma ilə müşahidə olunur. Həmçinin, yüksək hərarət, üşütmə halı da ola bilər. Bu da xolangit və ya xolesistitin olmasına dəlalət edir

Ahıl və yaşlı adamlarda xəstəliyin gizli gedişli olması daha xarakterikdir. Belə xəstələr uzun müddət periodik olaraq, xüsusən qidalanma rejimi və qida rasionu pozulduqda, sağ qabırğa altında, əsasən sağ çiyinə, kürəyə, ürək nahiyyəsinə irradiasiya edən (yayılan) küt ağrılardan və xoş olmayan hissiyatdan şikayətlənirlər.

Öd daşı xəstəliyinin yaşlı adamlarda atipikliyinə səbəb patoloji prosesə digər qonşu orqanların da (onikibarmaq bağırsaq, mədə, qaraciyər, mədədaltı vəzi, bağırsaq) cəlb olunması ilə əlaqədardır.

- Sonda öd daşı xəstəliyinin müalicəsi barədə məlumat verərdiniz…

- Öd daşı xəstəliyinin tam və dəqiq diaqnozu kompleks yanaşma yolu ilə xəstənin şikayətləri, ətraflı fiziki yoxlamalar, bir sıra laborator və instrumental müayinələr əsasında müəyyən edilir. Diaqnozun vaxtında aşkar olunması olduqca vacib məsələdir. Yuxarıda qeyd olunduğu kimi, öd daşlarının əmələ gəlməsi daşların öd kisəsində görünməsindən çox əvvəl başlayır. Ona görə də problemi tibbi-bioloji və sosial-gigiyenik baxımdan araşdıraraq, xəstəliyə səbəb olan risk faktorlarını aşkar edib, vaxtında və düzgün kompleks profilaktik tədbirlər həyata kecirməklə, onun qarşısını alıb, daha uğurlu nəticə əldə etmək mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR