Onlayn ictimai-siyasi qəzet
Tanıdığımızdan bəri ilk dəfədir ki, Səbuhinin adı çəkilir və üzümüzdə təbəssüm əmələ gəlmir. Çünki həmkarımız, keçmiş əməkdaşımız, dostumuz həyat savaşı verir.
Əvvəllər isə belə deyildi. Ondan söhbət düşəndə mütləq məzəli söhbətləri yada düşərdi. Bu əhvalatlar ya onun özünün başına gəlmişdi, ya da şahidi olmuşdu, bir azca ədva vurub danışırdı. Həmkarımız maraqlı yazılar müəllifi olduğu qədər də maraqlı söhbətləri ilə məşhurdur.
İndi onlardan bir qatarını burda yazıram - sırf kədərli fikirlər qovulsun, pozitiv ovqat yaransın deyə.
2002-c i il idi, bir səhər Səbuhi işə gələn kimi mənə dedi ki, halal elə, dünən sənin imzana görə Biləcəridə mənə babat qonaqlıq verdilər. Dedim, halal xoşun olsun, amma Biləcəridə hamı səni tanıyır axı.
Gülə-gülə hadisəni danışdı. Demək, Səbuhi kafe-restoranda oturub yeyib-içirmiş. Birdən barmen ona yaxınlaşıb ki, qardaş, sən Səbuhi Məmmədli deyilsənmi? Səbuhi təsdiqləyib. Barmen deyib, mən sizin qəzetin daimi oxucusuyam. Və başlayıb qəzetdəki imzaları bir-bir sadalamağa. Sıra Samir Sarıya çatanda barmen deyib, bilirəm, o təxəllüsdür, amma kimin təxəllüsüdür, bilmirəm. Səbuhi ona tərəf əyilib, deyib, aramızda qalsın, o, mənim ikinci imzamdır... Süfrəyə təzədən kabab və araq gəlib və axırda ondan pul almayıblar.
Bənzər hadisənin biri də onun başına Rostovda gəlib. Kafe-bistroda yemək yeyir, pivə içirmiş. Masasına bir bazburutlu rus yaxınlaşıb, pivə parçını masaya qoyan kimi Səbuhidən soruşub: “Serbsən?” Səbuhi fikirləşib ki, beş dəqiqəlik serb olmaqla heç nə olmaz, deyib, bəli, Belqraddanam. Adam soruşub: “Belqradın harasından?” Səbuhi çox fikirləşməyib, dərhal deyib ki, Belqradın şimal çıxışında, şəhərə bitişik Bolodjor qəsəbəsi var, ordanam. Cantaraq rus yenə soruşub: “Adın nədir?” Səbuhi dərhal cavab verib: “Sinişa. Sinişa Boban”. (Özü deyir ki, bu ad-soyadı iki futbolçunun – Sinişa Mixayloviç və Zvanomir Bobanın adından bir saniyədə düzəldib). TIR sürücüsü olan rusun buna qanı qaynayıb, heç demə, slavyan nasisti imiş. Birlikdə yeyib-içə-içı xorvatları, boşnakları, albanları asıb kəsə-kəsə böyük slavyan imperiyası düzəldiblər, “brat”ın biri bir qəpiyə düşüb. Axırda Səbuhi ona Biləcəridəki ev telefonunun nömrəsini verib, deyib, nə vaxt Bolodjora yolun düşsə, zəng et, normalnı oturaq.
Bir dəfə onu Lənkərana reportaja göndərmişdik. Kişi kimi də taksiya oturub gedirmiş. Taksidə dörd nəfər imişlər. Salyana çatanda sərnişinlərdən biri deyir ki, Şorsulu qəbristanlığına dönə bilərikmi, atama yasin surəsi oxutdurum, gedək. Heç kəs etiraz eləmir. Sürücü maşını qəbristanlığa sürür, sərnişinlər düşürlər və məlum olur ki, səhər çağı olduğundan məzarlıqda molla yoxdur. Adam dirəşir ki, yox, bura dönmüşüksə, molla tapmalıyıq. Səbuhi görür ki, gec olacaq, deyir, ay qardaş, surə surədir də, nə fərqi var, mən də oxuya bilərəm, mollanı neynirsən. Kişi razılaşır ki, yaxşı, oxuya bilirsən, oxu. Səbuhi “bismillahi rəhmanirrəhim”lə sözə başlayır, yas yerlərində eşitdiyi, yadında qalan surələri, ayələri qaynaq edərək moizə edir, mətnə “malik yamiddin, qülfüvallahu əhəd, Allahu səməd, sratiəlləzinə”-filan da qatır, axırda da “vərəhmətullahi və bərəkətühü” deyə yekunlaşdırır. Kişi də razı qalır, sürücü də, o biri sərnişinlər də.
Onun haqqında media camiəsində dolaşan lətifələrdən biri belədir ki, getmədiyi rayonlardan reportaj yazdığı olub. Gerçəkdən bir-iki dəfə belə şeylər edib. Yaxşı bələd olduğu rayonda baş vermiş hadisə barədə həmin rayonda yaşayan dost-tanışlarından müfəssəl məlumat alıb, sonra iti beyni, zəngin təxəyyülü ilə real bir reportaj düzüb-qoşub. Belə şey onun əlində elə də çətin iş deyil. Amma əksər reportajlara özü gedirdi və yarıdırdı, yaradırdı. Xüsusilə də xarici ölkələrə səfərlərindən əla reportajları var.
Məsələn, Suriyadan hazırladığı reportaj xüsusilə gözəl idi. Mən onun tankın üstündə oturub çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı şəklin altında zarafatla “Sübxi, bura həqiqətən Suriyadır, yoxsa Neftçalanın Surra kəndidir?” kimi bir şərh yazmışdım, heç ondan çıxmayan iş, incimişdi. Sonra zəng vurub könlünü aldım ki, bu zarafatları yüz dəfə eləmişik axı.
Səbuhinin unikal qələm sahibi olduğunu yenidən təkrarlamağa ehtiyac yoxdur. Bunu hamı bilir. Məsələn, 30 jurnalisti toplayıb, tutaq ki, Pirallahı adasına aparsınlar, Səbuhi də getsin. Onların 29-nun yazısı aşağı-yuxarı bir-birinə oxşayacaq, Səbuhinin yazdığı isə əsla.
İndi o, ağır durumdadır. Onu tanıyanların bircə arzusu var ki, "qoca qartal" bir azca dözsün, dursun, aramıza dönsün, ürəyi istəyən kimi həyatına davam eləsin, məzəli söhbətlərini özü danışsın, ya da yazsın.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ