Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsddən 2 il ötür.
Musavat.com xəbər verir ki, deputat bu barədə sosial media hesabında paylaşım edib:
“İki il öncə bu tarixdə həyatıma son qoymaq üçün İran xüsusi xidmət orqanları tərəfindən verilən təlimatla din-məzhəb donu altında gizlənərək Vətənini mollalara satmış Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri həyatıma sui-qəsd gerçəkləşdirdi. Maraqlıdır ki, hadisəni törədənlər özlərinə müsəlman deyənlər idi. Həm də özlərinə müsəlman deyənlər Ramazan ayında iftar süfrəsindən dönərkən evimin qarşısında bu terror aktını gerçəkləşdirdilər. Şükürlər olsun ki, bu terror aktından ağır yaralansam da, sağ çıxa bildim. Ailəmin gözü qarşısında bu cinayət əməli törədilsə də, ciddi mənəvi və fiziki sıxıntılar yaşasam da, bunları iradəmlə və cəmiyyətimizin duyarlı insanlarının dəstəyi ilə bir il müddətində aşmaq mümkün oldu. İki ağır əməliyyatı gerçəkləşdirən və həyatımı xilas edən həkim qardaşlarıma, tibb bacılarıma minnətdarlıq borcumu bu günədək unutmamışam. Eyni zamanda hadisə barədə xəbər alan kimi xəstəxanaya axışan və mənəvi dəstəyini əsirgəməyən tandığım-tanımadığım onlarca insanımızın həyəcan və duyğularını bu gün də içimdə hiss etməkdəyəm. Bu hadisə baş verən andan bir həftə gecə-gündüz çalışan Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğun rəhbərləri və əməkdaşlarının fədakarlığı sayəsində cinayətkarları yaxalamaq və ədalət mühakiməsinə təslim etmək mümkün oldu. Ölkə prezidenti dərhal bu məsələyə həssas və prinsipial münasibətini ortaya qoydu, istintaqın gedişini öz nəzarətinə götürdü. İlk gündən də anlaşıldı ki, bu şəxsimə qarşı deyil, birbaşa Azərbaycanda təxribat yaratmaq məqsədilə düşünülmüş, planlaşdırılmış terror aktıdır və iki ay öncə İrandakı səfirliyimizə düzənlənən terror aktının davamıdır”.
F.Mustafa cinayətkarların layiqli cəza aldığını qeyd edib:
“Bu günlərdə mütəşəkkil cinayətkar dəstənin üzvlərinin məhkəmə prosesi başa çatdı və hər biri layiq olduğu cəzasına qovuşdu. Öncə Ağır Cinayətlərə dair məhkəmədə hökm çıxarıldı, ardınca şikayət əsasında Bakı Apellyasiya məhkəməsində cinayət işinə baxıldı və birinci instansiya məhkəməsinin qərarı əsasən qüvvədə saxlanıldı. Hər iki prosesdə zərərçəkmiş şəxs qismində nümayəndəm vasitəsi ilə iştirak etdim və məhkəmə prosesini diqqətlə izlədim. Təbii ki, cinayəti təşkil edən şəxsə ömürlük həbs cəzası verilməsi ədalətli qərar kimi tərəfimizdən qəbul olunsa da, cinayəti bilavasitə törədən qatilə dövlət ittihamçısı tərəfindən 20 illik azadlıqdan məhrum etmə cəzasının istənilməsi tərəfimizdən narazılıqla qarşılandı. Bu barədə zərərçəkmiş şəxs kimi apellyasiya şikayəti versəm də, yenə də prokurorluğun mövqeyi müəmmalı və dəyişməz qaldı. Cinayətin digər iştirakçılarına verilən cəzalarla bağlı hansısa irad bildirməməyimin səbəbi məhkəmənin yanaşmasının doğru olması qənaəti ilə bağlı idi. Ümumiyyətlə hər iki məhkəmə instansiyasında hakimlərin həm prosesi aparması, həm də qanunun tələblərinə əməl etməsini təqdirlə qarşıladım. İrəlidə bu mövzuda ayrıca bir kitab hazırlayıb nəşr etdirmək niyyətindəyəm və orada öz görüşlərimi əhatəli şəkildə təqdim etməyi düşünürəm”.
Deputat həmçinin, müalicə aldığımmüddətdə gördüyü işlərdən də yazıb:
“28 martı niyə xatırlatdım? Bu bir ölüm-qalım sınağı olsa da, ən kritik anda insanı düşündürən əsas sual bu olur: Nədir yarımçıq qalan? İstənilən vaxt həyata göz yuman insan üçün yarıda buraxılmış işlər qalır. İki il öncə xəstəxanada müalicə alarkən sağ əlim bir müddət işləməz halda olduğunda düşündüm ki, sol əllə də olsa düşüncələrimi yazmalıyam. Və bir ay içində yataq şəraitində “Dirilən adamın düşüncələri” əsərini yazdım. Bu mənim Azərbaycan probleminə bütöv və fərqli baxışımı əks etdirən iddialı kitab kimi ərsəyə gəldi. Bu anda sevindim ki, Allah bu kitabı yazmağa mənə möhlət verdi. Və anladım ki, yarımçıq qalan heç bir ömür yoxdur, sadəcə insanın cəmiyyət qarşısında məsuliyyətinin icrası yarımçıq qalır. Ola bilsin ki, bu kitablara indi dəyər verilməyəcək, ancaq mütləq onlara geri dönüş olacaqdır. Necə ki, biz yüz illər öncə əsərlərə vaxtaşırı dönüş edirik, oradan nələrisə öyrənməyə çalışırıq.
Bu gün 28 mart tarixini həm də ona görə xatırlatdım ki, 6 aydan bəri üzərində işlədiyim yeni kitabımı məhz bu gün tamamladım. Azərbaycan cəmiyyətində düşüncə dəyişimi, yeniləşmə istəyən hər kəs üçün faydalı bir kitab olacağını düşünürəm. “Azərbaycan: qaranlıq keçmişdən mədəni tarixə” adlanır. Yaxın zamanlarda elmi-publisistik üslubda yazılmış bu əsəri nəşriyyata təqdim etməyi düşünürəm. Və maraqlıdır ki, Ramazan ayı boyunca səmərəli işləmək nəsib oldu və başqa bir mövzuda da yeni kitabın əsas işini yekunlaşdırdım.
28 mart 2023 tarixində özünə müsəlman deyənlər guya cəhalətə, xurafata, dinçi-faşizmə qarşı fikirlərimi bəyənmədiklərinə görə Ramazan ayının orucunu yarımçıq qoymuşdular. Maraqlıdır ki, məhkəmə istintaqı zamanı aydın oldu ki, fikirləri bəyənməyənlərin heç biri də bir kitabımı belə oxumamış, fikirlərimlə tanış olmamışlar. Sadəcə onlara dinin necə olduğunu öyrətdikləri kimi, mənim fikirlərimin də necə olduğunu biriləri anlatmış. Və onlar oxuduqları deyil, anladılan dinin ardıcılı olduqlarına görə, oxuduqları deyil, anladılan fikirlərə görə öldürməyə qərar vermişlər.
Mənim onlara cavabım yenə də KİTABdır. Necə ki, dində KİTABdan başqa bütün uydurma dəyərləri əlimin dalı ilə itələmişəm, həyatımızda da, cəmiyyətimizdə də KİTAB-dan ali dəyər görmürəm.
Dostlar deyirlər ki, 28 mart sənin yeni doğum günündür. Mənsə deyirəm ki, hər yazdığım KİTAB yenidən doğulduğum gündür”.
Nigar,
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ