İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Musavat.com-a elə şeylər danışdı ki... - SENSASİON MÜSAHİBƏ

Komitə sədri: “Onsuz da Zəngəzur dəhlizi İranın istəyindan asılı olmayaraq, birbaşa bizim iradəmizlə açılacaq”

Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Musavat.com-a sensasion fikirlərlə zəngin geniş müsahibə verib.

Azərbaycan-Çin münasibətləri, İran - Azərbaycan əlaqələri, Pezeşkianın qarşıdakı səfəri, Zəngəzur dəhlizi ilə bağlı perspektivlər, Ermənistanla sülh prosesi barədə millət vəkilinin özünəməxsus təhlilləri və proqnozları var. Həmçinin Fazil bəyin deputatların fəaliyyəti, parlament - hökumət münasibətləri barədə dedikləri də çox maraqlıdır.

- Fazil bəy, Prezidentin Çin səfəri, imzalanan sənədlər Sizin fikrinizsə, hansı perspektivlər vəd edir? Azərbaycanın dünya nəhənglərindən biri ilə hərtərəfli strateji tərəfdaşlığını necə qiymətləndirirsiniz? Yeri gəlmişkən, Urumçi ilə Naxçıvanın qardaşlaşmasının da böyük mənası var...

- Artıq Çin dünyanın aparıcı güclərindən biri deyil, məhz aparıcı gücüdür! Azərbaycan Prezidentinin bu səfəri elə bir möhtəşəm tarixi uğurdur ki, bunu bir neçə cümlə ilə təsvir etmək mümkün deyil. Dünya divi ilə bərabər səviyyəli portnyor kimi davranmaq, strateji əməkdaşlıq sazişi imzalamaq, vizasız gediş-gəlişə nail olmaq sözsüz ki, Azərbaycanın ən böyük diplomatik uğurlarından biridir. Hələ prezidentimizin və birinci vitse-prezidentimizin ən yüksək səviyyədə qarşılanma törəni unudulmaz qürurverici anlar idi. Unutmayaq ki, biz Çinlə yanaşı, həm də ABŞ, Rusiya kimi dövlətlərlə normal münasibətlər yarada bilmiş durumdayıq. Dünyanın əksər güc mərkəzləri Azərbaycana xüsusi dəyər verirlər və bunun təzahürləri prezidentin Çin səfərində də aydın göründü.

Urumçi ilə biz tarixən qardaş idik, bu gün Naxçıvan adı ilə hüquqi qardaşlığa vardıq. Urumçi bizim üçün Daşkənd, Almatı, Təbriz, İstanbul qədər doğma şəhərdir. Soydaşlarımız olan uyğurların baş kəndidir. Naxçıvana Zəngəzur dəhlizi açdığımız kimi, oraya da bir Türk dəhlizi açacağıq. Məndə belə bir inam var ki, irəlidə Çinin uyğurlarla problemlərinin çözülməsində Azərbaycanın töhfəsinin də şahidi olacağıq. Unutmayaq ki, Naxçıvanın qardaşlığı da sarsılmaz olur, əgər bir məkanla qardaşlaşdısa, oraya barış və rifah hökmən gələcək.

- 28 apreldə İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Bakı ilə Tehran arasında son illər yaşanan gərginliklər unudulmayıb. Bu səfərdən nə gözləyirsiniz? Ümumiyyətlə, Sizin hazırki İran prezidentinə, onun mövqeyinə, yürütdüyü siyasətə münasibətiniz necədir?

- Bu səfər ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasına töhfə verə bilər. Doğrudur, İranın bölgədəki siyasətindən qaynaqlanan kifayət qədər neqativ təzahürlər hələ də mövcuddur. Azərbaycana münasibətdə də səmimi olmayan davranışlar hələ də davam etməkdədir. Xüsusilə də Zəngəzur dəhlizi məsələsində heç bir məntiqə uyğun gəlməyən bəhanələrin səsləndirilməsi tərəfimizdən sağlam qonşuluq prinsiplərinə uyğun gəlməyən yanaşma kimi anlaşılır. Ancaq bütün hallarda irəliyə baxmamız və münasibətlərin səmimi qonşuluq prinsipinə yaxınlaşmasına çalışmaq lazımdır. Bu səfərdən əgər Pezeşkianın prezident kimi geniş səlahiyyətləri olsaydı, müsbət mənada çox ciddi irəliləyişləri proqnozlaşdırmaq mümkün idi. Hazırkı İran prezidenti müşahidə olunduğu qədər radikal dinçi zehniyyətə sahib deyil və İranda sərt şəriət qaydalarının tətbiqinə qarşı mövqe sərgiləməyə çalışır. Ancaq bu siyasəti gerçəkləşdirmək üçün real gücə sahib olmalısan. Ona görə də indiki İran rejimində ən islahatçı şəxs belə hansısa çərçivəni dəyişəcək imkana sahib ola bilməz. İranın da son illərdə rasional qərarla qəbul edə bilməməsinin kökündə məhz bu amil dayanır. ABŞ-la öz daxilində kimsənin eşitməyəcəyi səslə uzaqdan böyük-böyük danışa bilərsən, ancaq azca təzyiq göstərən kimi quzu-quzu danışıqlara gedirsən. Azərbaycana İsraillə dostluğun qəbahətindən dəm vura bilərsən, özün isə xəlvətdə İsrailə vasitəçilər üzərindən yalvarırsan ki, amandır, nüvə obyektlərimizi vurma! Müşahidə etdiyimiz qədər, İran prezidenti də hələ ki, köklü islahatlar aparmaq imkanları olmadığından Şəhriyarın şeiri ilə cəmiyyətin yeniləşməyə ümidlərini qorumağa çalışır.

WhatsApp Image 2025-04-26 at 10.19.29.jpeg (199 KB)

- Maraqlıdır, 2023-cü ilin 28 martında İrandan verilən sifariş əsasında terrora məruz qalmış bir şəxs olaraq Məsud Pezeşkiana şəxsən demək istədikləriniz varmı? Görüş imkanı yaransa, nə deyərdiniz?

- Mənə qarşı cinayəti İran sisteminin beynini zəhərlədiyi azərbaycanlı dinçi soydaşlarımız törədib. Cinayətkarlar müvafiq cəzalarını alıblar, ancaq cinayəti birbaşa törədən qatilə ömürlük həbs cəzasının verilməməsi mənim üçün də hələ müəmmalı qalıb. Halbuki buna yetərincə hüquqi əsaslar vardır. Bununla bağlı açıq etirazımı hüquqi vasitələrlə bildirsəm də, zərərçəkmiş kimi rəyim diqqətə alınmayıb. Yəni bu sui-qəsdin İran dairələri tərəfindən hazırlandığı sübuta yetirilsə də, artıq digər proseslər daxili hüquq məsələmizə aiddir.  Bu cür məsələlərdə Pezeşkian bizdən də ağır durumdadır. Bizdə beyni zəhərlənmişlər minlərlədir, onlarda milyonlarladır. Onları sağaltmaq mümkün olsaydı Pezeşkiyan özü həkim kimi bu işi çoxdan görərdi. Lakin görüş imkanı olsa, mən hər halda şəxsimə qarşı törədilən məsələdən deyil, səfirliyimizə qarşı terror aktı törətmiş qatilə olan xoşgörülü münasibətin səbəbini soruşa bilərdim.  Eyni zamanda bilindiyi kimi İranda bizim milyonlarla soydaşlarımız var, ancaq bütün ideoloji-dinçi rejimlərin yaratdığı fəlakəti o torpaqlarda yaşayan bütün insanlar eyni ölçüdə yaşayırlar. Orada yaşayan xalqların ana dilində təhsil alması məsələsinə anlaşıldığı qədər Pezeşkiyanın münasibəti müsbətdir. Parlamentdə səsvermədən keçməsə də, hər halda bu vacib məsələnin həllinin başqa mümkün yolların düşünülüb-düşünülmədiyi barədə soruşardım.

- İran uzun müddətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında sərbəst gediş-gəliş istəklərinə mane yaradır və Ermənistanın ərazisini özünün “qırmızı xətti” hesab edir. Necə bilirsiniz, bu səfər Zəngəzur dəhlizinin açılmasında “yaşıl işıq” rolunu oynayacaqmı?

- Artıq bir sıra layihələrin gerçəkləşməsi onu göstərir ki, alternativ yolların açılışı İranın da maraqlarına tam uyğundur. Sual olunur, özü ağır sanksiyalar altında qalmış, sabahı bəlli olmayan bir ölkə özü üçün də faydalı ola biləcək tranzit xətlərinə qarşı niyə neqativ münasibət sərgiləsin? Zəngəzur Dəhlizi bizdən də çox İranın və Ermənistanın faydasınadır. Biz Naxçıvanla, Türkiyə ilə əlaqəli yol problemimizi həll edəcəyik, onlar isə dünya ilə əlaqələrini qurma şansı əldə edəcəklər. Bizim alternativlərimiz daha çoxdur, nəinki onların. Burada sadəcə bir molla məntiqsizliyindən söhbət getmir, İranın bir tüpürdüyünü yalamamaq kimi kor inadı aşkar görünür. Fikrimcə, İran siyasətində praqmatik düşüncəli siyasətçilər onları bu məsələyə yenidən baxmağa yönəldə biləcəklər. Onsuz da Zəngəzur dəhlizi İranın istəyindan asılı olmayaraq, birbaşa bizim iradəmizlə açılacaqdır. Çünki Ermənistan sülh sazişini bağlamaq naminə hökmən həm Avropa Birliyinin müşahidəçi yardımından, həm də İranın qırmızı xətt duasından imtina etməyə məcbur olacaq.

- Azərbaycanla İran arasında Araz çayı üzərindən atılan körpü əsasında Naxçıvana quru yol çəkilir. Siz Arazın üzərindən keçərək Naxçıvana, doğulduğunuz ünvana getmək istərdinizmi, yoxsa Zəngəzur dəhlizi reallaşanadək hava nəqliyyatından istifadə etmək niyyətindəsiniz? Maraqlıdır, sovet dövründə Zəngilandan Ordubada qatarla getmisinizmi? Yadınızda necə qalıb o səfərlər?

- On dəfələrlə dəmir yol vasitəsi ilə Bakıya gedib-gəlmişəm. Sərhəd tellərini hər dəfə görən bir Naxçıvan sakininin hansı duyğuları keçirməsi bəllidir. Az-çox içimizdə şair təbiətini görünür həmin Araz, həmin tikanlı məftillər yaradıb. Üstəlik də Sovet sərhədçilərinin icazəsi olmadan Naxçıvana giriş-çıxış da qapalı idi və hər dəfə insanları sərhədçilər yekəpər itləri ilə yoxlayanda əməlli-başlı qürurumuza toxunmurdumu? O zaman təyyarədən əsasən vəzifəli və imkanlı şəxslər istifadə edirdilər. Bu məsələ dəmir yolusuz olmayacaq. Dəmir yolusuz Zəngəzur dəhlizinin də əhəmiyyəti xeyli azala bilər. Təkcə insanların komfortundan söhbət getmir ki…Həm də yüklər daşınmalıdır, bölgənin iqtisadiyyatı dirçəlməlidir, dövlətlərin bazarları bir-birinə açıq olmalıdır.

- Azərbaycan və Türkiyə bayraqlarının İrəvanda və digər Ermənistan ərazilərində yandırılması rəsmi İrəvanın sülhə maraqlı olmadığı qənaətini yaradır. Hər halda Paşinyanın hadisəni pisləməsi səmimi görünmür. Üstəlik, Avropa İttifaqının missiyası da şərti sərhədlərdə təxribatları davam etdirir. Proseslər sizcə, hara aparır, yenidən müharibə başlaya bilərmi? Ermənistanın bu davranışlarına bizim təmkinli münasibətimiz nə vaxta qədər davam etməlidir?

- Bayraqların yandırılması fikrimcə, elə Paşinyanın özünə qarşı da təxribatdır. Bunu pisləməsi əslində yaxşı haldır. Çünki erməni cəmiyyətinin xəstəliyini sağaltmağa cəsarətlə girişmiş bu siyasi lider proseslərin bu cür bəsit şoularla dayanmasına maraqlı ola bilməz. Avropa Birliyi İranla birlikdə münasibətlərin dinc məcrada irəliləməsinə, bölgədə sülhün qəti şəkildə bərqərar olmasına maraqlı deyil. Ermənistan isə özünü bu Birliyin vədlərindən asılı vəziyyətə salıb. Ona görə də Birliyin təxribatlarını dayandırmaq üçün ciddi cəhd göstərmirlər. Burada maddi dəstək, siyasi dəstək amili mühüm rol oynayır. Nəhayət ki, Ermənistan siyasi elitasında anlamalıdırlar ki, Avropa Birliyinin dəstəyi Azərbaycanın mərhəmətindən önəmli ola bilməz. Bütün hallarda biz sülh üçün hər cür fədakarlığı davam etdirməliyik. Bölgədən müharibə virusunu uzaqlaşdırmadan, bizim üçün də gələcəyin təhlükəli qeyri-müəyyənliyi narahatedici amil sayılmalıdır.

- Fazil bəy, bu günlərdə sabiq deputat Çingiz Qənizadə Modern.az-a müsahibəsində deyib ki, “Hazırda əvvəlki çağırışlardakı aktivlik hiss olunmur, elə 10 il əvvəlki deputatlardır ki, indi də sadəcə onların aktivliyini görə bilirik”. Sizcə, niyə hətta keçmiş həmkarlarınız arasında da əksər parlamentarlarla bağlı belə qənaət formalaşıb. Niyə bir çoxları danışmaqdan çəkinirlər?

- Bu qiymətləndirmə kənardan olan müşahidələrdir. Çingiz bəyə hörmətim var, ona görə də bu tezisinə şərh vermək mənim üçün doğru olmaz. Ancaq Milli Məclisdə deputatların fəallığı üçün hansısa maneə yoxdur. Xüsusilə də Milli Məclisin sədri Sahibə xanım Qafarova əksər iclaslarda cari məsələlərə münasibət bildirmək üçün sistemli şəkildə imkan yaradır. Əvvəlki dövrlərdən fərqli olaraq, indi komitələrdə ictimai dinləmələrin, müzakirələrin intensivliyi də artıb. Deputatların vətəndaşları qəbul prosedurası dəqiq sistemə salınıb. Ən ucqar bölgədən olan deputat belə ayda ən azı iki dəfə mütləq yerində gedib vətəndaşı qəbul etməlidir. Burada fəallıq bir qədər Avropa ilə bağlı olan beynəlxalq təşkilatlarda azalıb, bunun səbəbi də AŞPA, ATƏT, Avronest kimi qurumların əvvəlki aktivliyinin olmamasındadır. Ancaq Qoşulmama Hərəkatı, TÜRK PA, Asiya PA, MDB PA kimi qurumlarda deputatların fəaliyyəti yetərincə diqqətəlayiq sayıla bilər.

- Parlamentdə məmurları tənqid azalıb və bu barədə oxucularımız da sual edirlər. Sizcə, bunun səbəbi nədir, məmur kontingentinin təzyiqləri var, yoxsa heç kəs başını ağrıtmaq istəmir?

- Bir jurnalist kimi əgər sizin belə müşahidəniz varsa, əlbəttə, bu məsələyə diqqət yönəltməliyik. Ya məmurlar elə işləyirlər ki, tənqidə yer qalmır, ya da tənqidin hansısa nəticəsi olmadığına görə aktuallığını itirir. Burada hansısa təzyiqin olması mümkün deyil, çünki öz statusuna hörmət edən hər hansı deputat seçicinin problemini gündəmə gətirməkdən çəkinməməlidir. Bir nümunə deyim, hökumətin son hesabatında tərəfimizdən qəzalı binalarla bağlı məsələ gündəmə gətirildi.  Həm də yetərincə tənqidi çıxış idi. Bir gün keçməmiş hörmətli Baş nazirdən atılacaq addımlarla bağlı bilgi verildi. Bir həftə keçməmiş bu məsələ ilə bağlı müşavirə keçirildi və konkret addımlar atıldı. Ona görə də tənqidin azalması barədə birmənalı fikir yürütmək doğru olmaz.

Elşad Paşasoy,
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR