Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, aprelin 9-10-da Ermənistan və İranın xüsusi təyinatlı qüvvələri birgə hərbi təlimlər keçirəcək. Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu təlimlər şərti “terrorçu hücumlarının” qarşısının alınması ssenarisi üzərində qurulub. Görünən odur ki, hər iki ölkə bu təlimlər vasitəsilə bölgədə yeni gərginlik ocağı yaratmağa və Azərbaycanı hədəfə almağa çalışır.
Təxribat ssenarisi: “terrorçu hücumu” görüntüsü altında siyasi mesaj
Ermənistan ərazisində erməni, İran ərazisində isə iranlı hərbçilərin iştirakı ilə keçiriləcək təlimlərin ssenarisi diqqətçəkicidir – guya dövlət sərhədinə edilən “terrorçu hücumlarının” qarşısının alınması. Bu, əslində iki ölkənin Azərbaycana dolayı formada mesajıdır. Son dövrlər Ermənistanın atəşkəsi pozması ilə bağlı artan xəbərlər fonunda belə bir təlimin keçirilməsi heç də təsadüfi deyil.
Bu cür təxribat xarakterli addımlara baxmayaraq, Azərbaycan bölgədə sabitliyin və dayanıqlı sülhün tərəfdarı olaraq təmkinli mövqe nümayiş etdirir. Ermənistan və İran isə bu təmkinə qarşı əzələ nümayişi ilə cavab verir. Ancaq unutmaq olmaz ki, regionda real hərbi güc balansı Azərbaycanın xeyrinə dəyişib və bu cür təlimlər balansı dəyişmək deyil, gərginliyi artırmaq məqsədi güdür.
İran ikili oyun oynayır, Ermənistan həmişəki kimi, alətə çevrilir
İranın belə bir təlimdə iştirak etməsi regionun başqa bir mühüm reallığını – ikili standartları ortaya qoyur. İran, Azərbaycanın ərazi bütövlüyünü pozan və separatçılığı dəstəkləyən Ermənistanla eyni platformada çıxış edir. Bu, İranın “dost qonşuluq siyasəti” ritorikasına ziddir və Azərbaycana qarşı gizli təzyiq mexanizminin formalaşmasından xəbər verir.
Təxribatın miqyası nəzarət altındadır – Azərbaycan cavab potensialına malikdir
Təhlükəsizlik üzrə erməni ekspert Davit Arutyunov da etiraf edir ki, bu təlimlərin miqyası məhduddur, çünki daha genişmiqyaslı manevrlər Ermənistan üçün Qərbin təpkisi, İran üçün isə Türkiyə və Azərbaycanın cavab tədbirləri ilə nəticələnə bilərdi. Deməli, bu təlimlər risklidir və iştirakçı ölkələr də bu risklərin fərqindədir.
Azərbaycan bu cür təxribat xarakterli addımlar qarşısında sülh çağırışlarını davam etdirir, lakin heç bir qonşunun bölgədə qeyri-sabitlik yaratmasına, yaxud Azərbaycana qarşı təhlükə formalaşdırmasına səssiz qalmayacaq. Ermənistanın və İranın bu təlimləri, əslində, onların bölgədə sabitliyə deyil, gərginliyə maraqlı olduqlarını göstərir.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ