Onlayn ictimai-siyasi qəzet
Son illərin statistik göstəricilərinə görə, 18-30 yaş arasında olan gənclər tərəfindən törədilən müəyyən cinayət növlərində artım müşahidə olunur.
Musavat.com xəbər verir ki, 18-30 yaşda cinayət törədənlərin ümumi sayı 2023-cü il ərzində 6 min 325 olub. Cinayət törətmiş 18-24 yaşda olan gənclərin sayı son statistikalara görə 2 min 506 nəfər təşkil edib. Bu statistika 10 il əvvəl – 2010-cu ildə 3 min 367 idi. Cinayət törədənlərin ümumi sayı statistikalara görə azalsa da, ağır və xüsusilə ağır cinayətlərin sayında artım müşahidə edilir. Belə ki, 2010-cu ildə ağır və xüsusilə ağır cinayətlərin sayı 369 idisə, bu göstərici 2023-cü ildə 373 olub.
2023-cü ildə 18-24 yaşda olan gənclər tərəfindən törədilən cinayətlərin 524-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, 405-i oğurluq, 406-sı isə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərdir. Gənclər arasında qəsdən adam öldürmə və adam öldürməyə cəhd halları əvvəlki illərə nisbətən azalaraq 91-dən 38-ə düşüb. Bundan başqa, qəsdən sağlamlığa ağır zərbə vurmaya görə qeydə alınan cinayətlərin ümumi sayı 76, zorlama və zorlamaya cəhd 2, dələduzluq, soyğunçuluq, xuliqanlıq və quldurluğa görə cinayətlərin ümumi sayı isə 296 olub.
Yaşı 25-29 olan gənclər arasında törədilən cinayətlərin sayında isə digər illərə nisbətən artım müşahidə olunur. Belə ki, 25-29 yaşda cinayət törədən gənclərin ümumi sayı 2023-cü ildə 3 869 olub ki, bu da əvvəlki illərə nisbətən 1000 nəfərə qədər artım deməkdir. Onlardan 719-u ağır və xüsusilə ağır cinayətlərdir. O cümlədən, 45 cinayət qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 46 cinayət qəsdən sağlamlığa ağır zərbə vurma, 1380 cinayət isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınıb. Bundan başqa, dələduzluq, soyğunçuluq, quldurluq və xuliqanlıq üzrə ümumilikdə 295, zorlama və zorlamaya cəhdə görə 2, oğurluq səbəbindən 532, nəqliyyat vasitələrindən oğurluq 13, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma səbəbindən 468 nəfər cinayət işinə cəlb olunub.
Gənclərin həbsə düşməməsi üçün hansı addımlar atılmalıdır?
Cinayətlərə görə cəza verilməsi göründüyü kimi cinayətlərin qarşısını almır. Cəzanın tərbiyəvi əhəmiyyəti, cəzaçəkmə yerlərində durum necə olmalıdır ki, gənclər həbsə düşməsinlər?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, gənclərin həbsə düşməsinin qarşısını almaq üçün ilk növbədə məktəblərdə və ali təhsil müəssisələrində hüquqi biliklərin tədrisi artırılmalıdır:
“Cinayət məsuliyyətinin fəsadları, narkotik vasitələrin və zorakılığın nəticələri haqqında real faktlara əsaslanan, emosiya yüklü sosial kampaniyalar təşkil olunmalıdır. Rəqəmsal platformalarda (TikTok, Instagram və s.) gənclərə yönəlik maarifləndirici kontentlərin hazırlanması da işin xeyrinə ola bilər. Bundan başqa, valideynlərin tərbiyə və nəzarət rolu gücləndirilməli, sosial xidmət orqanları ailə problemlərini vaxtında müəyyən edib müdaxilə etməlidir. Sosial-iqtisadi problemlər, işsizlik və ailədaxili zorakılıq kimi risk faktorları ilə mübarizə gücləndirilməlidir”.
Natiq Ələsgərov deyib ki, bu gün cəzaçəkmə yerləri əsas mahiyyətini ehtiva etmir: “Türməyə düşən, oradan çıxandan sonra yenidən cinayətə sürüklənir. Bu, cəzaçəkmə yerlərində sağlam mühitin istənilən səviyyədə olmaması ilə əlaqədardır. Ona görə də gənclər üçün alternativ cəza tədbirləri – ictimai işlər, şərti cəza, elektron nəzarət sistemləri daha geniş tətbiq olunmalıdır. Həbsdə olan gənclər üçün peşə təhsili, psixoloji dəstək, motivasiya proqramları və yenidən inteqrasiya layihələri həyata keçirilməlidir. Gənclərin məşğulluq imkanları artırılmalı, startaplar, sosial təşəbbüslər və könüllülük proqramları vasitəsilə onların enerjisi faydalı istiqamətə yönləndirilməlidir. İdman, incəsənət və texnologiya sahələrində pulsuz və ya subsidiyalı dərnəklər təşkil edilməlidir. Cəzaçəkmə yerləri cəzalandırma deyil, islah və sosial reinteqrasiya məqsədilə təşkil olunmalıdır”.
Gənclərə ikinci şans verən proqramlar – təhsil imkanı, psixoloji yardım və iş imkanları ilə təmin edilməlidir. Yəni cəza verməklə problemi həll etmək mümkün deyil. Əsas məsələ, gəncləri cinayətə aparan yolu öncədən kəsmək vacibdir. Bunun üçün isə cəmiyyətin bütün təbəqələri – ailələr, məktəblər, dövlət qurumları və QHT-lər birgə çalışmalıdır.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ