İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyadanı döyən "BakuBus" sürücüsü İŞDƏN ÇIXARILDI

Bakıda avtobus sürücüsünün piyadanı döyməsinə rəsmi münasibət bildirilib.

Oxu.Az-a açıqlama verən "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva baş verən faktı təsdiqləyib.

O qeyd edib ki, insident ötən gün, saat 19:30-da "BakuBus" MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-786 dövlət qeydiyyat nişanlı avtobusda sürücü ilə piyada arasında baş verib.

"Video-müşahidə kameralarının görüntülərinin təhlili nəticəsində müəyyən olunub ki, avtobus sürücüsü Əsgərov Babək piyada keçidində piyadanın keçidinə üstünlük verməyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, piyadanın irad bildirməsi zamanı isə aralarında xoşagəlməz mübahisə yaranıb.

Sözügedən hadisə ilə bağlı avtobusun sürücüsü Əsgərov Babəkin əmək fəaliyyətinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilib.

Bir məsələyə də aydınlıq gətirmək istərdim ki, bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların əksinə olaraq, bu hadisədə iştirak edən sürücü daha əvvəl yol-nəqliyyat hadisəsi törətmiş şəxs deyil.

Həmin hadisə zamanı ictimaiyyətə verilən açıqlamada da qeyd olunduğu kimi, hadisənin iştirakçısı sürücü Ramin Təhməzov olub", - deyə Ə. Əliyeva vurğulayıb.

Qurum rəsmisi onu da diqqətə çatdırıb ki, "BakuBus" MMC-də hər gün səhər reysə çıxmazdan əvvəl sürücülərə nəqliyyat vasitəsini idarə etmək üçün "Yol vərəqəsi" təqdim olunur.

"Yol vərəqəsində sürücünün idarə edəcəyi avtobusun dövlət qeydiyyat nişanı qeyd olunur. Hazırda baş vermiş hadisə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır. "BakuBus" MMC olaraq yaşanan insidentə görə sərnişinlərimizdən üzr istəyir və belə hallarla qarşılaşdıqda dərhal bizə məlumat vermələrini xahiş edirik", - deyə Ə. Əliyeva bildirib.

 ***

Xəbər verdiyimiz kimi, Bakıda avtobus sürücüsü piyadanı döyüb.

Musavat.com xəbər verir ki, buna səbəb piyada zolağında olan sərnişinə avtobus sürücüsünün yol verməməsi olub.

“BakuBus”a məxsus 11 saylı 90 JY 786 dövlət nömrə nişanlı avtobusun sürücüsü ona irad bildirən piyada ilə əvvəl sözlü mübahisə edib. Mübahisə böyüyüb və küçədə əlbəyaxa dava edib. Sürücü piyadanın sifətinə yumruqla vuraraq xəsarət yetirib. Zərbədən piyadanın qaşı partlayıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Musavat.com-a bildirib ki, aprelin 25-də paytaxtın Nərimanov rayonu ərazisində avtobus sürücüsü ilə piyada arasında mübahisə baş verməsi barədə daxil olmuş məlumat üzrə ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Tərəflərin izahatı alınıb. Yol üstünlüyü ilə bağlı aralarında anlaşılmazlıq yarandığını bildirərək qarşılıqlı şikayətlərinin olmadığını qeyd ediblər.

Hazırda araşdırma davam etdirilir.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR