Onlayn ictimai-siyasi qəzet
“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”.
Bu sözləri Prezident İlham Əliyev dünən ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan həmişə Türkiyə və İsraili arasında münasibətlərin yaxşı olmasında maraqlı olub. Azərbaycanın maraqları bunu tələb edir. Prezident İlham Əliyev tamamilə düzgün olaraq bildirir ki, Türkiyə ilə İsrail arasında hər hansı bir anlaşılmazlıq Azərbaycanı narahat edir: “2010-cu ildəki "Mavi Mərmərə" böhranından sonra Türkiyə-İsrail münasibətləri kəskinləşdi və demək olar tamamilə pozuldu. Şübhəsiz ki, qardaş dövlət olan müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız, dostumuz olan İsrailin arasındakı gərginlik, əlaqələrin qırılması onların özləri ilə yanaşı bizə də müəyyən ziyanlar verirdi. Uzun müddət davam edən bu vəziyyətin düzəlməsi üçün Azərbaycanın öz imkanlarından istifadə etdiyi barədə hələ o zamanlar da beynəlxalq mediada, yerli mətbuatda məlumatlar, açıqlamalar yer almışdı. Azərbaycan rəhbərliyi iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün öz resurslarını səfərbər etməyə hazır olduğunu bəyan etmişdi. 2020-ci ilin dekabrında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov demişdi ki, Bakı İsraillə Türkiyə arasında vasitəçilik edə bilər. Bundan əlavə, daha sonra, 2021-ci ilin aprelində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev üçtərəfli danışıqlara ev sahibliyi edə biləcəklərini bəyan etmişdi. Bütün bu və digər məqamlar həmin dövrdə Azərbaycanın Türkiyə və İsraili barışdırmaq üçün hərəkətə keçdiyinin göstəricisi idi. Azərbaycanın da barışdırıcılıq missiyası öz bəhrəsini verdi. Məlumdur ki, 2022-ci ildə İsrailin Prezidenti Türkiyəyə səfərə gəldi. İki dövlət arasında buzlar əriməyə başladı. Səfirlik fəaliyyətini bərpa etdi, müəyyən əlaqələr qurulmağa başlandı. Azərbaycan təbii ki, bu müsbət prosesdən məmnun qalmışdı. Təəssüf ki, münasibətlərin inkişaf tempi götürdüyü bir vaxtda 2024-cü ilin əvvəlindən İsrail-Türkiyə münasibətləri yenidən gərginləşməyə başladı. Qəzzanın bombalanmasından sonra münasibətlər kəskinləşmə istiqaməti götürdü. Bu gün də gərgin olaraq qalır. Ona görə də bu vəziyyət yenə də Azərbaycanda narahatlıqla izlənilir. Azərbaycan yəqin ki, barışdırıcılıq istiqamətində səylərini yenə də işə salıb və ya işə salacaq".
Politoloq hesab edir ki, Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında yenə də rol oynaya bilər: “Türkiyə-İsrail yaxınlaşması Azərbaycanın milli maraqlarına cavab verir. Türkiyə Azərbaycanın qardaş ölkəsi və İsrail bizim strateji tərəfdaşımızdır. Azərbaycan dostlarının bir-biri ilə dost olmasını istəyir. Azərbaycanın vasitəçiliyi İsraillə Türkiyə arasında müharibədən əvvəlki barışıqda da böyük rol oynayıb. Bəs nədən Azərbaycan bir daha buna cəhd etməsin? Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşılaşması Azərbaycanın maraqlarına uyğundur. İki ölkə arasındakı düşmənçilik Azərbaycanı narahat vəziyyətdə qoyardı, çünki Azərbaycan həm Türkiyə, həm də İsraillə güclü hərbi, siyasi, strateji və iqtisadi əlaqələrə malikdir. Azərbaycan İsrailin enerji ehtiyacının 40%-ni təmin edir və silah-sursatının 60%-dən çoxunu yəhudi dövlətindən alır. Bundan əlavə, Azərbaycanda Azərbaycan-İsrail dostluğuna böyük dəyər verən yəhudi icması var. Türklər qardaşımızdır, yəhudi və Azərbaycan xalqları arasında yaxşı münasibətlər çoxəsrlik tarixə malikdir. Ümid edək ki, Azərbaycan bir daha İsrail-Türkiyə münasibətlərini düzəldə bilər, bu da iki ölkə arasında müharibədən əvvəlki yaxınlaşmanın bərpasına gətirib çıxarar. Baxmayaraq ki, indiki vəziyyətdə İsrail-Türkiyə münasibətlərini tezliklə və asanlıqla bərpa etmək bir qədər çətin görünür, cəhdlər olmalıdır. Türkiyə və İsrail arasında yaxınlaşma regional sabitliyin möhkəmlənməsində də əhəmiyyətli rol oynaya bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ