Onlayn ictimai-siyasi qəzet
Sahil Babayev maliyyə naziri təyin edildikdən sonra Azərbaycanın əsas maliyyə qurumu ilk dəfə olaraq 1 milyard manat büdcə vəsaitini yerli banklarda depozit şəklində yerləşdirib. Bu addımın məqsədi büdcə vəsaitlərinin daha səmərəli idarə olunmasıdır.
Maliyyə Nazirliyi bildirir ki, bu qərar təkcə dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsinə deyil, həm də bank sektorunda likvidlik prosesinə dəstək məqsədi daşıyır. Gələcəkdə bu təcrübədən istifadə ediləcəyi gözlənilir. Qeyd edək ki, son vaxtlar banklar likvidliyi azaltmaq məqsədilə əmanətlər üzrə faiz dərəcələrini artırıblar. Hazırda manatla əmanətlər üzrə orta illik dərəcə 12 faizə yaxındır, lakin qısamüddətli əmanətlər üzrə dərəcələr daha aşağıdır. Mart ayının məlumatına görə, üç aylıq müddətin sonunda faizləri ödəmək şərti ilə 90 gün müddətinə əmanət qəbul edən banklarda bu rəqəm 7-8 faiz arasında dəyişir.
Məsələn, “Beynəlxalq Bank” üç aylıq əmanətlər üzrə 8 faiz, “Bank of Baku” analoji əmanətləri 5,5 faiz, “Kapital Bank” və “Unibank” isə 9 faizlə qəbul edir.
Kreditlər üzrə faiz dərəcələrinə gəlincə, bankların onları müştərilərə hansı faizlə verməsi barədə dəqiq məlumat yoxdur, çünki bu, borcalanın ödəmə qabiliyyətindən, gəlirindən, kreditin məqsədindən və digər amillərdən asılıdır. Bununla belə, yerli maliyyə nəşrlərində dərc olunan məlumata görə, banklarda ən aşağı istehlak kreditləri illik 9,5 faizlə təklif edilir.
Belə ki, Maliyyə Nazirliyinin 4 əhəmiyyətli bankda bazara yaxın məzənnə ilə bir milyard manatı üç aylıq əmanət şəklində yerləşdirməsi bu bankların nisbətən aşağı faizlə kredit verməsi üçün ilkin şərait yaradır. Məsələn, 10 faizdən çox olmamalıdır. Bankların adları rəsmən açıqlanmasa da, söhbət Azərbaycanın aparıcı banklarından getdiyini ehtimal etmək olar. Nəzəri cəhətdən, üç aylıq əmanətlərin uzunmüddətli layihələrin maliyyələşdirilməsində istifadə olunacağı ehtimalı az görünür. Qısa vaxt çərçivəsini nəzərə alsaq, çox güman ki, bu vəsaitlər qısamüddətli layihələrə və ya fərdi kommersiya əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək. İstənilən halda kredit faizlərinin həddən artıq yüksək olması ilə bağlı şikayətlər fonunda büdcə vəsaitlərinin ölkənin bəzi banklarında əmanət şəklində yerləşdirilməsi onların azalmasına müəyyən stimul yaradır. Ancaq bunun praktikada işləyəcəyini söyləmək çətindir.
Azər Badamov
İqtisadçı deputat Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, dövlət büdcəsinin cari ilin birinci rübündə icrasında 1,6 milyard manat profisit yaranıb: “Bu profisitin hərəkətsiz saxlanılmaması üçün Maliyyə Nazirliyi tərəfindən qısamüddətli 1 milyard manatın banklarda depozit kimi yerləşdirlməsi düzgün qərardır. Çünki bu, ilk növbədə dayanmış vəsaitin hərəkətə gətirilməsi və əlavə gəlir qazandırmasıdır. Banklarda yerləşmiş depozitlər dövlət büdcəsinə əlavə vəsaitlər gətirəcək və bu da təbii ki, büdcə gəlirlərinin artmasına töhfə verəcək. Digər tərəfdən də banklarda yerləşdirlmiş 1 milyard manat əlavə likvidlik yaradacaq və kredit faizlərinin nizamlanmasına təsir göstərəcəkdir. Bankların əlavə vəsaitlərə malik olması onların fəaliyyət imkanlarını genişləndirir. Bu baxımdan Maliyyə Nazirliyinin müvafiq addımının əhəmiyyətli və düzgün olduğunu hesab edirəm”.
Bununla belə, bəzi ekspertlərə görə, bu addım ilk baxışdan büdcə vəsaitlərinin daha səmərəli idarə olunmasına və bank sektorunun likvidliyinə dəstək məqsədi daşısa da, onun daha geniş və dərin təsirləri, eləcə də potensial riskləri də mövcuddur. Düzdür, dövlətin istifadə olunmayan vəsaitlərini qısa müddətlik depozit kimi yerləşdirməsi büdcəyə əlavə gəlir qazandırmaqla yanaşı, maliyyə nizam-intizamının artırılması istiqamətində müsbət addımdır. Hazırda əmanətlərin orta illik faiz dərəcəsi 12%-ə yaxın olsa da, qısamüddətli - xüsusilə 3 aylıq depozitlər üzrə bu rəqəm 7-9% arasında dəyişir. Bu baxımdan, büdcənin 1 milyard manat vəsaiti üzrə belə faiz gəliri nəzərəçarpacaq bir məbləğ təşkil edə bilər. Bu vəsaitlərin banklara yerləşdirilməsi həmin maliyyə institutlarının likvidliyini artıracaq. Nəticədə banklar daha aşağı faizlə resurs əldə etdiklərindən, bu vəsaitlər hesabına kredit faizlərini də aşağı sala bilərlər. Bu isə hazırda yüksək kredit faizlərindən əziyyət çəkən vətəndaşlar və bizneslər üçün rahatlaşdırıcı amil ola bilər. Teorik olaraq, 7-8%-lə depozit cəlb edən bankın bu resursu maksimum 10%-lə kreditə çevirməsi gözlənilə bilər.
Lakin vəsaitlərin yalnız adı açıqlanmayan “4 aparıcı bank”a yönəldilməsi müəyyən narahatlıqlar doğurur. Əgər bu resurslar şəffaf və bərabər əsaslarla bölüşdürülməzsə, bazarda rəqabət mühiti pozula bilər. Kiçik və orta banklar bu resurslardan kənarda qalar və bazar iştirakçıları arasında bərabər imkanlar prinsipi zədələnə bilər. Bu, həm də iri bankların daha da güclənməsi, digər bankların isə rəqabətə davam gətirə bilməməsi kimi nəticələr doğura bilər.
Odur ki, qərarın icrası zamanı bir neçə əsas riskin nəzərə alınması təkliflər sırasındadır. Likvidlik və vaxt uyğunluğu, yəni 3 aylıq depozitlər uzunmüddətli layihələrin maliyyələşməsi üçün uyğun deyil. Bu vəsaitlər əsasən qısamüddətli kommersiya əməliyyatlarına yönələcək. Eyni zamanda bankların adları, yerləşdirmə şərtləri və faiz dərəcələri cəmiyyət üçün açıq olmalıdır. Əks halda, qərarların arxasında maraqlar toqquşması şübhələri yarana bilər. Hökumət vəsaitlərinin banklara bu formada yönəldilməsi bazar iqtisadiyyatı prinsiplərinə zidd ola bilər, əgər bu proses daimi xarakter alsa.
Bütün bu risklərin qarşısını almaq üçün Mərkəzi Bank və Maliyyə Nazirliyi birgə nəzarət mexanizmi yaratmalı, performans qiymətləndirmələri aparmalı və ictimaiyyətə mütəmadi hesabat verməlidir. Eyni zamanda audit orqanları da prosesə cəlb olunmalıdır.
Qısa müddətdə bu qərardan faydalanan tərəflər əsasən həmin 4 bank və dövlət büdcəsi olacaq. Kredit götürənlər üçün də bu, faizlərin azalması baxımından potensial müsbət siqnaldır. Lakin uzun müddətdə bu praktikanın davamlılığı, şəffaflığı və bazar balansına təsiri çox diqqətlə izlənilməlidir. Əgər bu təcrübə müsbət nəticələr verərsə və bütün banklar üçün açıq, bərabər şərtlərlə tətbiq edilərsə, Azərbaycanın maliyyə sektorunun sabitliyinə və səmərəliliyinə real töhfə verə bilər.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ