Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ arasında siyasi gərginlik fonunda gözlənilməz iqtisadi yaxınlaşma baş verir. İki nəhəng dövlət nadir və nadir torpaq metallarının hasilatı və emalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etməyə başlayıb. Musavat.com xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev “İzvestiya”ya açıqlamasında məlumat verib.
Dmitriyevin sözlərinə görə, artıq bəzi ABŞ şirkətləri Rusiya ərazisində bu sahədə həyata keçiriləcək layihələrə maraq göstərib. Yeni danışıqlar raundunun aprel ayının ortalarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılır. Bu görüşlərdə yalnız siyasi deyil, həm də iqtisadi mövzuların, o cümlədən nadir metallarla bağlı əməkdaşlıq təkliflərinin masaya qoyulacağı gözlənilir.
ABŞ prezidenti Donald Tramp fevral ayında Moskva ilə bu sahədə əməkdaşlığı dəstəklədiyini bəyan etmişdi. Rusiya prezidenti Vladimir Putin isə cavab olaraq bildirmişdi ki, ölkəsi nadir torpaq metallarının hasilatı və emalı sahəsində ABŞ-ın dövlət və özəl qurumları ilə birgə layihələrə açıqdır.
Putin: “Rusiya bu sahədə dünya lideridir. Bizdə bu cür resurslar Ukrayna ilə müqayisədə qat-qat çoxdur. Onlar təkcə Murmanskda və Qafqazda deyil, Sibirdə, Yakutiyada və Tuva bölgəsində də geniş yayılıb.”
Rusiya Federasiyasının təbii sərvətlər üzrə nazirliyinin məlumatına görə, ölkədə 28,5 milyon ton nadir torpaq metalı ehtiyatı var. Lakin dünya bazarına çıxışda Rusiyanın payı cəmi 1 faiz təşkil edir, emal sektoru isə demək olar ki, mövcud deyil.
Bu əməkdaşlıq təşəbbüsü Tramp administrasiyası dövründə ABŞ-Rusiya münasibətlərinin yenidən formalaşdığının göstəricisi kimi qiymətləndirilir. Ekspertlərə görə, ABŞ yaxın 10 ildə bu metallar üzrə tələbatını 45 mindən 75 min tona qədər artıracaq. Hazırda isə bu ehtiyac əsasən Çindən idxal hesabına ödənilir.
Lakin bu əməkdaşlıq asan başa gəlməyəcək. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Ukraynaya verdiyi davamlı dəstək bu sahədə ciddi maneələr yaradır. Həmçinin ABŞ hökuməti özəl şirkətlərinə Rusiyada sərmayə yatırmağa icazə verməlidir, əks halda əməkdaşlıq yalnız kağız üzərində qalacaq.
Digər tərəfdən, Rusiya bu ilin əvvəlində “Yeni materiallar və kimya” adlı milli layihəni işə salıb. Prezident Putinin sözlərinə görə, bu layihə çərçivəsində ölkədə nadir torpaq metallarının hasilatından tutmuş, yüksək texnoloji məhsulların istehsalınadək tam sənaye dövriyyəsi qurulmalıdır.
Nadir metallar: kimə və nə üçün lazımdır?
Nadir və nadir torpaq metallarına litium, rubidium, germanium, neodim, terbiy və sair daxildir. Onlar atom energetikasından tutmuş pilotsuz uçuş aparatlarının istehsalınadək bir çox sahədə mühüm əhəmiyyət daşıyır.
Ekspertlər bildirirlər ki, bu sahədə Rusiya və ABŞ arasında mümkün əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət kəsb edir. Nadir metallar ətrafında formalaşacaq yeni diplomatiya, bəlkə də, iki ölkə arasında davam edən böhranlı münasibətlərin yumşalmasına ilk real töhfə ola bilər.
Musavat.com xatırladır ki, nadir metallar məsələsində ABŞ-ın yalnız Rusiya ilə deyil, Ukrayna ilə də ciddi danışıqları gedir. ABŞ və Ukrayna arasında bu sahədə əməkdaşlıq üzrə ilkin razılaşma əldə olunsa da, son proseslər göstərir ki, Kiyev bu razılaşmadan çıxmaq niyyətindədir. Səbəb isə Vaşinqtonun bu məsələdə sərt və bəzən “soygunçu” tələblərlə çıxış etməsidir. ABŞ tərəfi, Ukraynaya göstərilən hərbi yardımın qarşılığında nadir torpaq metallarından gələcək gəlirlərin bir qismini — azı 100 milyard dolları və əlavə 4 faiz rüsumu — rəsmi şəkildə kompensasiya kimi tələb edir. Zelenski administrasiyası isə bu şərtləri ədalətsiz sayır və ABŞ-ın hərbi yardımı borc kimi qəbul etdirmək cəhdlərinə qarşı çıxır.
Musavat.com
02 Aprel 2025
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ