İnsanlara hürriyət, millətlərə istiqlal!

Dazdrapermanı xatırlayarkən

Biri var idi, biri yox idi, bir hərbi prokuror vardı... Əziz oxucular, yazını nağılvari başlamağım təkcə nağıllar aləmində yaşamağımızla bağlı deyildir. Həmin bu hərbi prokurora “Tərtər işi” adlanan qalmaqallı hadisələr - qısa yazsaq, günahsız həbs edilən hərbçilərimizə işgəncə verilməsi, bəzilərinin hətta bu səbəbdən ölməsi haqda sual veriləndə jurnalistlərə demişdi ki, söhbət nağıldır, belə şey yoxdur.

Ancaq ay ötdü, il dolandı, işgəncələrin qoxusu aləmə yayılanda artıq məsələni ört-basdır edə bilmədilər. Yeni cinayət işləri açıldı, bu dəfə başqa zabitləri tutub içəri basdılar. Allah bilir, bəlkə onlar da günahsızdır. Evdar (yəni hökumətdən ev almağın aşiqi) xalq şairimiz demişkən, hamı günahkardı dünyada, amma heç kəsin günahı yoxdur... Vallah. Qəliz söhbətdir, inşallah, başqa gün bunu ətraflı izah edərik. Hələ qiyamət gününə, mənim hesablamalarıma görə, çox qalır.

Sözü ona gətirirəm ki, həmin bu şanlı-canlı (qafiyənin ardı pis gəlirdi, özünüz təxmin edin) hərbi prokurorumuz, nəhayət, işdən çıxarılmışdır. Ədalət zəfər çalmışdır! Zarafat edirəm, özünüzə gəlin, adamı sadəcə pensiya yaşı çatdığı üçün idarədən buraxıblar və indi şayiə gəzir ki, Konstitusiya Məhkəməsinə hakim qoyulacaqdır.

Nə gözəl. Tərtər prosesini Ana qanunumuzun üzərində sınamaq üçün bundan gözəl kadrı haradan tapacaqdıq?

Eyni zamanda adamın ürəyinə qara xal düşür, fikirləşirsən: “Deyəsən, bu Konstitusiya Məhkəməsinə hökumətin heç bir hörməti qalmayıbdır, əks halda, oranı "pensiyaçılar klubu"na döndərməzdilər". Bəlkə orada əsas masanın üzərinə nərd, domino-filan da qoyublar, hakimlər seçkiarası müddətdə çırpır.

Lakin bu cür qara fikirləri başımızdan qovaq. Hökumət konstitusiyamıza və onun məhkəməsinə ən ülvi məhəbbətlə, sevgiylə yanaşır, ali qanunu nəvəsi qədər sevir. Nəvəyə də baba(lar) baxmalıdır. Şair demişkən, övladda nəvə, dövlətdə dəvə.

Bizim yazı da dəvə boynu kimi döndü, keçirik elmi problemlərə. Ötən yazımda elmi institutlarımızın birləşdirilməsi mövzusuna toxunmuşdum, dəyərli oxucularımızdan Vüsal bəy belə səmərələşdirici təklif yazıb göndəribdir: “Saydım, birləşmələrdən sonra 7 institut əmələ gəlib. Sanki qaz-toz dumanlığı birləşib planetləri əmələ gətirib. Mən təklif edirəm bu 7 institutu da vahid institutda birləşdirək, alimlərimiz daha səmərəli çalışsınlar. Adı olsun Geocoğfizkimbotmolekcanlısistem İnstitutu”.

Yaxşıdır, ancaq yenilik deyil. Sovet vaxtı bizdə oxşar adla idarələr olurdu, məsələn, Azqozkonsbirtrestmaş tipində. Açması ilə maraqlansan, öyrənirdin ki, orada qoz mürəbbəsi qayırırlar. Bulqakovun əsərində Şarikovun dil açarkən “Abırvalq” deməsi də “Qlavrıba”, yəni Baş Balıqçılıq İdarəsinin tərsinə oxunması idi. Sovetlərdə bu metodla çoxlu insan adları da düzəldilirdi, məsələn, Vladlen - Vladimir Lenin demək idi, Marlen isə Marks və Lenin. Kimsə qızına Dazdraperma adı qoymuşdu, bu isə rusca “Da zdravstvuet Pervıy May” (“Yaşasın 1 May”) şüarının xülasəsi idi.

Yeri gəlmişkən, elm nazirimiz də elmi institutların səmərəsiz çalışdığını sübut etmək üçün belə demişdir: “Bir elmi instituta ildə 1 milyon manat verilib, lakin orada həmin il cəmi 1 elmi məqalə dərc edilib”.

Bəlkə elə güclü elmi kəşfdir ki, 1 milyonluq məqalədir? Nobel mükafatı da təxminən 1 milyon olmalıdır. Məsələn, kainatın yaranma səbəbini tapıblar. Ya da qara maddənin sirrini. 

Zarafat edirəm, əlbəttə. Böyük ehtimalla həmin elmi məqalə “Və bağlayıcısının Nəbatinin qəzəllərində işlənməsinə Sarı Aşığın münasibətinin sintaktik diskursu” kimi mövzuda olmuşdur. Təəssüf ki, sayın elm nazirimiz oxu atıb, yayı gizlədir, o məqalə və institutun adını çəkmir.

Bu öz yerində, mənə başqa müqayisə maraqlıdır. Hazırda bizim türmələrdə xeyli jurnalist var, onları xaricdən beş-on dollar pul alıb “en” qədər məqalələr dərc etməkdə suçlayırlar. Lakin dövlətimizin 1 milyonunu alıb cəmi 1 məqalə dərc edən nəhəng institutun adını belə bilmirik.

Dünya birliyi isə bu ədalətsizliyə susur.

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR