İnsanlara hürriyət, millətlərə istiqlal!

Humanizmə əvəz yoxdur – Həmkarımızın azadlığa buraxılması cəmiyyətə nikbin mesajdır

Həbsxana həyatı yaşayan jurnalist Əvəz Zeynallının ağır xəstə olması barədə xəbər ictimailəşəndən və sürətlə tirajlanandan sonra onun azadlığa buraxılacağına inananlar da birə on artmışdı. Çox adam dövlət rəhbərliyinin belə məsələlərdə həssas olduğunu bilirdi.

Humanizm prinsipləri də tələb edirdi ki, belə xəstəliyin (Allah heç kəsə göstərməsin) müalicəsi ev şəraitində, xüsusi müalicə müəssisəsində, yüksək diqqət və qayğı altında davam etməlidir. Başqa cür mümkün deyil.

Bu məsələdə yeganə narahatedici məqam o idi ki, belə humanizm aktı barədə qərar verən dairələr və şəxslər diaqnozun dəqiqliyinə inanacaqlar, yoxsa şübhə edəcəklər.

Çünki indiyə qədər həbsə düşəndən sonra qəfildən “xəstələnən”, “səhhətində ağır problemlər yaranan” tanınmış adamlar çox olub və onlar bu yolla həbsxanadan çıxmaq sitəyiblər. Bir ara bu, hətta ictimaiyyət arasında istehza predmetinə çevrilmişdi: “Niyə bu şəxslər həbsə düşən kimi xəstələnirlər”?

Əslində isə xəstəliyini bəhanə edənlərlə yanaşı, etməyənlər, həqiqətən xəstə olanlar da vardı. Vəzifədə olanda Almaniyada, İsraildə vaxtaşırı müayinə olunan, müalicə alan yaşlı (50+) adamların dörd divar arasına düşəndən sonra səhhətlərinin pisləşməsi təbii idi.

O üzdən səhhəti ilə bağlı həbsxanadan buraxılan tanınmış şəxslərlə bağlı cəmiyyətdə ikili mövqe həmişə olur. Sonradan onların bəziləri müalicə olunur və yaşamaqda davam edirlər. Ancaq həbsxanada qalsalar, mütləq həyatlarını itirəcəkdilər və bu, onların haqqında çıxarılmış 5-6 və ya 7-8 illik həbs cəzasının öz-özünə ömürlük həbsə çevrilməsi demək olacaqdı.

İnsan haqlarına hörmət qoyan dövlət həbsxanada ölüm hallarına yol verməməlidir. ABŞ-də ağır cinayətlər törədən, barəsində əvvəlcə ölüm hökmü çıxarılan, sonradan həmin hökmü ömürlük həbslə əvəz olunan şəxslər olur ki, 50 il türmədə yatandan sonra ömürlərinin son aylarında evlərinə buraxılırlar.

Əvəz Zeynallının ittiham və məhkum olunduğu maddələr elə də ağır deyildi. Ancaq onun xəstəlik diaqnozu ağırdır. Görünür, dövlət orqanları jurnalistin diaqnozunun dəqiq olmasını aydınlaşdırıblar, ona görə də onun həbsdən azad edilməsini sanksiyalaşdırıblar.

AVAZ EN EN SON .png (645 KB)

Söz yox ki, bu, parlaq humanizm aktıdır. İndi yəqin ki, buna da dodaq büzənlər olacaq və ya artıq var. Əgər Əvəz Zeynallı həbsdən azad edilməsəydi, o zaman onlar ağızlarını daha çox büzəcək və daha çox neqativ sözlər söyləyəcəkdilər.

Həmişə olduğu kimi, Əvəz Zeynallını da “siyasi mübarəzə”dən vaz keçərək azadlığa çıxdığına görə qınayanlar olacaq. Belə adamlar həbsə düşənlərdən, aclıq edənlərdən həmişə “sona qədər dirənməyi”, “yoldan dönməməyi” tələb edirlər. Onların vecinə deyil ki, bu şəxs də insandır, ailəsi, balaları var, o da azadlıqda olmaq, azad nəfəs almaq, qohum-əqrəbasının xeyrinə, şərinə yaramaq istəyir. Yox, o “əqidəsi uğrunda ölməlidir, amma yolundan dönməməlidir”. Ölkəmizdə belə bir anormal mövqedə olanlar da var, təəssüf ki. Bu, humanizm prinsiplərinə ziddir. Əvəzə içəridə bir şey olsa, ailəsi və balaları üçün əvəzsiz bir itki, ölkə üçün dövlət və hökumət üçün neqativ hal olardı.

AVAZ EN YENİ.jpg (158 KB)

Ancaq dövlət rəhbərliyinin, konkret olaraq dövlət başçısı İlham Əliyevin Əvəz Zeynallıya qarşı atdığı humanist addım özlüyündə gələcəyə yönəlik nikbin mesajlar verir. Bilindiyi kimi, hazırda məhbəsdə humanist yanaşmaya ehtiyacı olan başqaları da var və onlar da azadlığa buraxılsalar, daha yaxşı olar. Şərt deyil ki, onlar Əvəz Zeynallı kimi ağır xəstəliyə tutulsunlar. Belə olmasa da, onların bir çoxlarının humanizm mülahizələri ilə azadlıqda olmalarını şərtləndirən incəliklər var. Xüsusilə də xarici media qurumlarında işləyib maaş almış, nəticədə qanunazidd hərəkətlərdə təqsirləndirilən həmkarlarımızın məsələsini qeyd etmək olar.

Bu yerdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun müxtəlif illərdə ayrı-ayrı həmkarlarımızın, tanınmış siyasətçilərin, sənət adamlarının müayinə və müalicələrini öz öhdəsinə götürməsinə dair çoxsaylı faktları da sadalamaq olar, ancaq ehtiyac yoxdur. Yalnız onu arzu edək ki, götürülmüş bu xətt davamlı olsun, ölkə vətəndaşları dövlətin əlini hər zaman çiynində hiss etsin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR