İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan Azərbaycana qarşı DAHA BİR TƏXRİBAT - 29 milyon avro nə üçün ayrılıb?

Rəsmi Paris öz xoşu ilə bölgədən gedən ermənilərə 29 milyon avro ayırdı; Makron onların qayıdışını masaya daşıyır - Bakıya qarşı daha bir xain həmlə...

Fransanın Ermənistanı Azərbaycana qarşı qızışdırmaq siyasəti səngimir. Rəsmi Paris əlindən gələni edir ki, iki qonşu xalq arasında ədavət əbədi davam eləsin. Bu məqsədlə Makron Fransası erməni separatçı-revanşistlərə vaxtaşırı dəstək və ümid verməkdədir.

Sentyabrın 16-da Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib ki, ölkəsi Ermənistana 29 milyon avro verəcək. Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub. XİN başçısı onu da vurğulayıb ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək. “Qarabağdan olan ermənilərin vətənə qayıtması mövzusunu qaldırmaq lazımdır”. Bunu isə Sejurne səfər öncəsi demişdi. Daha dəqiqi, təxribatçı gündəliyi barədə anons etmişdi. İndisə məlum olur ki, Qarabağdan gedən ermənilərə 29 milyon avro ayrılır. Görəsən, rəsmi Paris onların qayıdışını necə təsəvvür edir? Məgər Bakının bu məsələdə mövqeyini bilmir? İkinci yandan, niyə XİN başçısı azərbaycanlı köçkünlərin də öz evlərinə qayıtmasından söz açmır?

Fransız nazirin sözlərinə görə, Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq davam edəcək. Onun fikrincə, Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini, əhalisini müdafiə etməyi bacarmalıdır. Hərçənd Ermənistanın ərazi bütövlüyünə hansı təhlükə olduğu bəlli deyil. Eyni zamanda diplomat əmin edib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq regionda eskalasiyaya yönəlməyib - heç kimin belə niyyəti yoxdur. Bundan əlavə, nazir mətbuat konfransında sülh mövzusuna da toxunub. “Sözsüz ki, Fransa İrəvanla Bakı arasında ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan və regiona sülh və sabitlik gətirəcək sülh müqaviləsinin tezliklə imzalanmasını təşviq edir”, - Fransa xarici işlər naziri belə deyib. “Almatı Bəyannaməsinin mənası budur. Eyni ideya 2022-ci ildə Praqada da təqdim olunub. Bu, xüsusilə indi, Rusiya Ukraynada bütün vacib prinsipləri tapdaladığı zaman vacibdir”, - Sejurne bildirib.

Nazir vurğulayıb ki, Paris Ermənistan və Azərbaycan arasında başlayan sərhədlərin delimitasiyası prosesini asanlaşdırır və bu proses iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır: “Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilməlidir, bu, ticarətin genişləndirilməsinə imkan yaradacaq və Ermənistanın çiçəklənməsinə səbəb olacaq. Ermənistan sülh istəyir, Fransa sülh istəyir, beynəlxalq ictimaiyyət də sülh istəyir. Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək, Bakı bundan əvvəl göstərməlidir ki, o, həm də sülhə can atır”.

Öz növbəsində onun erməni həmkarı Ararat Mirzoyan qeyd edib ki, Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır. Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib: “Biz tam razılaşdırılmış mətni ehtiva edən son sənədləri təhvil vermişik. Razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq: Ölkələrin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı müqaviləni, SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri tanıyan Almatı Bəyannaməsini”.

Bu arada Fransa prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistanın “müstəqillik günü”ndə İrəvana gələcəyi barədə də məlumat yayılıb. Əlbəttə, Bakı Fransanın özünü ikinci Ermənistan kimi aparmasının yaxşı fərqindədir. Ancaq beynəlxalq hüququ da heç kim ləğv etməyib. Demək, “iki bacı”nın beynəlxalq norma və konvensiyalara hörmət eləməsi şərtdir. Bunun xaricində “Qarabağ ermənilərinin qayıdışı” adlı təxribatçı mövzu ilə özlərini boş yerə yormasınlar. Azərbaycan və beynəlxalq birlik üçün bu məsələ qapanıb. Ümumiyyətlə, Şuşa azad ediləndən sonra Fransanın Bakıdakı səfiri bu şəhərə ayaq basmayan yeganə Qərb diplomatıdır.

Həmçinin Azərbaycana qarşı son illər bitmək bilməyən digər təxribatları - 2-ci Qarabağ savaşından dərhal sonra Fransa parlamentinin mifik “artsax”ı “dövlət” kimi tanıması, BMT TŞ-də ölkəmiz əleyhinə 3 dəfə qətnamə qəbuluna cəhdlər, Avropa Parlamentində son dərəcə qərəzli anti-Azərbaycan qətnamələrinin qəbulunda əsas rol oynamaq, habelə bölgədə permanent şəkildə sülhə yaradılan əngəllər, o sırada Ermənistanın silahlandırılması və sülh müqaviləsindən yayındırılması, X.Natəvanın heykəlinə qarşı vandallığa münasibətdə susqunluq, nəhayət, Bakıya qarşı olimpiada təxribatları və s. yada salmaq olar. Görünür, Makron Fransası Azərbaycana qarşı daha bir xain həmləyə hazırlaşır. Bu dəfə “Qarabağ erməniləri” ilə manipulyasiya etməklə. Bəs bu düşmən siyasətə nə vaxt son veriləcək?

AZAD MƏSİYEV: FRANSANIN APARDIĞI SİYASƏT NƏ BEYNƏLXLAQ HÜQUQA, NƏ DƏ SİYASİ  REALLIĞA SÖYKƏNİR

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Qarabağ ermənilərinin gedişi antiterror əməliyyatından sonra olub: “Azərbaycan əvvəldən bəyan etmişdi ki, kim vətəndaşlığı qəbul etmək istəsə, təhlükəsizliyinə qarantiya veriləcək. Amma razılaşmadılar və Xankəndi, eləcə də ətraf ərazilərdə olanlar sülhməramlıların nəzarəti altında regionu tərk etdilər. Beynəlxalq ictimaiyyət Qarabağda Azərbaycana vurulan zərəri yaxşı bilir. Ona görə Fransadan səslənən bu fikirlər avantüradır. Çünki indiyə qədər azərbaycanlılar öz yurd-yuvasından qovulanda heç bir beynəlxalq humanitar dəstək olmadı. İndi bir ovuc erməniyə vəsait ayrılması ilə göstərilir ki, Azərbaycana bu məsələ üzərindən siyasi təzyiqlər olunur”. Onun sözlərinə görə, belə avantürist çağırışlarda böyük qərəz var: “Əgər qayıdış olacaqsa, o zaman Qərbi Azərbaycandan qovulan soydaşlarımızın da qayıdışı təmin edilməlidir. Çünki onlar könüllü gəlməyiblər, öz torpaqlarından qovulublar, amma ermənilər Qarabağdan öz xoşu ilə gediblər. Ona görə də Fransa kimi dövətlərin ikili yanaşması göz qabağındadır. Ümumiyyətlə, Cənubi Qafqzda yeni geosiyasi vəziyyət yaranıb və Azərbaycan bu proseslərə diqtə edir deyə Fransa, Almnaniya kimi ölkələr bu hadisələrdə önə çıxıblar. Əslində onların arxasında Birləşmiş Ştatlar dayanıb”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Fransa Ermənistanda siyasi-hərbi əlaqələrini inkişaf etdirir. Onun fikrincə, Fransanın Ermənistanda möhkəmlənməsi, Cənubi Qafqaz üçün yeni təhlükəsizlik riski yaradır: “Demək olar ki, Ermənistan Rusiya və Fransa arasında qarşıdırma platsdarmına çevrilir. Cənubi Qafqazda Ermənistan forpost olacaq. Baxmayaraq ki, Paşinyan ölkəsinin digər bir ölkənin forpostu olmasına qarşı olduğunu qeyd etdi. Görünür, bu kimi açıqlama məhz Moskvaya aid idi. Demək olar, Paşinyan xələflərinin siyasətini aparır. Əvvəlki hökumətlər Moskvanın forpostu olmuşdu, Paşinyan isə Moskvanı Parisə dəyişir. Dəyişən yalnız ölkə oldu, kölə siyasəti isə davam edir. Ermənistan yenidən forpost, satellit ölkə olaraq qalır. Fransanın uzun müddət Ermənistana maliyyə və iqtisadi dəstək verməsi də mümkün görünmür. Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə gedərsə, bu ölkə öz həqiqi müstəqilliyini əldə edəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR