İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava limanlarımız: rayonlara niyə təyyarə ilə getmirik?

Hava nəqliyyatı hər bir ölkənin iqtisadi inkişafında və beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Xüsusilə turizm sektorunun canlanmasında hava limanlarının əlçatanlığı və funksionallığı əhəmiyyətli amillər sırasındadır.

Azərbaycanda da son illər hava nəqliyyatı infrastrukturunun yenilənməsi və genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. Bununla belə, bəzi hava limanlarının fəaliyyət göstərməməsi və ya məhdud rejimdə işləməsi suallar doğurur. Bu vəziyyətin yaranmasında əsas səbəblərdən biri kimi idarəetmə problemləri və regionların potensialının yetərincə dəyərləndirilməməsi göstərilir.

Hazırda Azərbaycanda Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli beynəlxalq aeroportlar var.  Lakin bu hava limanlarından sadəcə dördü aktiv şəkildə istifadə olunur, onlardan da yalnız ikisində məhdud sayda uçuşlar həyata keçirilir.

Hazırda bu hava limanlarından Bakı, Gəncə, Qəbələ və Naxçıvana beynəlxalq və yerli uçuşlar həyata keçirilir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Milli Məclisdə Xocalı aeroportunun da yenidən fəaliyyətə başlaması təklif olunub. Lənkəran Hava Limanının tikilməsinə 51 mln. dollar xərclənmişdi,  tikiləndən bəri hər il bu hava limanının saxlanmasına ildə 2-3 mln. manat xərclənir. Qəbələ Hava Limanı 85 mln. manata başa gəlib. Hər il saxlanmasına 2 mln. manatdan çox vəsait xərclənir. Zaqatala Hava Limanı 67,1 mln. manata başa gəlmişdi.

Beynəlxalq hava limanları tikiləndə yerli əhali arasında turizmin inkişafı, yeni iş yerləri, gediş-gəlişin rahatlaşması barədə çox danışılıb, amma uzun illər keçməsinə baxmayaraq, bu işlər reallaşmayıb. Bəzi ekspertlərə görə, Azərbaycandakı bölgə hava limanlarının tikintisi zamanı nəzərdə tutulan ticari-iqtisadi faydalılıqla bağlı düzgün təhlil aparılmayıb. Halbuki Zaqatala bölgəsi turizm imkanlarına görə kifayət qədər cəlbedici hesab oluna bilər və dövlətin dəstəyi ilə burada müntəzəm uçuşların təşkili real görünür.

Yekun olaraq, fəaliyyətsiz qalan hava limanlarını işə salmaq üçün ilk növbədə həmin bölgələrin turizm potensialı xarici bazarlarda daha geniş tanıdılmalı və bu regionlara səyahət marağı artırılmalıdır. Xaricdə bu ərazilərin istirahət və gəzməli məkanları ilə bağlı effektiv tanıtım kampaniyalarının aparılması vacibdir. Regionlarda olan hava limanlarının xarici şirkətlərə icarəyə verilməsi barədə təkliflər də vardı.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

Xalid Kərimli

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Hava limanları ilə bağlı qərar verənlərin yəqin ki, uzunmüddətli strategiyaları var. Amma istənilən halda biz nəticəyə qiymət veririk. Nəticə isə həqiqətən lətifədir. Hava limanı o zaman tikilir ki, həmin ərazidə tələbat yaranır - turist axını olur və ya biznes fəaliyyətləri genişlənir. Bundan sonra aeroportun tikilib-tikilməməsi barədə qərar verilir. Doğrudan da, insanların burada biznes maraqları var və onlar bura böyük çətinliklərlə gəlirlər. Bu prosesi asanlaşdırmaq, turizmi və biznesi inkişaf etdirmək üçün aeroportların tikilməsi vacibdir. Yəni əvvəlcə tələbat yaranmalı, sonra aeroport tikilməlidir. Bizdə isə artıq 9-cu aeroport istifadəyə veriləcək, amma onlardan yalnız biri işləyir, digərləri zəif fəaliyyət göstərir”.

İqtisadçı əlavə edib ki, aeroportun tikilməsinə böyük vəsait sərf olunur, onun saxlanması isə ayrıca məsrəf tələb edir: “Aeroportun tikintisindən çox, saxlanması üçün əhəmiyyətli maliyyə resursları lazım gəlir. Üstəlik, tikilmiş aeroportların amortizasiya prosesi də gedir və bu, sonradan təmir xərcləri yaradacaq. Yəni aeroportlarla bağlı saysız suallar yaranır. Ölkəyə böyük turist axını yoxdur, ciddi turizm siyasəti mövcud deyil. Yəni turizm ölkəsi kimi formalaşmamışıq. Kompleks turizm siyasəti yoxdur. Üstəlik, ölkə sərhədləri hələ də qapalı saxlanılır. Xatırlayırsınızsa, turist ölkələri sərhədləri cəmi bir ay bağladılar. Məsələn, Türkiyə pandemiyanın tüğyan etdiyi, ÜST-nin bar-bar bağırdığı vaxtlarda sərhədləri heç bir həftə də bağlı saxlamadı.

Ölkəmizə gəlmək üçün viza tələbləri də ayrıca problemdir. Azərbaycan turizm ölkəsi olmaq istəyirsə, niyə viza tələbi qoymalıdır?! Bu aspektdən yanaşdıqda, ölkəmiz turizm ölkəsi deyil. Turizm ölkəsi açıq olmalıdır, azadlıqlar təmin edilməlidir. Məsələn, bir kazinoya lisenziya verilməli idi, amma hələ də verilməyib. Kazino nədir ki? Hoteldə oyun aparatları olacaq, kim istəyirsə, gedib oynayacaq, kimisə buna məcbur edən yoxdur. Amma bu məsələ uzun müddətdir müzakirə mövzusudur. Bunlar turizm azadlıqlarıdır. İlk olaraq turist gəlməlidir, sonra isə turistin rahatlığını artırmaq lazımdır. Biz isə hələ mayın 20-də rayonlara portal vasitəsilə girişi sərbəstləşdirdik. O ərazilərə turist axını yoxdur. Qarabağda və Şərqi Zəngəzurda aeroport tikmişik, Xocalıda da var. Kiçik bir ərazidə artıq 4 aeroport fəaliyyət göstərir. Dünyanın ən məşhur turizm ölkələrində belə - 10 milyonlarla turist qəbul edən yerlərdə bu qədər aeroport yoxdur. Azərbaycana isə cəmi 1 milyon 400 min turist gəlir, Gürcüstandan 4-5 dəfə azdır. Amma orada bu qədər hava limanı yoxdur.

Əvvəlcə biz turizmi inkişaf etdirməli, sonra aeroport tikməliyik. Biz isə tərsinə etmişik. Bu da büdcəyə əlavə xərcdir. Bəlkə də Zəngilanda aeroportu 10 il sonra tikməli idik. Niyə bu qədər tələsmişik ki? Ondansa həmin vəsaiti daha səmərəli sahələrə yönəltmək olmazdımı?!

Ümumiyyətlə, dövlət maliyyəsinin idarə olunmasında, investisiya planlarının təsdiqində, prioritetlərin müəyyənləşdirilməsində və investisiya layihələrinin qiymətləndirilməsində ciddi problemlər mövcuddur. Bu da nəticədə bu cür qərarların qəbul edilməsinə səbəb olur".

Xalid Kərimliyə görə, dövlət vəsaitinin xərclənməsi ciddi əsaslandırmalara və qiymətləndirmələrə söykənməlidir: “Bunun üçün səmərəli metodologiyalar hazırlanmalı və həmin modellərə uyğun qərarlar verilməlidir. Ölkənin həll olunmalı çoxsaylı problemləri var, amma biz aeroport tikirik. Bəlkə də 15 ildən sonra o aeroportlar gəlir gətirəcək, amma onları 15 il sonra tikmək daha məqsədəuyğun olardı. Belə olan halda, bu gün üçün həyati əhəmiyyət kəsb edən layihələrə vəsait ayırmaq daha düzgün olardı. Aeroportların tikilməsi və bu sahəyə investisiya qoyulması göstərir ki, ölkədə investisiya layihələrinin həyata keçirilməsində ciddi problemlər var”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR