Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın 75 ölkəyə qarşı tətbiq ediləcək yüksək idxal tariflərini dayandırmasının arxasında ciddi maliyyə təzyiqləri dayanır.
Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, bu qərara Trampı maliyyə naziri Skott Bessent razı salıb.
Mənbələrin bildirdiyinə görə, Bessent ABŞ-da baş verən “bazar sarsıntılarından” narahatlığını birbaşa prezidentə çatdırıb. Onun bu narahatlığı Ağ Evin digər iqtisadi komandası tərəfindən də bölüşülüb. Xüsusilə ABŞ xəzinə istiqrazlarının sürətlə satılması və bu istiqrazlara olan inamın zəifləməsi Trampı geri addım atmağa məcbur edib.
Qeyd olunur ki, ABŞ-ın dövlət istiqrazları uzun illərdir dünyanın “ən etibarlı maliyyə aləti” kimi qiymətləndirilirdi. Lakin Trampın sərt tarif qərarından sonra bir sıra xarici liderlər ABŞ-la bağladıqları iqtisadi razılaşmaların davamlılığına şübhə etməyə başlayıblar. Bu isə bazarda kütləvi satış dalğasına səbəb olub.
CNN-in məlumatında vurğulanır ki, “aktivlərdən sığınacaq kimi istifadə edən” investorların bu qədər sürətlə satışa keçməsi maliyyə bazarlarında daha geniş miqyaslı narahatlıqların əlaməti kimi qiymətləndirilir.
Beləliklə, Trampın iqtisadiyyatdakı sarsıntını daha da dərinləşdirməmək üçün tarifləri 90 gün müddətinə dayandırdığı bildirilir.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ