İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük faciənin balaca qurbanları – nasistlər konslagerdə minlərlə uşağı məhv ediblər

Polşanın Lodz şəhərində keçmiş SS müəssisəsi olan “Kinder” uşaq konsentrasiya düşərgəsinin çox az hissəsi qalıb. Halbuki, II dünya müharibəsi dövründə buraya Polşanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Sovet İttifaqının bir çox şəhərindən 1 yaşdan 14 yaşa qədər valideynlərindən zorla alınan, edam edilmiş partizanların və hərbçilərin uşaqları gətirilib.

Uşaq seçimi

Mavi gözlü və sarı saçlı uşaqların kəllələri ölçülüb, “ali irq”ə uyğun gələnlər Almaniyada ailələrə övladlığa verilib. Yəhudi uşaqlarını isə görünüşündən asılı olmayaraq mərmi fabrikində ağır işlər gözləyib. Əziyyətə dözə bilməyənləri qaz kameralarına göndəriblər. Düşərgə 10 min uşaq üçün nəzərdə tutulub.

9e96644e-9cb6-4e41-a590-fcd6eab3bccd.jpg (156 KB)

Lodzda hələ də böyük köhnə qırmızı kərpicdən tikilmiş bina qalıb. Düşərgədə sağ qalan uşaqlar bildirib ki, SS tibb məntəqəsinin fəaliyyət göstərdiyi binadan gecələr dəhşətli qışqırıqlar və fəryadlar eşidilib. Şərq cəbhəsində yaralanan alman əsgərlər üçün qanı Polşa və SSRİ uşaqlarından burada alıblar. Həyətdə isə yüzlərlə meyit basdırılıb. Düşərgədə ana dilində deyilən sadəcə bir sözə görə körpələr ölümcül döyülüb.
Krım sakini Saşa Litov həmin hadisələri belə xatırlayır: “1943-cü ildə Lodza gətirildim. Mənim başımı necə ölçdüklərini, “sınaqdan” keçməyən uşaqların hıçqırıqlarını dəqiq xatırlayıram. Onlar izsiz yoxa çıxdılar və biz onları bir daha görmədik. Gözüm uzun müddət və çox pis ağrıyırdı.

Hamburqda alman ailəsi tərəfindən övladlığa götürüləndən sonra tibbi müayinədən keçdim. Həkimlər bunun yumruqla vurulan güclü zərbənin nəticəsi olduğunu müəyyən etdilər. Yalnız 18 yaşım olanda övladlığa götürüldüyümü və SSRİ-də doğulduğumu öyrəndim”.

821022a3-cf2e-495d-96bc-b04f60e8ce89.jpg (132 KB)

Hazırda Çexiya vətəndaşı olan 84 yaşlı Mariya Dolezalova-Şupikova isə bildirib ki, 1942-ci ildə yaşadıqları Lidice kəndi yandırıldıqdan sonra 23 uşaqla birgə Lodz düşərgəsinə aparılıb.

“Heç bir kazarma-filan yox idi. Çılpaq yerdə, cır-cındır və bitlər içində yatırdıq. Yanımızda iki həftəlik bir körpə və bir yaşlı uşaq var idi. Mən bu yaşda uşağın əsl həbsxanaya salına bilinəcəyini təsəvvür edə bilmirdim”.

Reyx üçün qullar

Avropadan uşaqlar tikanlı vaqonlarla Radegast stansiyasına gətirilib və daha sonra düşərgəyə aparılıblar. Vaqonların içərisinə yüzdən çox azyaşlı salınıb və bəzən dar şəraitdə balaca əsirlərin üçdə biri yolda ölüb. Lodz yəhudi gettosunda dəhşətli soyuqda nə odun olub, nə də su. İnsanlar suyu quyu qazaraq əldə ediblər. İlk qışda minlərlə insan ölüb, lakin onlar uşaqları bədənləri ilə isitməyə çalışıblar və son tikə çörəklərini onlara veriblər.

f4f8766f-ef74-4f78-b9f5-c8939e0d65cd.jpg (156 KB)

Bunu görən nasistlər başqa addım atıblar. 4 sentyabr 1942-ci ildə 20 min uşaq valideynlərindən alınıb. Əksəriyyəti Auşvitsə göndərilib, bəziləri isə qonşu silah fabriklərində gecə-gündüz işləmək üçün “Kinder”də qalıb. SS-çi iş adamları hesab edib ki, uşaqların əlləri silah hissələrini düzəltmək üçün yaxşıdır.

Lodz yaxınlığında həmçinin 8-16 yaşlı polşalı qızlar (deportasiya edilmiş polyakların və partizanların qızları) üçün ayrıca düşərgə tikilib. Orada 1 600 məhbus sürətlə kənd təsərrüfatı işlərinə öyrədilib, sonra isə kütləvi şəkildə Almaniyanın yerli fermerlərin tarlalarında qul kimi işlədilib.

Mühafizəçilər xüsusi qəddarlığı ilə seçilən SS-i qadınlardan olub. Nəzarətçi Sidomiya Bayer 13 yaşlı Urzula Kaçmareki digər uşaqların gözü qarşısında qamçılayaraq öldürüb.

Hələ də neçə uşağın öldürüldüyü bilinməyən “Kinder” düşərgəsi “Lebensborn” sığınacaq şəbəkəsi üçün geniş istifadə olunub. Nasistlərin planı işğal olunmuş ölkələrdən (ilk növbədə Polşa və SSRİ) körpələri valideynlərindən qoparıb alman ailələrində analarının Almaniya, atalarının isə Adolf Hitler olduğuna inanan nasional-sosializm fanatikləri olaraq “əsl arilər” kimi böyütmək olub.

8255231c-8dbb-4ea9-8b76-b3833f4461d1.jpg (127 KB)

“Sınaq”dan keçməyən uşaq daha sonra ağır işlərə, Auşvitz və SS-in tibbi təcrübələri üçün Buhenvalda göndərilib. “Lebensborn” layihəsindən olan uşaqların yalnız dörddə biri ailələrinə və qohumlarına qayıda bilib, digərlərini tapmaq mümkün olmayıb. Məlumdur ki, onların sənədləri məhv edilib.

Lodz gettosunun divarları içərisində “Kinder” uşaq konsentrasiya düşərgəsini 200 min gənc polyak, SSRİ-dən 50 min uşaq, Çexoslovakiya və Yuqoslaviyadan olan minlərlə uşağın gördüyü təxmin edilir. On minlərlə yəhudi uşağı buradan Maydanek, Treblinka, Bergen-Belzen, Ştuttqof və başqa həbs düşərgələrinə ölümə göndərilib. Çoxları burada aclıqdan və qışda soyuqdan donaraq ölüb. Polşadakı fabrikində 1200 yəhudini xilas etməyi bacaran alman sənayeçisi Oskar Şindler üçün məhbusların çoxu məhz bu düşərgədən gətirilib. SSRİ ordusu 19 yanvar 1945-ci ildə Lodza daxil olaraq 900 məhbusu, böyükləri və uşaqları yəhudi gettosundan azad edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR